Konstruktiv əməkdaşlıq, sağlam siyasi dialoq
Siyasi partiyalar arasında müzakirələr həmrəylik mühitini təşviq edir
Ölkəmizdə aparılan davamlı islahatlar iqtisadi-sosial, hərbi, eyni zamanda, siyasi-ictimai mühitdə mühüm irəliləyişlərə yol açıb. Xüsusilə, 2019-cu ildən etibarən start götürmüş siyasi islahatlar ölkədə yeni siyasi konfiqurasiyanın əsasını qoyub – bu, həm də yeni siyasi münasibətlər sistemi yaradıb. Ənənəyə çevrilmiş iqtidar-müxalifət görüşləri milli və qlobal çağırışların həllində mühüm ştrix kimi çıxış edir. Bu, həm də yeni siyasi konfiqurasiyanın uğurla təmin edilməsi, siyasi ialoq mühitinin gücləndirilməsi isə ölkədə siyasi birliyin daha da güclənməsinə yol açır. Təsadüfi deyil ki, hələ 2019-cu ildə yaradılan Prezident Administrasiyasının Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsinin uğurlu fəaliyyəti partiyalararası əlaqələrin güclənməsində əsaslı rol oynayıb. 2020-ci il Vətən müharibəsi dövründə, 2023-cü ildə antiterror tədbirləri zamanı Azərbaycanın siyasi palitrasının dövlətçilik və milli maraqlar çərçivəsindən çıxış etməsi isə bu birliyin, həmrəyliyin əyani təzahürünə çevrildi.
Bu xoş və əsaslı ənənə hazırda daha da sıx şəkildə davam etdirilir – artıq siyasi mühitin yeni standartlara, yeni çağırışlara uyğun inkişafı üçün əsaslı zəmin formalaşıb. Qəbul edilmiş yeni qanun siyasi partiyaların fəaliyyətində əsaslı dönüş və inkişaf yaradıb. Siyasi dialoqun uğurla inkişaf etdirilməsi isə bu mənada xüsusi əhəmiyyət daşqıyır – mayın 16-da siyasi partiyalarla dövlət orqanları arasında konstruktiv əməkdaşlığın qurulması və inkişaf etdirilməsi məqsədilə Prezident Administrasiyası tərəfindən Milli Məclis Aparatının, Mərkəzi Seçki Komissiyasının, Hesablama Palatasının, Ədliyyə və Maliyyə nazirliklərinin, habelə 25 siyasi partiyanın nümayəndələrinin iştirakı ilə keiəçrilən görüş yeni siyasi münasibətlər sisteminin inkişafına əsaslı töhfə sayıla bilər.
Xatırladaq ki, Prezident Administrasiyasının Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsinin müdiri Ədalət Vəliyev tədbirdə çıxış edərək dövlət siyasətində demokratik prinsip və dəyərlərə daim sadiq qalan Prezident İlham Əliyevin təşəbbüsü ilə ölkədə davamlı olaraq müxtəlif siyasi qüvvələr arasında konstruktiv əməkdaşlıq, sağlam siyasi dialoq və ümummilli məsələlərdə həmrəylik mühitinin təşviq olunduğunu bildirib. Eyni zamanda, tədbirdə müxtəlif dövlət orqanlarının nümayəndələri çıxış edərək “Siyasi partiyalar haqqında” Azərbaycan Respublikasının Qanunundan irəli gələn məsələlər barədə təmsil etdikləri orqanların aidiyyəti üzrə gördüyü işlər barədə məlumat veriblər.
Görüşdə iştirak edən Azərbaycan Milli İstiqlal Partiyasının sədri Arzuxan Əlizadə görüşlə bağlı təəssüratlarını bölüşüb. O bildirib ki, AMİP tədbirin keçirilməsini təqdir edir: “Görüşdəki çıxışımda da bu məqamı bir daha vurğuladım. Partiyamız ümumilikdə ölkədə müxtəlif məsələlərlə bağlı siyasi təşkilatların bir araya gəlməsini, “dəyirmi masa” arxasında məsələlərin müzakirə etməsini, problemlərin həlli istiqamətlərini birgə müzakirə etməsini dəstəkləyir. Bu baxımdan da analoji tədbirlərin keçirilməsi tərəfimizdən yüksək qiymətləndirilir. Artıq bir neçə ildir ki, ölkədə yeni siyasi konfiqurasiya formalaşıb. 2019-cu ilin noyabrında Prezident Administrasiyasında Siyasi partiyalar və qanunverici hakimiyyət ilə əlaqələr şöbəsi yaradılıb. Ötən dövr ərzində siyasi partiyalarla əlaqələr genişləndirilib, bir sıra partiyaların problemləri həll edilib. Bu prosesdə təbii ki, yeni yaradılmış şöbənin və onun rəhbərliyinin kifayət qədər əhəmiyyətli rolu var. Mayın 16-da keçirilən tədbir də bu qəbildən əvvəllər keçirilmiş görüşlərin davamı kimi qiymətləndirilməlidir”.
A.Əlizadə vurğulayıb ki, bu dəfə fərqlilik görüşdə bir sıra müvafiq dövlət strukturlarının rəsmilərinin də iştirak etməsindən qynaqlanırdı. “Tədbirdə MSK və digər strukturların nümayəndələri də təmsil olunurdular. Siyasi partiyalar haqqında” yeni qanunun tətbiqi və həmin qanunun çərçivəsində siyasi partiyaların bundan sonrakı fəaliyyətinin qurulması və bu kimi məsələlərlə bağlı izahatlar dinlənildi, eyni zamanda, gələcək münasibətlərin inkişafı ilə bağlı yol xəritəsi də göstərildi. Bu tip tədbirlərin keçirilməsi vacib hesab olundu. Ədalət Vəliyev çıxışında vurğuladı ki, bundan sonra da müxtəlif məsələlərlə bağlı bu çərçivədə tədbirlərin keçirilməsi planlaşdırılır. Bu kimi hallar isə siyasi partiyaların ölkənin siyasi gündəmindəki iştirakını daha da aktual edəcək. Bir daha vurğulayım ki, belə görüşlər müsbət tendensiyadır və bu cür davam edəcəksə müsbət qiymətləndiriləcək”, – deyə AMİP sədri əlavə edib. yeniazerbaycan.com