AMİP-30
Afsəddin Qinyaz oğlu Nəbiyev

Afsəddin Nəbiyev: “Rusiya hazırda iki cəbhədə vuruşmaq istəmədiyi üçün Ermənistanla bağlı sərt addımlar atmağa tələsmir”

Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bildirib ki, Rusiya KTMT ilə bağlı narahatlıqları aradan qaldırmaq üçün Ermənistana məsləhətləşmələr təklif edib.

O bunu Ermənistanın KTMT-yə üzvlüyünün “dondurulması” ilə bağlı sualı cavablandırarkən deyib.

“Əvvəllər biz erməni müttəfiqlərini əsaslı şəkildə müzakirə etmək və narahatlıqlarını aradan qaldırmağa çalışmaq üçün idarələrarası məsləhətləşmələr keçirməyə dəvət etmişdik. Hələlik cavab yoxdur, bəlkə də görünəcək”, – Zaxarova qeyd edib.

Kreml daha əvvəl qeyd edib ki, Ermənistanın KTMT üzvlüyünü “dondurması” ilə bağlı bəyanatı ilə bağlı Rusiyada aydınlıq yoxdur.

Burada diqqəti çəkən məqam odur ki, Ermənistan Rusiyadan addım-addım uzaqlaşır, amma Moskva hələ də nə etdiyini bilmir. Sanki Rusiyanın Ermənistanla bağlı indiki şəraitdə aydın bir strategiyası yoxdur. Ermənistan tərəfinin Rusiyadan uzaqlaşmaqda qərarlı olduğu görünür. Artıq İrəvandakı “Zvartnots” hava limanından rus sərhədçilərinin çıxarılması qətiləşdirilir. Zaxarova isə KTMT ilə bağlı narahatlıqları aradan qaldırmaq üçün qarşılıqlı məsləhətləşmələrdən dəm vurur. Ermənistan bir-bir Rusiya ilə əlaqələri kəsir, bunlar hələ də real bir çıxış yolu tapa bilmirlər. Bütün bunların fonunda belə qənaətə gəlmək olarmı ki, hazırkı şəraitdə Rusiya Ermənistanla münasibətlərdə aydın strategiyaya malik deyil?

Sözügedən məsələni “Bakı-Xəbər”ə şərh edən AMİP-in sədr müavini Afsəddin Nəbiyevin fikrincə, Rusiya Ermənistan məsələsində aşırı dərəcədə təmkinli davranır: “Gərginləşən münasibətlər fonunda, son vaxtlar Rusiya Xarici İşlər Nazirliyinin nümayəndəsi Mariya Zaxarova Ermənistanla təmasların davam edildiyinə işarə vurur. Münasibətlərin dərin qatlarında nələrin baş verdiyini üzə çıxarmaq elə də asan məsələ deyil. Məlumdur ki, Ermənistan hakimiyyətinin Rusiya ilə münasibətləri hazırda gərginlik fonunda davam edir. Təbii ki, Rusiya Ermənistanı rahatlıqla Qərbin “cənginə” təslim etməyəcək. Bu, hər birimizə görünən tərəfidir. Ermənistan iqtisadiyyatının Rusiyadan asılılığı inkarolunmaz dərəcədə böyükdür. Buna görə Ermənistan Rusiyadan asanlıqla qopa bilməyəcək. İndiki situasiyada Paşinyanın manevr imkanları daha “cəlbedicidir”. Çünki Rusiya-Ukrayna müharibəsi fonunda fikirlərimi ifadə etsəm, bir cümlə ilə belə demək mümkündür; “Rusiyanın Ukrayna ilə müharibəsi, sadəcə Ermənistanın siyasi manevr imkanların artırıb”. Məhz bu amilə görə Paşinyan özünü Qərbə daha yaxın göstərməyə çalışır. Paşinyanın KTMT boykotunun əsas niyyəti aydındır. O, özünü Qərbə göstərir ki, baxın biz bu təşkilatdan aralanırıq, müəyyən məsələlərdə Rusiya ilə müttəfiq deyilik. Nikol bu siyasəti ilə əslində Qərbdən əlavə dəstək almaq məqsədi güdür. Bu mərhələdə Rusiya Ermənistanla bağlı hələlik sərt siyasət yeritmir. Çünki Rusiyanın eyni vaxtda  ayrı-ayrı bölgələrdə bir neçə cəbhə açmaq istəyində olmaması birbaşa Ukrayna müharibəsi ilə bağlıdır. Kənardan baxdıqda belə görsənir və düşünmək olar ki, Rusiyanın Ermənistanla bağlı aydın strategiyası yoxdur. Fikrimcə, vəziyyət bir qədər fərqlidir. Rusiya indiki situasiyada iki cəbhədə vuruşmaq istəmədiyi üçün Ermənistanla bağlı sərt addımlar atmağa tələsmir. Qarşıdakı aylarda yeni düzəndə daha üstün mövqeyə sahib olan dövlətlər Ermənistanı, hər zaman olduğu kimi, özünün müvəqqəti “alətinə” çevirəcək”.