Afsəddin Nəbiyev: “Aİ və ABŞ belə bir addım atmaqla prosesi baltalayır”
Məlum olduğu kimi, Qərb Cənubi Qafqazda hərbi-siyasi situasiyanı son həddə qədər gərginləşdirir. Regional sülh prosesini dəstəklədiklərini vaxtaşırı bəyan etsələr də, reallıq odur ki, Fransa, ABŞ, bəzi Avropa İttifaqı təsisatları Ermənistanı himayə etmək siyasəti yürüdür. Bu da Ermənistanı ümumən bütün məsələlərdə destruktiv mövqe sərgiləməyə həvəsləndirir.
Nəzərə alsaq ki, Azərbaycanla hələ sülh sazişi imzalanmayıb, sülh danışıqları prosesi olduqca çətin və böyük fasilələrlə gedir, baş tutanda da heç bir praktik nəticə vermir. Eyni zamanda, sərhədlər delimitasiya olunmayıb, hələ konstitusiyasını dəyişməyib, bizim o mübahisəsiz sərhəd kəndlərini qaytarmayıb, delimitasiya danışıqlarında həvəsli deyil. Belə şəraitdə Ermənistanın Aİ, Fransa, ABŞ, Kanada və digər ölkələr tərəfindən himayə olunması İrəvanın sülh prosesinə münasibətinə necə təsir edir və edəcək?
Sözügedən məsələni “Bakı-Xəbər”ə şərh edən AMİP-in sədr müavini Afsəddin Nəbiyevin fikrincə, bu cür himayədarlıq Emənistanın mövqeyini aqressivləşdirəcək: “Görünən odur ki, Belçikada təşkil olunan “üçlü” görüşdə Nikol Paşinyana sülhü baltalamaq qarşılığında nələrsə vəd edilib. Vəd edilib ki, perspektivdə Ermənistan Aİ-yə üzv olacaq. Heç şübhəsiz ki, İrəvan bu himayədarlıqdan sui-istifadə edib danışıqlarda daha aqressiv mövqe tutacaq. Bu isə prosesin uzanmasına səbəb olacaq. Qərbə inteqrasiya və Rusiya təsir dairəsindən çıxmaq üçün erməni tərəfi buna sidq-ürəkdən razılıq verib. Eyni zamanda Aİ-nin tələbi ilə müşahidə missiyasının fəaliyyətini genişləndirmək üçün erməni dövlətinin tam sürətlə hərəkətə keçdiyi də gün kimi aydındır. Hadisələrin gedişatı göstərir ki, İrəvanla Bakı arasında sülh danışıqlarını məhz ermənipərəst Amerika və Avropa İttifaqı baltalayır. Bu dövlətlərə Cənubi Qafqazda sülh və sabitlik yox, müşahidəçi missiyası adı altında Rusiya, İranla bağlı kəşfiyyat materialları toplamaq daha uyğundur. Eyni zamanda Aİ oyuncaq Ermənistan dövlətini siyasi bir alət olaraq istifadə etməklə Cənubi Qafqazda yeni münaqişə ocağını yaratmaq niyyəti də ortadadır. Onların bu iyrənc siyasətinin episentrində yaxın vaxtlarda Ermənistanda hərbi-siyasi müttəfiqliyinin genişlənəcəyini görmək təəccüblü sayılmayacaq. Bu “müttəfiqliyin” gələcəkdə real olacağı inandırıcı görünmür. Çünki Rusiya Ermənistanı Aİ-yə asanlıqla güzəştə getməyəcək. Baxmayaraq ki, bu anlamda Paşinyan “üçlu-dörd”lü oyunlara daha çox üstünlük verir. Amma istər Aİ-nin siyasi dairələrinin, istərsə də rəsmi İrəvanın unutduğu çox ciddi məqam var. Bu, Azərbaycan hökumətinin xarici siyasəti və atdığı addımlardır. Uzun illər Bakı və İrəvana “turist səfərləri” edən ATƏT-in Minsk Qrupu tarixin arxivinə atıldığı kimi, Aİ müşahidə missiyasının da suyu süzülə-süzülə geri, tarixin arxivinə atılacağı gün elə də uzaqda deyil. Yaxşı olar ki, Ermənistan Aİ-nın Ermənistanı alət olaraq istifadə etdiyini anlayıb, Azərbaycanın sülh təkliflərini qeyd-şərtsiz qəbul etsinlər. Anklav və eksklavda olan kəndlərimizi qeyd-şərtsiz geri qaytarsınlar. Zəngəzur dəhlizini açsınlar, Ermənistan konstitusiyasını dəyişib ərazi iddialarından əl çəksinlər. Belə olacağı halda nə Aİ, nə də üçüncü, dördüncü tərəflərə ehtiyac olmayacaq və sülh təmin olunacaq. Bundan ən çox qazanan Ermənistan ola bilər. Təbii ki, bunu anlasalar”.