Arzuxan Əlizadə: “Vətən müharibəsi bir sıra gözləntiləri darmadağın etdiyi üçün Fransa bu qədər qəzəblidir”
Azərbaycan Ermənistanın ərazi bütövlüyünü təhdid edir və sərhəddə gərginliyi artırır.
Bunu Fransanın Avropa və xarici işlər naziri Stefan Sejourne ABŞ dövlət katibi Entoni Blinken ilə aprelin 2 də Parisdə birgə mətbuat konfransı zamanı deyib.
“Biz bu gün Azərbaycanın təhdid etdiyi Ermənistanın ərazi bütövlüyü məsələsinə toxunduq. Azərbaycanın ritorikası nəzarətdən çıxır və vəziyyətin gərginləşməsində Ermənistanı günahlandırmaq məqsədi güdür. Bundan başqa, biz Bakıdan gələn çoxsaylı saxta xəbərləri görürük. Bakı bu gərginlikdə İrəvanı günahlandırır, baxmayaraq ki, Ermənistan bunu istəmir və bundan yayınmağa çalışır. Biz onu da görürük ki, Bakının təbliğatı daha çox Rusiyanın Ukraynaya qarşı təbliğatı ilə üst-üstə düşür. Biz bütün bunları Bakıda keçiriləcək COP29 konfransı ərəfəsində diqqət mərkəzində saxlamağa razılaşdıq”, – deyə Fransanın xarici işlər naziri bildirib.
Göründüyü kimi, fransız nazir Azərbaycanı Ermənistanın ərazi bütövlüyünü mübahisələndirməkdə ittiham edir və böhtan xarakterli fikirlər səsləndirir.
Sözügedən məsələni “Bakı-Xəbər”ə şərh edən AMİP sədri Arzuxan Əlizadənin fikrincə, bu, Fransanın Azərbaycana yönəlik növbəti həyasız gedişidir: “Prinsipcə, Fransa xarici işlər nazirinin ölkəmizə qarşı səsləndirdiyi böhtan xarakterli fikirlər bizim üçün təəccüblü deyil. Paris onsuz da hər zaman ermənipərəst mövqedən çıxış edib. 44 günlük Vətən müharibəsinə qədər Fransa ona görə belə açıq mövqe sərgiləmirdi ki, ərazilərimiz işğal altında idi. Fransa hesab edirdi ki, atəşkəs nə qədər çox uzansa, bu, bir o qədər Ermənistanın xeyrinə işləyəcək. Nəticədə Azərbaycan guya günlərin bir günü işğalla barışacaq və Qarabağ Ermənistanın olacaq. Vətən müharibəsi bütün bu gözləntiləri darmadağın etdiyi üçün Fransa bu qədər qəzəblidir. Yaranan yeni reallıqları heç cür qəbul etmək istəmir. Çünki Vətən müharibəsi həm də Fransanın əsl simasını ortaya qoydu. Halbuki, o vaxta qədər Paris bu və ya digər formada bunu maskalamağa çalışırdı. Təəssüf doğuran məqam odur ki, xarici işlər naziri Stefan Sejournenin səsləndirdiyi böhtan xarakterli fikirlərə ABŞ dövlət katibi Entoni Blinken də ortaq olur. Bununla Azərbaycan barədə saxta təcavüzkar, kompromislərə meylli olmayan dövlət imici formalaşdırmaq istəyirlər. Azərbaycan niyə Ermənistanın ərazi bütövlüyünü təhdid etsin ki? Azərbaycan öz əsas məqsədinə nail olub. Qarabağ və ətraf rayonlar uzun vasilədən sonra işğaldan tam azad edilib. Nəticədə regionda tamamilə yeni reallıqlar yaranıb. Bu gün Azərbaycan işğaldan azad edilən yaşayış məntəqələrini bərpa edir. Beynəlxalq miqyaslı yeni nəqliyyat və enerji layihələrini həyata keçirir. Böyük beynəlxalq tədbirlərə ev sahibliyi edir. Belə olan halda Azərbaycan yeni konfrontasiyaya niyə getsin ki? O baxımdan Fransa rəsmisinin səsləndirdiyi fikirlər sadəcə iftira və böhtandır. Deyilənlərin reallıqla heç bir əlaqəsi yoxdur və məqsədyönlü şəkildə ortaya atılan qaralama kampaniyasıdır”.