Əli İnsanovun deputat seçkilərində iştirak “əmması”
Parlamentdə olmayan partiyalar seçkini gözləyirlər; seçkilərdə kimlərə “yaşıl işıq” yandırıla bilər?
Parlament seçkilərinin vaxtı ilə bağlı hələ son qərar yoxdur. Amma buna rəğmən bir neçə partiya seçkilərlə bağlı prosesə hazırlıq aparır. Azərbaycanda sonuncu parlament seçkiləri növbədənkənar seçki formasında 9 fevral 2020-ci ildə baş tutub.
Konstitusiyanın 84-cü maddəsinin ikinci bəndində qeyd edilir ki, Milli Məclisin hər çağırışının seçkiləri beş ildən bir noyabr ayının birinci bazar günü keçirilir. Qanunvericiliyə əsasən, bu ilin noyabrında parlament seçkiləri olmalıdır.
Növbəti parlament seçkilərində bir çox partiya liderlərinə seçilmə şansı yaradılacaq. Bu barədə partiya sədrlərindən biri Mia.az-a məlumat verib. Onun sözlərinə görə, əvvəlki seçkilərdən fərqli olaraq bu dəfə başda Müsavat Partiyası olmaqla, bir çox partiya sədrlərini parlamentdə görmək mümkün olacaq: “Əlbəttə, hazırda Milli Məclisdə olan partiya sədrlərindən biri istisna olmaqla, qalanlarına yenə əvvəlki kimi şərait yaradılacaq. Bununla yanaşı, Müsavat lideri kimi İsa Qəmbərdən tutmuş, Pənah Hüseynə qədər çoxuna mandat alma fürsəti veriləcək”.
Mənbə Haqq Ədalət Partiyasının sədri Əli İnsanova İsa Qəmbər kimi şans tanınıb-tanınmayacağı haqda suala indidən cavab verməyin çətin olduğunu da deyib: “Bilirsiniz ki, İnsanov çox iddialıdır. O səbəbdən indidən onun haqda nəsə demək çətindir, ancaq mümkündür…”
“Partiyamızın Siyasi Komitəsi yaxın vaxtda təsdiqləsə, bu ilin parlament seçkisində Bakının 22 saylı Nəsimi-Yasamal dairəsindən namizədliyim irəli sürüləcək”. Bunu isə REAL sədri İlqar Məmmədov bildirib. İlqar Məmmədovun sözlərinə görə, adıçəkilən dairə keçirdiyi üç raund onlayn rəy sorğusu əsasında 6 ən çox məsləhət bilinən dairələr içinə düşüb: “Sonra ərazilər üzrə partiyamızın resursları, həmin dairələrin başqa namizədlərimizə uyğunluğu, eləcə də baş ofisimizə yaxın-uzaq olması nəzərə alındı. Məsafə önəmlidir: rəhbər kimi təkcə öz dairəmə deyil, bütövlükdə partiyanın kampaniyasına cavabdehəm”.
Partiya sədri əlavə edib ki, son qərar, hər halda, REAL Siyasi Komitəsinin olacaq: “Qərarımı təsdiqləsə, 22 saylı Nəsimi-Yasamal dairəsində dəstəyiniz uğrunda yarışacam”.
Konstruktiv müxalifət partiyaları arasında isə Milli Məclisə düşmək uğrunda ciddi rəqabət var. Hakimiyyət bu dəfə onların bir neçəsinə “yaşıl işıq” yandırması mümkün hesab edilir. Bu sırada sonuncu prezident seçkisində iştirak edən Böyük Azərbaycan Partiyasının sədri Elşad Musayevin, ləğv edilmiş Liberal Demokrat Partiyasının sabiq sədri Fuad Əliyevin, Azərbaycan Xalq Partiyasının sədri Pənah Hüseynin, AG Partiyanın sədri Tural Abbaslının adlarını çəkmək olar.
Konstitusiyada “ağır cinayətlərə görə məhkum olunmuş şəxslər”in seçkilərdə namizəd olmasına qoyulan qadağa sabiq səhiyyə naziri, Haqq Ədalət Partiyasının sədri Əli İnsanovun parlament seçkilərində iştirakına əngəl ola bilərmi?
