AMİP-30

Afsəddin Nəbiyev: “Ermənistanın Konstitusiyasında Azərbaycana və Türkiyəyə qarşı ərazi iddiaları var”

Ermənistan baş naziri Nikol Paşinyanın hökumətin iclasında etdiyi çıxış açıq şəkildə göstərir ki, Ermənistan kompromislərdə maraqlı deyil. Paşinyan utanmadan bəyan edib ki, guya Ermənistan Konstitusiyasında Azərbaycanla saziş imzalamağa mane olan heç bir maddə yoxdur.

Guya Azərbaycan Ermənistanın 31 kəndini işğalda saxlayır: “Azərbaycan sərhədlərin sabitliyinin və təhlükəsizliyinin təmin olunmasında maraqlı deyil. Azərbaycan “Mənə istədiyimi danışıq yolu ilə ver, əks halda onu müharibə yolu ilə götürəcəm” siyasətini davam etdirir. Bundan başqa, Azərbaycan 4 kəndin ərazisindən danışır, eyni zamanda Ermənistanın 31 kəndinin həyati əhəmiyyət daşıyan ərazilərinin Azərbaycanın işğalı altında olduğunu etiraf etməkdən imtina edir. Qoşunların bugünkü mövqelərindən geri çəkilmələri üçün Ermənistan və Azərbaycan sərhədini xəritədə və yerdə əks etdirmək lazımdır. Rəsmi Bakı vəziyyəti elə formalaşdırmağa çalışır ki, Azərbaycan qoşunları Ermənistanın 31 kəndinin ərazisindən geri çəkilməsin”.

Ermənistan Konstitusiyasında ölkənin 1990-cı il Müstəqillik Bəyannaməsinə istinad edilir. Öz növbəsində, bu bəyannamədə Sovet Ermənistanı ilə Azərbaycanın keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin birləşdirilməsinə dair 1989-cu il aktına istinad olunur. Bu boyda fakt ola-ola, Paşinyan deyir ərazi iddiası yoxdur.

Sözügedən məsələni “Bakı-Xəbər”ə şərh edən AMİP-in sədr müavini Afsəddin Nəbiyevin fikrincə, bütün bunlar tamamilə sərsəm fikirlərdir: “Göründüyü kimi, Paşinyan spekulyativ çıxışları ilə sülh müqaviləsinin imzalanması prosesini açıq şəkildə əngəlləyir. Bir neçə gün bundan öncə verdiyi açıqlamasını fevralın 15-də çıxış etdiyi iclasda təkzib edir. Onun qeyri-müəyyən, reallığa əsaslanmayan çıxışları Ermənistanı cəmiyyətini sakitləşdirməyə xidmət edir. Əgər onun dediyi kimi Ermənistan kompromislərdə maraqlı deyilsə, onda Cənubi Qafqazda sülhə əngəl olan riyakarlığı ilə seçilən Avropa dövlətləri, xüsusilə Fransa nəyə görə Ermənistanı “sülh göyərçini cildində” təqdim edir? Ermənistanın konstitusiyasında Azərbaycana və Türkiyəyə qarşı ərazi iddiaları əks olunub. Bunu  görməmək üçün gərək kor olasan. Əgər Ermənistan tərəfi referendum keçirib ərazi iddialarını ləğv etməsə, iki dövlət arasında sülh müqaviləsinin imzalanması mümkün deyil. Bu baş verməzsə, Azərbaycan və Türkiyə dövləti günün birində ermənilərin işğalçılıq niyyətlərinin təkrarlanmayacağına əmin deyil. Ona görə də beynəlxalq hüququn tələblərini Ermənistan hakimiyyəti nəhayət dərk etməli, qanunvericilik aktlarına düzəliş edərək qonşu dövlətlərə ərazi iddialarından birdəfəlik əl çəkməlidir. O ki qaldı Paşınyanın 31 kənd iddiasına, onun bununla bağlı dedikləri cəfəngiyatdan başqa bir şey deyil. O, belə absurd çıxışları ilə vaxt qazanmağı düşünür”.