Afsəddin Nəbiyev: “Bəzi dövlətlər Paşinyanın xəyali Ermənistan ideyalarının rədd edilməsini asanlıqla həzm edə bilmir”
“Ermənistanın təhlükəsizliyinə təhdidlər bir neçə ölkədən gəlir”. Bunu Ermənistanın Xarici Kəşfiyyat Xidmətinin rəhbəri Kristine Qriqoryan bildirib.
Onun sözlərinə görə, bu təhdidlər ölkənin mövcudluğuna, suverenliyinə və müstəqil qərar qəbul etmək qabiliyyətinə qarşı yönəlib. O, mötərizələri açmaq istəmədiyini bildirib.
“Biz gündəlik olaraq bu risqləri təhlil edirik və baş nazirə məlumat veririk”, – Qriqoryan əlavə edib.
Ermənistanın baş naziri Nikol Paşinyanın ən azı iki KTMT üzvü ölkənin Ermənistana qarşı müharibənin hazırlanmasında iştirak etməsi barədə bəyanatı ilə bağlı suala Qriqoryan heç nə cavab verməyib. Rusiyadan Ermənistana təhlükə olub-olmaması ilə bağlı suala Xarici Kəşfiyyat Xidmətinin rəhbəri belə cavab verib: “Ermənistanın müstəqilliyinə, suverenliyinə və ərazi bütövlüyünə təhdidlər bir neçə ölkədən gəlir”.
Ermənistan XKX rəhbərinin fikirləri Paşinyandan fərqlidir. Çünki Paşinyan bu günlərdə dedi ki, 44 günlük müharibədə 2 ölkə Ermənistana qarşı olub. O cümlədən, ölkənin təhlükəsizliyinə iki ölkədən təhdid olmasına eyham vurdu. XKX rəhbəri isə deyir bir neçə ölkədən təhlükə gəlir. Üstəlik, həmin ölkələrin adını çəkmir. Həm də ona verilən suala cavab da vermir ki, o xarici qüvvələrə daxildə kömək edən siyasi qüvvələr varmı?
Sözügedən məsələni “Bakı-Xəbər”ə şərh edən AMİP-in sədr müavini Afsəddin Nəbiyev bütün bunlara bir neçə prizmadan yanaşdı: “Hər halda, Ermənistanın Xarici Kəşfiyyat Xidmətinin rəhbəri Kristine Qriqoryanın bu təhdidlərlə bağlı əllərində müəyyən olunmuş məlumatları olub. Qriqoryanın bu açıqlaması Rusiya rəsmilərini əməllicə qəzəbləndirdi. Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarovanın təkidlə erməni XKX rəhbərinə xitab edərək, belə manipulyasiyalar etmədən öncə adlar çəkin deməsi bu məsələnin ciddi olduğunu ortaya çıxardı.Təbii ki, Ermənistan XKX-nin rəhbəri önəmli detalları ictimaiyyətə açıqlamadı. Təxmini olaraq versiyalardan ən tutarlısı bu ola bilər ki, Ermənistanı indiyədək alət olaraq istifadə edən dövlətlər Paşinyanın xəyali Ermənistan ideyalarının rədd edilməsini asanlıqla həzm edə bilmirlər. Çünki Ermənistan rəhbərliyi yaxşı başa düşür ki, xəyali Ermənistan ideyalarını absurd olduğunu cəmiyyətə açıq şəkildə göstərdikcə, Cənubi Qafqazda real Ermənistan dövləti yaratmaq mümkün ola bilər. Ona görə də Ermənistan rəhbərliyinin real ağıla, məntiqə əsaslanan addımlarını son yüzillikdə hər zaman qonşu dövlətlərə, xüsusilə Azərbaycan və Türkiyəyə təzyiq aləti kimi istifadə edən Fransa, Rusiya kimi dövlətlər qəbul edə bilmirlər. Onlar bu proseslərə çox qısqanclıqla yanaşırlar. Bütün vasitələrdən istifadə edirlər ki, Ermənistanda mifik təsəvvürlərlə yaşayan kütlə sıradan çıxarılmasın. Beyni mifik təsəvvürlərlə yuyulmuş belə qüvvələr olmadığı halda, əlbəttə, heç bir dövlət Ermənistanı alət kimi istifadə edə bilməyəcək. XİK rəhbərinin bir neçə ölkədən Ermənistana təhdid olmasını açıq şəkildə bəyan etməsi, həm də onun göstəricisidir ki, təhdid yaradan dövlətlər daha çox Ermənistanın daxilində yerləşdirilən qüvvələrin təzyiqlərindən istifadə edirlər. Son günlər Ermənistanda baş verən hadisələr bu ehtimalı deməyə güclü əsaslar yaradır. Ancaq düşünürəm ki, bu qüvvələr Ermənistanda heç nəyə nail ola bilməyəcəklər. Son aylarda Paşinyanın Ermənistan cəmiyyətilə açıq danışmağı, sadə həqiqətləri dilə gətirməsi kənar qüvvələrin sıradan çıxarılması ilə nəticələnəcək”.