AMİP-30
a

Azərbaycan Milli İstiqlal Partiyası

Arzuxan Əlizadə: “Xarici dairələr hərbi-siyasi müstəvidə Azərbaycana təzyiq etmək istəyirlər”

Xəbər verildiyi kimi, aprelin 5-də Ermənistanın baş naziri Nikol Paşinyan, Avropa Komissiyasının sədri Ursula Fon der Lyayen və ABŞ Dövlət katibi Entoni Blinken Brüsseldəki üçtərəfli konfrasda bir araya gələcəklər. 

Bu tədbirdə ölkələr arasında Ermənistan üçün təhlükəsizlik zəmanətinə dair sənədin imzalanması planlaşdırılır. Təbii ki, sözügedən paktın imzalanması, adından da göründüyü kimi, anti-Azərbaycan xarakteri daşıyır. Yəni bu, məğlub Ermənistanda revanşizmə dəstək vermək deməkdir. O baxımdan bu platforma Azərbaycana qarşı fitnəkar və bölgədə sülhə qarşı çevrilmiş qeyri-xoş niyyətli görüşdür. 

Bu, Azərbaycana qarşı növbəti təzyiq niyyətidir. Məsələ ondadır ki, 2020-ci ildə 44 günlük Vətən müharibəsi və 19-20 sentyabrda həyata keçirilən antiterror əməliyyatları zamanı Azərbaycanın öz ərazi bütövlüyünü təmin etməsi Qərbdə müəyyən qüvvələrin xoşuna gəlmir. İkinci Qarabağ müharibəsindən sonra Qərb Qarabağda “Kosovo variantı” hazırlayırdı. Məhz  buna görə də son 3 il ərzində  onlar tərəfindən “Humanitar fəlakət” bəhanəsi ilə Azərbaycana qarşı təzyiq kampaniyası aparıldı. Necə ki, Kosovonu Serbiya daxilində böyük təzyiqlərə məruz qalan bölgə, “Humanitar fəlakət” zonası kimi dəyərləndirirdilər və sonda 2008-ci ildə orada “müstəqillik referendumu” keçirdilər, bənzər ssenarini Qarabağda da həyata keçirməyə cəhd etdilər. Yəni Qarabağda da bir “Kosovo variantı” həyata keçirmək istəyirdilər. Qarabağı “Humanitar fəlakət” zonası kimi təqdim edirdilər və orada ermənilərin hansısa statusda Azərbaycan tərkibində saxlanılmasını, ondan sonra onu Kosovo kimi “müstəqil dövlətə” çevirmək istəyirdilər. Ancaq onların bu planı alınmadı. Azərbaycan Xankəndi və bütün Qarabağda öz suverenliyini təmin etdi. Etnik ermənilər də öz xoşu ilə bölgəni tərk etdilər. Ölkəmizə yönəlik bu planlar baş tutmadığı üçün indi bax bu cür formada hərbi üsullarla Azərbaycana təzyiqə başlayıblar. O üzdən, üçtərəfli 5 aprel görüşünün özü Azərbaycana hərbi, diplomatik və siyasi müstəvidə yeni bir təzyiq vasitəsidir. Məhz “Kosovo variantı” alınmayandan sonra belə bir vasitəyə əl atıblar. 

Sözügedən məsələ ilə bağlı fikirlərini “Bakı-Xəbər”lə bölüşən AMİP sədri Arzuxan Əlizadə hesab edir ki, Ermənistanı himayə edən dövlətlərdən istənilən məkrli plan gözləmək olar: “Bəli, Qarabağda “Kosovo variantı”nın həyata keçirilməsi ilə bağlı məkrli planlar var. Bunu əsasən erməniləri himayə edən dairələr ötən ilin sentyabrında həyata keçirilən antiterror əməliyyatlarından sonra gündəmə gətirdilər. Ancaq onların bu planı alınmadı. Bunun da bir neçə səbəbi var. Başlıca səbəb odur ki, Azərbaycan Serbiya qədər zəif durumda deyildi. Serbiyanın birmənalı olaraq Rusiyanın yanında yer alması nəticə etibari ilə 1999-cu ildə bu ölkənin NATO tərəfindən bombalanması ilə nəticələndi. Bombardımanlar 3 ay davam etdi. Qərb Serbiyanı cəzalandırmaqdan ötrü beynəlxalq hüququ taptalayaraq Kosovonu oradan qopardı. Nəticədə Kosovoya beynəlxalq qüvvələr yeridildi. Bu, sonda ona gətirib çıxardı ki, Kosovo 2008-ci ilin fevralında referendum keçirərək müstəqilliyini elan etdi. Azərbaycan daxil əksər dövlətlər Kosovonu tanımayıb. Rusiya məhz Kosovo presedentindən çıxış edərək 2008-ci ilin avqustunda Cənubi Osetyadakı separatçıların müdafiəsinə qalxdı və Gürcüstanla 5 gün müharibə apardı. Daha sonra Abxaziya və Cənubi Osetiya separatçıların “müstəqilliyini” tanıdı. Qarabağla bağlı “Kosovo variantı” alınmadı. Birincisi, Azərbaycan Serbiyadan fərqli olaraq güclü dövlətdir. İkincisi, rəsmi Bakı uzun illərdir balanslaşdırılmış müstəqil siyasət yeridir. Üçüncüsü, Azərbaycanın Türkiyə kimi güclü müttəfiqi var. Ona görə də bütün bunların baş tutmadığını görən xarici dairələr hərbi-siyasi müstəvidə Azərbaycana təzyiq etmək istəyirlər. 5 aprel görüşü bunun təzahürüdür. Öz aləmlərində hesab edirlər ki, Ermənistanın silahlandırılması Qarabağda guya “Kosovo variantı”nı həyata keçirmək üçün zəmin yaradacaq. Ancaq heç bir hərbi dəstək erməni separatizmini dirçəldə bilməyəcək”.