AMİP sədri, hüquqşünas Arzuxan Əlizadə “Yeni Müsavat”a bildirib ki, konstitusiyadakı həmin müddəaya əsasən Əli İnsanovun parlament seçkilərində namizəd olaraq iştirakı mümkün deyil: “Neçə ki həmin müddəa aradan qaldırılmayıb, Əli İnsanovun seçkidə namizəd olaraq iştirak edəcəyi istisna olunur. Yalnız o halda iştirak edə bilər ki, bəraət qazansın, məhkumluğu üzərindən tam olaraq götürülsün. Əks halda, hazırkı konstitusiyaya müvafiq olaraq onun parlament seçkilərində namizəd olmasına məhdudiyyət var”.
Arzuxan Əlizadə parlament seçkilərində sədri olduğu partiyanın mütləq iştirak etməyi və parlament partiyası statusuna sahiblənməyi hədəflədiyini bildirdi: “Seçkilərin sentyabr ayına qədər keçiriləcəyi iddiası da var. Yəqin ki, yaxın zamanlarda bununla bağlı bir rəsmi qərar da veriləcək. Şübhəsiz ki, növbəti parlament seçkilərində ölkədə fəaliyyət göstərən siyasi partiyaların mütləq əksəriyyəti iştirak edəcək. Bütün partiyalar demək olar ki, parlamentdə təmsilçiliyə iddialıdır. O cümlədən Milli İstiqlal Partiyası olaraq biz də növbəti parlament seçkilərində tam gücü ilə iştirak etməyi hədəfləyirik. Parlament partiyası olaraq gələcək fəaliyyətimizin daha məhsuldar ola biləcəyini hesab edirik. Eyni zamanda nəzərə almalıyıq ki, AMİP ölkədə ən geniş beynəlxalq əlaqələrə malik siyasi təşkilatdır. Təmsil olunduğumuz beynəlxalq platformalarda parlament partiyası olaraq iştirakımızın Azərbaycan həqiqətlərinin dünyaya, beynəlxalq ictimaiyyətə çatdırılmasında əhəmiyyətli rol oynayacağı fikrindəyik. Bu baxımdan da təbii ki, növbəti etapda parlament partiyası olaraq fəaliyyət göstərməyi qarşımıza məqsəd qoymuşuq. Güman edirəm və əminəm ki, bu hədəfimizə çatmağımızda problem olmayacaq”.
Müsavat Partiyası İcra Aparatının rəhbəri Gülağa Aslanlı isə “Sherg.az”a bildirib ki, Müsavat Partiyası həmişə seçkilərdə iştirak etməyə üstünlük verib: “Çünki Müsavat Partiyasının nizamnaməsində və proqramında yalnız seçkilər vasitəsilə hakimiyyətə gəlmək məsələsi durur. Bizim başqa yolla hakimiyyətə gəlməklə bağlı istəyimiz yoxdur. Ona görə də seçkilərdə iştirak etmək niyyətindəyik. Amma seçkilərə qatılmaqda çətinlik çəkirik. Çünki Azərbaycanda seçki mühiti, seçkilər zamanı vacib olan şərtlərə əməl etmək, seçki komissiyalarında müxalifətin nümayəndələrinin iştirakına şərait yaratmaq yoxdur. Gürcüstanda, Ermənistanda və qardaş Türkiyədə olan proporsional seçki sistemi Azərbaycanda mövcud deyil. Bütün bunlara baxmayaraq, Müsavat Partiyası həmişə seçkilərdə iştirak etmək arzusundadır. Biz hər dəfə inanırıq ki, hakimiyyət siyasi iradəsini ortaya qoyaraq seçki komissiyalarından ədalətli seçki keçirməyi tələb edəcək. Eyni zamanda seçkini saxtalaşdıran hər kəs qanuna uyğun cəzalandırılacaq. Əgər bunlar olarsa, şəffaf şəkildə seçkilər keçirmək mümkündür. Biz yenə də seçkilərdə iştirak etməyi düşünürük. Müsavat Partiyası olaraq xüsusi bəyanatla hakimiyyətdən seçki ilə bağlı elementar şərtləri yerinə yetirməyi istəyəcəyik. Azad rəqabət şəraitində seçkilərə getməyə hazırıq”.