AMİP-30

Partiyalar parlament seçkilərinə HAZIRLAŞIR? – SORĞU 

Prezident seçkilərinin ardınca bu ilin payızında Azərbaycanda parlament seçkilərinin keçirilməsi gözlənilir. Bu fonda parlamentdə təmsil olunmağı hədəfləyən siyasi partiyaların artıq lazımi tədbirlərə start verməsi zəruri görünür.  

Görəsən, partiyaların bu yöndə hazırlıqları hansı səviyyədədir? 

Mövzu ilə bağlı Bizim.Media-ya açıqlamasında Ümid partiyasının mərkəzi aparatının rəhbəri Taleh Əliyev hesab edir ki, təmsil etdiyi təşkilatın seçki strategiyası haqqında indilikdə geniş açıqlama vermək hələlik tezdir: 

“Ölkə qanunvericisinə görə növbəti parlament seçkiləri vaxtında keçirilərsə, proses 2025-ci ilin fevralın 9-da, yaxud həmin ilin noyabrın 3-nə deyil, məhz 2024-cü ilin noyabrın 3-də keçirilməlidir. Son zamanlar bu istiqamətdə müxtəlif fikirlər səslənir. Ümid Partiyası olaraq partiya strukturlarının seçkilərə hazırlığı istiqamətində xeyli müddətdir iş aparırıq. Seçki prosesilə bağlı ölkədə başqa gözləntilər də var. Referendum keçirilməsi söhbəti də mövcuddur. 

Deputat sayının artırılması, proporsional seçki sisteminin bərpası, yerli idarəetmə orqanı olaraq icra hakimiyyətlərinin ləğvi, bələdiyyələrin səlahiyyətlərinin genişləndirilməsi məsələləri də gündəmdədir. Bu səbəbdən istər parlament, istərsə də ilin sonuna gözlənilən bələdiyyə seçkilərilə bağlı partiyamızın seçki strategiyası haqqında hələlik geniş açıqlama verməyi doğru hesab etmirik. 

Lakin bununla belə istər partiyanın seçki platformalarının hazırlanması, əsas tezislərinin müəyyənləşdirilməsi, istərsə də parlament və bələdiyyə seçkilərinə namizədlərimizin ilkin siyahısının müəyyənləşdirilməsi istiqamətində ciddi hazırlıq işləri gedir”. 

ReAL artıq seçki qərargahını yaradıb

ReAL partiyasının icra katibi Natiq Cəfərli isə bildirir ki, təmsil olunduğu siyasi təşkilat parlament seçkilərinə hazırlıqla bağlı yanvarın əvvəlindən seçki qərargahı təsis edən ilk partiyadır: 

“Partiyanın Siyasi Komitəsinin üzvü Rəsul Cəfərov seçki qərargahının rəhbəridir. Burada müxtəlif məsələlərin həlli üçün artıq planlar qurulur, fəaliyyət istiqamətləri müəyyənləşir. Bir sözlə, seçkiyə indidən hazırlığımızı görürük”.

BAP çoxsaylı namizədlərlə seçkiyə qatılacaq

Böyük Azərbaycan Partiyası Elşad Musayev isə iddia edir ki, qarşıdan gələn parlament seçkilərinə çoxsaylı namizdələrlə qatılacaqlar:

“Qarşıda bələdiyyə və parlament seçkiləri gözlənilir. Parlament seçkilərinin payızda, yaxud da gələn ilin fevralında olacağı da söylənilir. Ona görə də hazırlaşırıq. Seçki dairələrini müəyyənləşdirir, namizədlərimizlə danışıqlar aparırıq. Bu parlament seçkilərinə çalışacağıq ki, çoxsaylı namizədlərlə qatılaq”.  

AMİP də seçki qərargahı yaradır…

AMİP sədri Arzuxan Əlizadə qeyd edir ki, seçki qərargahının yaradılması barədə qərar veriblər:

“AMİP-də seçkilərə hazırlıq mütəmadi olaraq həyata keçirilir. Ötən həftə partiyanın Siyasi Şurasının iclası oldu və burada seçki qərargahının yaradılması barədə qərar verildi. Qərargahın tərkibi də artıq müəyyənləşib. Üzümüzə gələn həftənin istirahət günləri isə partiyanın Ali Məclisinin çağırılması gözlənilir. Yuxarıda qeyd etdiyim məsələlər Ali Məclisin iclasında təsdiqlənəcək. Partiya tam gücü ilə seçkilərə köklənib”.