AMİP-30
AMİP sədri Arzuxan Əlizadə

Rus ordusu yola salındı: Monitorinq Mərkəzi ilə bağlı nə qərar veriləcək? – AÇIQLAMA

2020-ci ilin 9 noyabrında əldə olunan üçtərəfli razılaşma ilə Qarabağa gələn Rusiya sülhməramlıları müqaviləyə görə 2025-ci ilə qədər bölgədə qalmalı idi.

Həmin dövrün şərtlərinə uyğun olaraq imzalanan müqaviləyə görə, paralel olaraq Rusiya və Türkiyə hərbçilərindən ibarət birgə Monitorinq Mərkəzi də yaradıldı. Amma sonradan bölgədə vəziyyət tamamilə dəyişdi. Azərbaycan ötən ilin 20-21 sentyabr tarixlərində antiterror əməliyyatı keçirərək separatçıları Qarabağdan tamamilə çıxartdı və nəzarəti tam ələ aldı. Bundan sonra Rusiya sülhməramlılarının bölgədə qalmasına heç bir səbəb qalmadı. 

Amma müqaviləyə uyğun olaraq sülhməramlılar 2025-ci ilin 9 noyabrına qədər bölgədə qalmalı, Azərbaycan və Ermənistanın heç bir etirazı olmadığı halda müddət daha 5 il uzadılmalı idi. 

Rusiya sülhməramlıların Qarabağda olması ictimaiyyət tərəfindən birmənalı qarşılanmırdı. Artıq bu məsələ də tamamilə həll olundu və sülhməramlıların Qarabağdan çıxması rəsmi olaraq təsdiqləndi. Bu ilin sentyabr ayına qədər Rusiya sülhməramlılarının ölkəmizi tamamilə tərk etməsi Rusiya və Azərbaycan tərəfindən razılaşdırılıb. Ötən gün sülhməramlıların bir hissəsinin artıq bölgəni tərk etməsi ilə bağlı görüntülər yayılıb. 

Xatırladaq ki, Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyev “Azərtac”-a Azərbaycan və Rusiya liderləri sülhməramlıların Qarabağdan vaxtından əvvəl çıxarılması ilə bağlı qərar qəbul etdiyini deyib. “Artıq proses başlanıb, Azərbaycan və Rusiya Müdafiə nazirlikləri həmin qərarın icrası ilə bağlı müvafiq tədbirləri həyata keçirirlər”,-deyə H.Hacıyev bildirib. 

Rusiya Prezidentinin sözçüsü Dmitri Peskov da TASS-a açıqlamasında bu məlumatı təsdiqləyib. Yuxarıda da qeyd olunduğu kimi, Rusiya sülhməramlılarının bölgəyə gəlişi ilə bərabər Rusiya-Türkiyə Birgə Monitorinq Mərkəzi də fəaliyyəti başlamışdı. 

Sühməramlılar getdikdən sonra bu mərkəzin taleyi necə olacaq? Rusiya-Türkiyə Birgə Monitorinq Mərkəzi də fəaliyyətini dayandıracaqmı?

Azərbaycan Milli İstiqlal Partiyasının (AMİP) sədri Arzuxan Əlizadə mövzu ilə bağlı “Cebhe.info”-ya açıqlamasında deyib ki, Rusiya-Türkiyə Birgə Monitorinq Mərkəzinin də fəaliyyətinə artıq ehtiyac yoxdur:

“Məlumdur ki, artıq Rusiya hərbi kontingenti artıq Azərbaycanı tərk edir. Amma razılaşma əsasında verilən məlumatlar bundan ibarətdir ki, sentyabrda bu proses başa çatacaq.

Eyni zamanda, bilirik ki, bölgədə Rusiya-Türkiyə Birgə Monitorinq Mərkəzi də fəaliyyət göstərirdi. Bu qurum Azərbaycan və Ermənistanın şərti sərhədində və bütövlükdə regionda olan hadisələrin monitorinqini keçirirdi. Məsələ ondadır ki, bu mərkəzin məlumatları ictimailəşdirilmirdi. Biz də dəfələrlə bununla bağlı suallarımızı ünvanlamışdıq ki, Rusiya-Türkiyə Birgə Monitorinq Mərkəzinin məlumatları niyə açıqlanmır? Çünki digər mənbələr bölgədə baş verənlərlə bağlı mövqelərini bildirirdilər.

Ermənistan sərhədində olan missiya da ara-sıra proseslərlə münasibət bildirir, amma Rusiya-Türkiyə Birgə Monitorinq Mərkəzi görünür, yalnız daxili istifadə üçün məlumat toplayırdı. İndi Rusiya hərbi kontingenti bölgəni tərk edirsə, artıq Rusiya-Türkiyə Birgə Monitorinq Mərkəzinin də fəaliyyətinə ehtiyac yoxdur.

Ən geci sentyabra, Rusiya hərbi kontingentinin bölgəni tərketmə prosesi başa çatana qədər Birgə Monitorinq Mərkəzi də bağlanmalıdır. Hesab edirəm ki, artıq onların da fəaliyyətinə ehtiyac yoxdur”. 

Xatırladaq ki, Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzinin açılışı 2021-ci ilin 30 yanvarında baş tutub. İşğaldan azad edilmiş Ağdam rayonu ərazisində inşa edilmiş Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzinin açılış mərasimində Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov, Rusiya Federasiyası müdafiə nazirinin müavini general-polkovnik Aleksandr Fomin və Türkiyənin milli müdafiə nazirinin müavini Yunus Emre Karaosmanoğlu iştirak ediblər.