Parlament seçkilərinə hazırlıq başlayır
Konstitusiyamızın tələbinə görə, parlament seçkiləri bu il noyabr ayının əvvəlində olmalıdır. Bu fikirləri Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov bildirib. Onun sözlərinə görə, hər yerdə səsləndirilir ki, seçki, ola bilsin, noyabrda baş tutsun. Lakin COP29 tədbirinə görə, seçkilər önə də çəkilə bilər. “Ona görə vaxtımız çox azdır və işimiz çoxdur. İndidən maarifləndirmə işlərinə başlamalıyıq. Hesab edirəm, bununla bağlı zəmin var. Maksimum çalışmalıyıq ki, dairələrdə hər hansı problem olmasın”, – o deyib.
Qeyd edək ki, ölkəmizdə parlament seçkiləri 5 ildən bir, noyabr ayının ilk bazar günündə keçirilir. Bu ardıcıllığa müvafiq olaraq, altıncı çağırış Milli Məclisə seçkilər 2020-ci il noyabrın 1-də keçirilməli idi. Müasir çağırışlar nəzərə alınaraq, 2019-cu il dekabrın 5-də Milli Məclis buraxıldı və 2020-ci il fevralın 9-na növbədənkənar parlament seçkisi təyin edildi. Növbəti parlament seçkilərinin 2024-cü ilin noyabr ayında keçirilməsi nəzərdə tutulub.
Azərbaycan Milli İstiqlal Partiyasının (AMİP) sədri Arzuxan Əlizadə hafta.az-a bildirib ki, Azərbaycan Konstitusiyasında növbədənkənar parlament seçkiləri ilə bağlı müddəalar var.
“Hazırkı parlament 2020-ci ilin fevralın 9-da keçirilən növbədənkənar seçkilərlə formalaşıb və artıq 5-ci ilə keçib. Konstitusiyanın müddəasına görə, bu il noyabrın ilk bazar günündə, yəni noyabrın 3-də parlament seçkiləri keçirilə bilər. Bu da imperativ qayda deyil. Konstitusiyanın digər müddəasında parlamentin səlahiyyət müddətinin 5 il olduğu göstərilir. Məlum 5-ci il isə növbəti il fevralın 9-da tamam olacaq”.
Partiya sədri hesab edir ki, hər iki tarixlə bağlı problem var. Bələdiyyə seçkiləri dekabrda keçiriləcək və parlament seçkilərinin noyabrda keçirilməsi hər iki seçki ilə bağlı kampaniyaları üst-üstə düşürə bilər. Eyni zamanda qeyd edib ki, parlament seçkiləri fevralda keçirilsə belə parlament seçkiləri 2 ay əvvəldən elan olunmalıdır. Yəni təbliğat dövrü seçkilərin üst-üstə düşməsi səbəbindən də problem yarana bilər.
A.Əlizadə bu mənada siyasi cameədə parlament seçkilərinin irəli çəkiləcəyi və yay aylarında keçiriləcəyinin gündəmə gətirildiyini deyib. Ona görə də hesab edir ki, parlament növbəti dəfə özünü buraxmalıdır. Bundan sonra 2 aydan sonra seçkilər keçirilə bilər.
A.Əlizadə parlament seçkilərindən sonra bir sıra islahatların həyata keçirilməsi üçün referendumun keçirilməsi təklifi üzərində dayanıb. Onun fikrincə, referendumla proporsional seçki sistemini bərpa edib qarışıq seçki sisteminə keçmək mümkündür.
A.Əlizadə, eləcə də parlamentin say tərkibinin artırılması, idarəetmə ilə bağlı bələdiyələrə əlavə səlahiyyətlərin verilməsinin referenduma çıxarılmasını mümkün sayıb. “Referanduma parlament seçkilərinin nə vaxt keçiriləcəyi ilə bağlı müddəa da əlavə edilə bilər və qanunvericilikdə olan boşluqlar aradan qaldırılar. Seçkilərin keçirilməsi konstitusiya ilə deyil, seçki məcəlləsi ilə tənzimlənsə daha düzgün olar və gələcəkdə belə problemlər yaşanmaz. Eləcə də proporsional seçki sistemi bərpa olunmalıdır və partiyaların parlamentdə təmsilçiliyi artırılmalıdır. Siyasi partiyaların ölkənin siyasi gündəminə təsir imkanları genişləndirilməlidir”.
Partiya sədri hesab edir ki, bitərəflər deputatlar məsələsinə bir qədər fərqli yanaşma olmalıdır. “Parlamentdə heç bir partiyanı təmsil etməyən deputatlar, namizədlər var. Həmin deputatların qanunvericiliyə müvafiq seçki komissiyalarının formalaşmasında iştirakı var. Seçki komissiyaları 3 tərkibdən ibarət olur: parlamentdə çoxluq təşkil edən siyasi partiyaların təmsilçiliyi, parlamentdə azlıqda olan partiyaların təmsilçiliyi və bitərəflərin məntəqə, dairə və MSK-a təqdim etdiyi nümayəndələr”.
A.Əlizadə bildirib ki, yalnız özünü təmsil edən bitərəf deputatın ölkə üzrə 5 mindən artıq məntəqəyə, 125 dairəyə, MSK-ya komissiya üzvləri vermək imkanları real deyil. Onun fikrincə, siyasi təşkilatların belə imkanları olsa da, bu daha çox əhatəsi, rayon təşkilatları olan partiyalara aiddir.