AMİP-30
AMİP sədri Arzuxan Əlizadə

Erməni lobbi təşkilatları öz düşmən mövqelərindən çəkilməyiblər – Şərh

“Azərbaycan məmurlarına qarşı sanksiya tətbiqini özündə ehtiva edən qanun layihəsinin Konqresə təqdim olunması xoşagəlməz hadisədir. Qanun layihəsinin kim tərəfindən təqdim olunması faktına və siyahıda kimlərin adının olmasına xüsusi diqqət yetirmək lazımdır”. 

Bu fikirləri Musavat.com-a Azərbaycan Milli İstiqlal Partiyasının (AMİP) sədri Arzuxan Əlizadə deyib:

“Məlumdur ki, qanun layihəsi ABŞ Konqresində erməni lobbisinin əsas fiqurlarından biri olan Dina Titus tərəfindən təqdim olunub. Qanun layihəsinin hazırlanması və təqdim olunmasında ABŞ-də mövcud olan erməni milli konqresinin xüsusi rolu olub. Onu da diqqətə almaq lazımdır k, qanun layihəsindəki siyahıda adları çəkilən şəxslər Azərbaycan torpaqlarının işğaldan azad edilməsində, Azərbaycana qarşı terrorçuluq və separatçılıq fəaliyyətinin qarşısının alınmasında, erməni terrorçularının cinayət məsuliyyətinə cəlb edilməsi, məhkəmə qarşısına çıxarılaraq  cəzalandırılması prosesində iştirak ediblər, xüsusi xidmət göstəriblər.  Ermənilər bu şəxsləri siyahıya daxil etməklə öz nifrətlərini və düşmən mövqelərini növbəti dəfə sərgiləmiş oldular. Bu qanun layihəsi, əslində, ABŞ-də yaşayan ermənilər və bütövlükdə erməni ictimaiyyətinə dəstək kimi qəbul edilməlidir. Hesab edirəm ki, bu qanun layihəsi nə Nümayəndələr Palatası, nə də Senatdan keçə bilər. Qanunun qəbulu sual altındadır, çünki bu tip qanun layihəsinin qəbulu, Azərbaycanlı məmurlara sanksiyaların tətbiq olunması Azərbaycan – ABŞ münasibətlərinə çox ciddi zərər vura bilər. Bu, ABŞ-ın Azərbaycandakı, o cümlədən regiondakı nüfuzuna çox böyük zərbə vura bilər. Təbii ki, rəsmilər bunun fərqindədirlər və bu cür addımın atılmasına yol verməzlər. Hər halda buna ümid edirik”.

A.Əlizadə xatırladıb ki, 1992-ci ildə Azərbaycan torpaqları işğala məruz qalanda ABŞ tərəfindən “Azadlığa dəstək aktına 907-ci düzəliş kimi ədalətsiz və bədnam qanun qəbul edilmişdi:

“Növbəti dəfə belə bir səhvin təkrar olunacağını güman etmirəm. Xüsusilə indi, ABŞ rəsmilərinin Azərbaycan dövləti ilə münasibətlərin yaxşılaşmasında, əməkdaşlığın ən yüksək səviyyədə davam etməsində maraqlı olduqlarını ifadə etdikləri dövrdə Azərbaycana yönəlik belə bir qərəzli qanun layihəsinin ABŞ Konqresindən keçəcəyini güman etmirəm. İstənilən halda bu bir daha onu göstərir ki, düşmən yatmayıb. İstər ABŞ, istərsə də Fransa və digər ölkələrdəki erməni lobbi təşkilatları öz düşmən mövqelərindən çəkilməyiblər. Ermənistanda da ciddi dəstəkçilər var. Onlara dəstək verildikcə, havadarlıq edildikcə Azərbaycana qarşı revanşist fikirlərdən və addımlardan geri çəkilməyəcəklər. Bu da bizi ayıq-sayıq olmağa və bu cür hücumların qarşını almaq üçün preventiv tədbirlər görməyə sövq etməkdədir. Azərbaycan ictimaiyyəti də dövləti də bu faktı diqqətə almalı, heç bir halda unutqan olmamalıyiq. Nəzərə almalıyıq ki, regionda sülhün və sabitliyin bərqərar olması və qorunub saxlanması üçün Azərbaycanın üzərinə böyük məsuliyyət düşür. Biz regionun əsas aparıcı qüvvəsi olaraq bu məsuliyyəti daşımalı və heç zaman düşmənin ata biləcəyi addımlardan sığortalanmadığımızı diqqətdə saxlamalıyıq”.