AMİP-30

“Siyasi baxış dəyişə bilər, amma…” – Siyasilər Qubad İbadoğlunun qərarını şərh etdilər

Bir neçə gün öncə Azərbaycan Demokratiya və Rifah Partiyası (ADR) fəaliyyətini dayandırdı. Bildirilib ki, “Siyasi partiyalar haqqında” Azərbaycan Respublikasının Qanunun 4.7-ci maddəsinin tələblərinə uyğun olaraq ADR İdarə Heyəti üzvləri qeydiyyata alınmayıb. Buna görə də partiya fəaliyyətinə qeyri-müəyyən müddətə qədər fasilə verib. Bəzi ekspertlərə görə, müxalif partiya sayılan ADR gələcəkdə fəaliyyətində siyasi mövqe dəyişikliyi edə bilər.

Mövzu ilə bağlı Böyük Azərbaycan Partiyasının sədri Elşad Musayev Bakıvaxtı.az-a açıqlamasında bildirib ki, partiyanın qərarını geniş şərh etməyə ehtiyac yoxdur.

Onun sözlərinə görə, ADR Partiyasının gələcək fəaliyyətləri barədə məlumat yoxdur:

“”Siyasi partiyalar haqqında” yeni qanun qəbul olunanda xeyli müzakirələrə səbəb olmuşdu. Bu qanunda bizi qane etməyən müddəalar var idi və bununla bağlı tələblərimizi irəli sürmüşdük. Daha sonra xeyli ciddi dəyişikliklər oldu. Yeni qanundan sonra təxminən 31 partiya özünü buraxdı. Bir neçə gün isə ADR Partiyası fəaliyyətini məhdudlaşdırdı. Bütün hallarda siyasi təşkilat rəhbəri öz üzərinə götürdüyü missiyanı sona qədər davam etdirməyə çalışmalıdır. ADR ilə mütəffiqliyimiz yoxdur”.

Azərbaycan Milli İstiqlal Partiyasının sədri Arzuxan Əlizadə saytımıza açıqlamasında vurğulayıb ki, partiya gələcəkdə hansısa formada bərpa olunarsa, bütün hallarda fəaliyyəti mövcud qanunvericiliyə uyğun olaraq tənzimlənməlidir.

“Əvvəlki “Siyasi partiyalar haqqında” qanunda qeydiyyatdan keçən və qeydiyyatdan keçməyən partiyalarla bağlı bölgüdə qeyri-müəyyənlik var idi. Yəni qeydiyyatdan keçməyən partiyanın da fəaliyyət göstərmək imkanları mövcud idi. Lakin qüvvədə olan mövcud “Siyasi partiyalar haqqında” qanuna müvafiq olaraq, rəsmi dövlət qeydiyyatından keçməyən siyasi partiyaların partiya adı altında fəaliyyət göstərməsi qadağandır. Bu baxımdan ADR Partiyasının da qeydiyyatdan keçmədiyi nəzərə alınmalıdır”.

A.Əlizadə deyib ki, ümumilikdə qeydiyyatdan asılı olmayaraq, partiyanın fəaliyyəti strukturlarının və yerli rayon təşkilatlarının mövcudluğu çərçivəsində mümkündür:

“ADR Partiyası bir partiya kimi formalaşmamışdı. Partiyanın gələcəkdə hansısa fəaliyyət istiqamətini seçməsi partiya üzvlərinin daxili işi olacaq. Hazırda isə reallıq budur ki, partiya özünü buraxmaq barədə qərar verib”.

AĞ Partiyanın başqanı Tural Abbaslı isə bu məsələ ilə maraqlanmadığını deyib:

“Azərbaycan Demokratiya və Rifah Partiyasının üzvlərinin media ilə kifayət qədər əlaqəsi var. Partiyanın atdığı addımda məqsədlərinin nədən ibarət olması və fəaliyyətləri ilə bağlı qərar bizi maraqlandırmır. Əslində heç maraqlı da deyil. Biz öz partiyamızın fəaliyyəti ilə məşğuluq. ADR ilə əməkdaşlığımız olmayıb. Ona görə bu partiyanın fəaliyyəti bizim üçün maraqlı məsələ deyil”.

Politoloq Arzuman Abdulkərimov öz növbəsində açıqlamasında ADR Partiyasının tələblərə cavab vermədiyini vurğulayıb:

“”Siyasi partiyalar haqqında” qanuna sonuncu dəyişiklikdən sonra siyasi partiyaların qeydiyyatı üçün tələb olunan üzvlərinin say limiti var. Bu say 5000 nəfərdən yuxarı olmalıdır. Siyasi partiyaların sonuncu qeydiyyat zamanında Qubad İbadoğlunun elan etdiyi ADR Partiyası da iddialılar siyahısında idi. Lakin partiya bir neçə yüz adamı öz ətrafında toplayaraq sənədlərini Ədliyyə Nazirliyinə təqdim edə bilmədi. Mövcud qanuna görə, qeydiyyatdan keçməmiş partiya fəaliyyət göstərə bilməz. Məlumdur ki, Qubad İbadoğlu ölkəmizdən daha çox, xarici ölkədə universitetdə dərs keçir. Əslində siyasi fəaliyyətlə məşğul olan şəxs öz ölkəsində daha çox olmalı və partiyasının rəhbərləri ilə hər gün təmasda olmalıdır. Siyasi fəaliyyətlə məşğul olan şəxs qərarlarında sabitlik nümayiş etdirməlidir. Siyasətdə siyasi baxış dəyişə bilər, amma əqidə dəyişməməlidir”.

Qeyd edək ki, iqtisadçı Qubad İbadoğlunun sədrlik etdiyi partiya 2015-ci ildən fəaliyyət göstərmiş Azərbaycan Demokratiya və Rifah Hərəkatının bazasında yaradılmışdı.