AMİP-30
AMİP sədri Arzuxan Əlizadə

Arzuxan Əlizadə: “Biz artıq rayon təşkilatlarına seçkiyə hazırlıqla bağlı müvafiq tapşırıqlar da vermişik”

Son günlər ölkə mətbuatında və ictimaiyyətdə növbədənkənar parlament seçkilərinin yaxın aylarda keçiriləcəyi ilə bağlı müzakirə gedir. Bu ilin noyabrında Azərbaycanın BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) ev sahibliyi edəcəyini nəzərə alsaq, parlament seçkilərinin may-iyunda baş tutması istisna edilmir.

Ölkəmizdə sonuncu növbədənkənar parlament seçkiləri 9 fevral 2020-ci ildə baş tutub.

Konstitusiyanın 84-cü maddəsinin ikinci bəndinə əsasən Azərbaycanda Milli Məclisin hər çağırışının seçkiləri beş ildən bir noyabrın birinci bazar günü keçirilir. Növbəti parlament seçkiləri 2024-cü il noyabr ayının 3-də keçirilməlidir. Bu, konstitusiyanın tələbidir. Prosedura görə, parlamentin buraxılması ilə bağlı Milli Məclisdə iclas keçiriləcək və bundan sonra Prezident növbədənkənar seçkinin vaxtını təyin edəcək.

Majoritar seçki sistemi ilə keçirilən seçkilərdə Milli Məclisin 125 deputatının seçilməsi nəzərdə tutulur. 

Hələlik bu barədə rəsmi açıqlama verilməyib, amma bəzi siyasi partiyalar növbədənkənar parlament seçkiləri ilə bağlı hazırlıqlar görür. 

İddia olunur ki, Yeni Azərbaycan Partiyasının namizədlərinin müəyyənləşdirilməsi üçün hətta iş başlayıb, 125 seçki dairəsi üzrə hakim partiyanın namizədlərinin ilkin siyahısı bu yaxınlarda elan ediləcək.

YAP-ın irəli sürəcəyi namizədlərin seçimində partiyanın İdarə Heyətindən daha çox hakim komandada yüksək vəzifə tutan 3-4 şəxsin təqdimatını verdiyi şəxslər əsas götürüləcək.

Məlumatda həmçinin o da xüsusi vurğulanır ki, irəli sürülən namizədlərin seçilməsi üçün yeri icra hakimiyyəti orqanlarına hansısa saxtakarlıqlara getmək qadağan ediləcək.

“Ali siyasi rəhbərliyin mövqeyi budur ki, YAP-ın namizədləri seçkini özü qazanmalıdır”, – deyə mənbə vurğulayıb.

Hakim partiya funksionerlərindən olan Elman Nəsirov bugünlərdə mediaya açıqlamasında deyib ki,  YAP hər zaman seçkilərə hazırdır:  “Özünə hörmət edən normal partiya hər an seçkiyə hazırdır. Heydər Əliyevin təbirincə desək, Yeni Azərbaycan Partiyası dünənin, bu günün və sabahın partiyası kimi hər zaman seçkilərə hazır vəziyyətdədir”. 

Müxalifət partiyaları da növbədənkənar parlament seçkilərinin keçiriləcəyi düşüncəsindədir. Bəs hazırlıqlara başlayıblarmı?

AMİP sədri Arzuxan Əlizadə “Yeni Müsavat”a bildirdi ki, fevralın 7-də növbədənkənar Prezident seçkisi keçirildikdən dərhal sonra bu il növbədənkənar parlament seçkilərinin də keçiriləcəyi ilə bağlı məsələ müzakirə olunmağa başlayıb. Bununla bağlı müxtəlif versiyalar irəli sürülür. Amma mütləq qanunvericiliyə diqqət yetirmək lazımdır: “Azərbaycan Konstitusiyasına görə növbəti parlament seçkiləri bu il noyabrın 3-də keçirilməlidir. Sadəcə olaraq, noyabrın 11-də ölkəmizdə COP29 kimi böyük beynəlxalq tədbir keçirilməsi nəzərdə tutulduğu üçün seçkinin bir qədər də ertələnəcəyi və ya gələn ilin fevralında keçiriləcəyi ilə bağlı da versiyalar irəli sürülür. Birmənalı olaraq əgər seçkilər qabağa çəkiləcəksə, o zaman parlament növbəti dəfə özünü buraxmalı və növbədənkənar parlament seçkiləri elan olunmalıdır. Bu ehtimal kifayət qədər yüksəkdir. Amma eyni zamanda onu da diqqətə çatdırmaq istəyirəm ki, cəmiyyətdə həmçinin parlament seçkilərindən öncə referendumun keçiriləcəyi ilə bağlı da məsələ müzakirə mövzusudur. Bununla bağlı bizim də təklimiz ondan ibarətdir ki, parlament seçkilərindən əvvəl referendumun keçirilməsi daha məqsədə müvafiqdir. Parlament seçkilərinin majoritar və proporsional sistemlə keçirilməsi, eləcə də Milli Məclis üzvlərinin say tərkibinin artırılması vacibdir. Amma istənilən halda, növbədənkənar parlament seçkilərinin keçirilə biləcəyi ehtimalını da yüksək qiymətləndiririk və bununla bağlı da AMİP olaraq biz qərarımızı vermişik. Hələ fevralın 23-də Milli İstiqlal Partiyasının Siyasi Şurası rayon təşkilatlarının sədrlərinin iştirakı ilə genişləndirilmiş iclas keçirib və seçkiyə hazırlıqla bağlı qərarını verib. Biz artıq rayon təşkilatlarına seçkiyə hazırlıqla bağlı müvafiq tapşırıqlar da vermişik. Bu ilin sonunda bələdiyyə seçkiləri də keçiriləcək və buna görə də hər iki seçkiyə hazırlıq işlərinə başlanıb”.

Partiya sədri qeyd etdi ki, aprel ayının sonlarına doğru partiyanın Ali Məclisinin çağırılması da qərara alınıb. Gündəlikdə sırf seçkilərə hazırlıq məsələsinin olacağı nəzərdə tutulub: “Bununla bağlı mərkəzi qərargahda intensiv iş gedir. Mütəmadi olaraq tapşırıqların icra vəziyyəti yoxlanılır. Böyük ehtimalla aprelin 21-də keçiriləcək Ali Məclisin iclasında seçki məsələsi müzakirə mövzusu olacaq. İstənilən halda mən də o qənaətdəyəm ki, partiyalar seçkilərə hər zaman hazır olmalıdır. Azərbaycan reallığında növbədənkənar seçkilərin keçirilməsi ehtimalı həmişə yüksək olduğu üçün seçkilərə hazırlıq partiyaların bir nömrəli vəzifəsi olmalıdır”.