AMİP-30

Afsəddin Nəbiyev: “Avropalı parlamentariləri düşündürən əsas məsələ sanksiyalar deyil, şəxsi maraqlarıdır”

Ukrayna müharibəsi ilə əlaqədar Avropa İttifaqı Rusiyanın, demək olar, bütün sahələrdə ixracına qarşı sanksiya tətbiq edir. Ancaq tək-tük sahələr var ki, ona qarşı sanksiya tətbiq olunmur.

Məsələn, Rusiyadan brilyant, almaz idxalına sanksiya tətbiq olunmasına Avropa Parlamentində tam şəkildə mane olurlar. Ona görə ki, Brüsseldə yaşayan erməni əsilli Kaspar Karapetyan almaz biznesinin başında dayanır. O üzdən, erməni lobbisi AP deputatlarını rüşvətlə ələ alaraq Rusiyadan alınan brilyant və almaza sanksiya tətbiq olunmasına mane olur və bugünə qədər də ona nail olublar. Həmçinin, Ermənistandan da Aİ-yə brilyant ixrac olunur. Beləliklə qara brilyant ixracı və onun cilalanması üzərində Avropada qurulan biznes AP nümayəndələrinin, ermənipərəst deputatların maliyyələşdirilməsinin əsas mənbəyinə çevrilir. Bunların da başında duran K.Karapetyandır. 

Bütün bunların fonunda, AP nədən Rusiyadan Avropaya brilyant və almazın idxalına sanksiya tətbiq etmir? Nəyə görə Rusiyadan neft-qaz idxalına qadağa qoyulub, amma brilyanta qadağa qoyulmur?

Sözügedən məsələni “Bakı-Xəbər”ə şərh edən AMİP-in sədr müavini Afsəddin Nəbiyev hesab edir ki, bütün bunlar erməni lobbisi tərəfindən Avroparlamet deputatlarının satın alınmasının göstəricisidir: “Göründüyü kimi, Avropa İttifaqının anti-Azərbaycan təbliğatının kökündə məhz belə xoşagəlməz amillər dayanır. Avropa parlamentarilərinin maliyyə fırıldaqlarında yer almaları Avropa və dünya mətbuatının əsas gündəmidir. Avropa Parlamentinin keçmiş vitse-prezidenti Eva Kayli məhz Kaspar Karapetyanın pul tələsinə düşən şəxslərdən biridir. Brüsseldə yaşayan erməni əsilli K.Karapetyan korrupsioner avropalı deputatlara dəstək verməklə böyük biznes maraqlarını təmin edir. Məsələ bununla yekunlaşmır. Aİ Azərbaycana qarşı qərəz nümayiş etdirməklə bütün bu eybəcərlikləri unutdurmağa daha həvəslidir. Azərbaycan əleyhinə yönələn bir çox deputatlar Karapetyan kimi maliyyə fırıldaqlarında adı hallanan halqanı təmsil edirlər. Karapetyan təfəkküründə olan biznesmenlər biznes maraqlarını nəzərə alaraq Aİ-nın Rusiyaya qarşı 13-cü sanksiya paketinə almaz biznesinin daxil edilməməsinə çalışır. Bütün bunlar onu göstərir ki, avropalı parlamentirələri düşündürən əsas məsələ sanksiyalar deyil, şəxsi maraqlarıdır. Şəxsi maraqlar olan yerdə isə dünyəvi məsələlər arxa plana keçir. İstər Avropada, istərsə də Amerikada və digər ölkələrdə erməni lobbisi hər zaman bu iyrənc metodlardan istifadə edir. Bunu bu gün də etməkdədirlər. Qısa zaman kəsiyində varlanmağı özlərinin missiyası hesab edən Qərb siyasətçiləri, deputatları bilməlidirlər ki, bu iyrənc “üsullar” bəşəriyyətə, insanlığa qarşı xəyanətə bərabər qiymətləndirilir”.