Arxa planda başqa güclər var
Erməni kilsəsi hadisələrin görünən tərəfidir
Erməni müxalifəti keşiş Baqratın arxasında gizlənib, onu qabağa verir və keşişi baş nazir etmək təşəbbüsü göstərirlər
Bütün hallarda etiraz aksiyaları ilə Paşinyanı devirmək, hakimiyyətdən uzaqlaşdırmaq mümkün olmayacaq
Ermənistanın “Vətən uğrunda Tavuş” hərəkatının minlərlə tərəfdarı hökumətə etiraz etmək üçün mitinqə başlayıb. İrəvanın mərkəzindəki Respublika Meydanına toplaşan etirazçılar hökumətə qarşı sərt fikirlər səsləndiriblər. Xatırladaq ki, Ermənistan Apostol Kilsəsinin keşişi Baqrat Qalstanyan Baş nazir Nikol Paşinyanın istefasını tələb edib. Keşişin tələbi cavabsız qaldıqda, Qalstanyan tərəfdarlarını aksiyalara səsləyib. Nəticədə paytaxt İrəvan və bütün Ermənistan ərazisində dinc itaətsizlik aksiyaları başlayıb. Etirazçılar Araratdan İrəvana gedən yolu bağlayıblar. İrəvan Dövlət Universitetinin tələbələri də Baqratın aksiyasına qoşulub. Ermənistanda revanşist aksiyalara başçılıq edən keşiş Baqrat Baş nazir Nikol Paşinyana qarşı impiçment prosesi başladacağını da bildirib və bununla bağlı artıq “Ermənistan” fraksiyasının (Robert Koçaryan) ofisində görüş keçirib. Ermənistan qanunlarına görə, impiçment prosesinin başlaması üçün qərar layihəsi təqdim etməyə 36 deputatın imzası lazımdır. 36 deputatın imzası ilə layihə təqdim edilərsə, 48 saat sonra baş nazirə etimad göstərilməməsi məsələsi parlamentin növbəti iclaslarında müzakirə edilir. Bu müddətlərdə müntəzəm iclaslar keçirilməsə, parlamentin növbədənkənar iclası çağırılır. Qərar səs çoxluğu ilə, yəni minimum 54 səslə qəbul oluna bilər. Ermənistan parlamentində Nikol Paşinyanın – Mülki Müqavilə Partiyasının 71 deputatı var. Robert Koçaryanın “Ermənistan” bloku 29, Serj Sarkisyanın “Şərəfim var” bloku isə 6 deputat yerinə sahibdir, 1 deputat “Şərəfim var” blokundan istefa verib və müstəqil fəaliyyət göstərir. Beləliklə, hazırda müxalifətin 35 deputatı qalır. Qərar layihəsinin nəinki qəbul edilməsi, hətta təqdim edilməsi üçün lazım olan 36 səsdən 1-i çatmır.
Ermənistanın keçmiş xarici işlər naziri Vardan Oskanyan deyib ki, Nikol Paşinyanın istefasını tələb edən hərəkatın baş nazirliyə namizədi Baqrat Qalstanyan olmalıdır. Oskanyanın sözlərinə görə, Nikol Paşinyana etimadsızlıq prosesinə başlamaq üçün artıq parlamentin siyasi qüvvələri ilə məsləhətləşmələr apardığını elan edən Baqrat Qalstanyan düzgün yoldadır: “Konstitusiya da bu qüvvələrin baş nazirliyə namizədlərini təqdim etmələrini tələb edir. Hazırda hesab edirəm ki, baş nazir postuna namizəd Baqrat Qalstanyan olmalıdır”. Oskanyan hər kəsi Baqratın əsgəri olmağa çağırıb. Qeyd edək ki, Ermənistanda xalq müxalifət liderlərinə inanmır və onlara etimad çox aşağı səviyyədədir. Buna görə də erməni müxalifəti keşiş Baqratın arxasında gizlənib, onu qabağa verir və keşişi baş nazir etmək təşəbbüsü göstərirlər.
Azərbaycan Milli İstiqlal Partiyasının sədri Arzuxan Əlizadə “Sherg.az”a açıqlamasında deyib ki, Ermənistandakı etiraz aksiyalarının, mitinqlərin arxasında bölgədə stabilliyin, sülhün olmasını istəməyən qüvvələr dayanır. Partiya rəhbərinin sözlərinə görə, erməni kilsəsi hadisələrin görünən tərəfidir, arxa planda başqa güclər də var:
“Əlbəttə, şimal qonşumuz burada istisna edilməməlidir. Rusiya reallıqda Cənubi Qafqazda sülh və sabitliyin olmasında, əsasən də prosesin ondan kənarda getməsində maraqlı deyil. Kremlin əsas hədəfi bölgədə öz maraqlarını təmin etmək, nüfuzunu, təsir imkanlarını qoruyub saxlamaqdır. İstənilən halda görünən odur ki, etiraz aksiyaları ilə Nikol Paşinyanı devirmək, hakimiyyətdən uzaqlaşdırmaq mümkün olmayacaq. Parlamentdə baş nazirə qarşı impiçment məsələsinin gündəmə gəlməsi də göstərir ki, etirazçı dairələr küçələrdən lazımi dəstəyi ala bilməyiblər. Paşinyana etirazlar kütləvi olmadığına görə, hüquqi prosedurlara baş vururlar. Müxalifətin parlamentdə gücü yoxdur və ona görə müstəqil deputat İşxan Zaxaryanı öz tərəflərinə çəkmək istəyirlər. Əgər onu razı bilsələr, o halda 36 deputat sayını əldə edərək layihəni parlamentdə təqdim edə bilərlər. Ancaq prosedura başlasalar belə nəticə əldə etmələri qeyri-mümkündür, çünki parlamentdə çoxluq hakimiyyət partiyasındadır. Müxalifət arasında da yekdil fikir yoxdur. Koçaryanların, sarkisyanların və kilsənin eyni məxrəcə gəlməsi sual altındadır. Hətta hüquqi proseduru başlatmağa nail olsalar belə Paşinyanın partiyasını təmsil edən 71 deputatından 18-ni öz tərəflərinə çəkməlidirlər. Bu da qeyri-mümkündür, çünki Paşinyanın deputatları ciddi surətdə baş naziri müdafiə edəcəklərini açıqlayıblar”.
A.Əlizadənin qənaətincə, bir versiya da odur ki, etiraz aksiyalarının qarşısının alınmamasında, müəyyən qədər meydan verilməsində Paşinyan maraqlıdır: “Baş nazirin də öz maraqları var. Paşinyan özünə qarşı etirazçı kütlənin olduğunu, təzyiqlər altında çalışdığını göstərərək Azərbaycanla danışıqlarda əlini gücləndirmək istəyir. Etiraz aksiyalarından öz məqsədləri üçün istifadə etməyi hədəfləyir. Məhz o səbəbdən Paşinyan hökuməti etirazları “beşikdəcə boğmadı” və davam etməsinə şərait yaratdı. Paşinyan fərqindədir ki, Qazaxın 4 kəndindən sonra Bakının digər ciddi tələbləri də gündəmdədir və qısa zamanda yerinə yetirilməlidir”.