Britaniya da nüvə xəbərdarlığı ETDİ – Bəşəriyyət böyük savaşa SÜRÜKLƏNİR…
“Dünya son 60 ildə nüvə eskalasiyasına heç vaxt olmadığı qədər yaxındır”.
Bu barədə Böyük Britaniyanın Baş naziri Rişi Sunak bildirib.
O deyib ki, Rusiya Prezidenti Vladimir Putinin ehtiyatsız davranışı bizi Karib böhranından sonra heç vaxt olmadığı qədər təhlükəli nüvə eskalasiyasına yaxınlaşdırıb. Hökumət başçısının sözlərinə görə, qarşıdakı beş il Krallıq üçün ən təhlükəli dövrlərdən biri ola bilər.
Sunakın bu sayaq açıqlaması artıq Londonun da nüvə təhdidlərinə qoşulduğuna işarədir. Belə vəziyyətin yaranması isə nüvə təhdididin real olması ehtimalını istər-istəməz artırır.
Mövzu ilə bağlı Bizim.Media-ya açıqlamasında AMİP sədri Arzuxan Əlizadə bildirir ki, münaqişə ocaqlarının sönmək əvəzinə, getdikcə daha geniş arenada yayılması fonunda nüvə silahına əl atılması ehtimalı istər-istəməz artır:
“Son dövrlər eskalasiya artır. Təkcə Ukraynada deyil, dünyanın digər məkanlarında da müharibə gedir. Yaxın Şərqdə də vəziyyət gərgindir. İsrail HƏMAS çəkişməsi bitmək bilmir. Münaqişə ocaqlarının getdikcə daha da alovlanması fonunda hər hansı bir məqamda bəşəriyyət üçün fəlakətli nəticələrə səbəb olacaq nüvə silahından istifadənin də şahidi ola bilərik.
Təəssüf ki, dünya ölkələri hazırkı gərgin vəziyyətdə bir-birini nüvə təhdidilə hədələməyə başlayıblar. Xüsusilə Rusiya Ukrayna müharibəsi fonunda Moskva rəsmiləri bir neçə dəfə nüvə silahından istifadə edə biləcəkləri mesajını veriblər. Onlar nüvə silahını hansı gərginlik fonunda işlədə biləcəklərini açıq şəkildə bəyan edirlər.
Bu barədə Rusiya Prezidenti Putin özü də sətiraltı mesajlar verib. Son dönəmlər İranın da nüvə silahı əldə etmək ərəfəsində olduğu barədə də fikirlər səslənir.
Nüvə silahının hansı ağır fəsadlara səbəb olduğunu İkinci Dünya Müharibəsinin sonuna doğru ABŞ-ın Yaponiyanın Xirosima və Naqasaki şəhərlərinə atdığı atom bombasının törətdiyi dəhşətli fəlakətdən bilirik. Nüvə silahı ilə digər dövlətləri təhdid etmək və ondan istifadə edəcəklərilə bağlı hər hansı bir açıqlamaların verilməsi konkret olaraq bəşəriyyətə qarşı cinayətdir. Onun qarşısını almaq üçün addımlar atılsa da, təəssüf ki, bir sıra nüvə dövlətləri rəsmilərinin bu istiqamətdə təhdidlərinə rast gəlməkdə davam edirik”.