İrəvandakı etiraz aksiyaları nəticəsiz qalacaq?
“İrəvanda Paşinyan hakimiyyətinə qarşı həyata keçirilən etiraz aksiyaların heç bir nəticəsi olmayacaq”.
Bunu Azərbaycan Milli İstiqlal Partiyasının sədri Arzuxan Əlizadə “Cebhe.info”-ya şərhində İrəvanda keşiş Baqrat Srbazanın rəhbərliyi altında keçirilən etiraz aksiyaların hansı nəticə ilə yekunlaşacağı sualına cavab verərkən bildirib.
O bildirib ki, hazırda Baş nazir Nikol Paşinyana alternativ bir namizəd yoxdur:
“Artıq bir aydır ki, İrəvanda etiraz aksiyaları davam edir. Aksiyalar Qazaxın dörd kəndinin Azərbaycana qaytarılması səbəbindən başlayıb. Ermənistanın Tavuş vilayətinin keşişi Baqrat Srbazanın rəhbərliyi ilə İrəvana yürüş təşkil edilib. Aksiyalar bu günə qədər davam edir.
Görünən budur ki, İrəvanda etiraz aksiyaları geniş vüsət almayıb. Faktiki olaraq, etiraz aksiyalarını davamlı olaraq idarə edə biləcək ciddi bir siyasi fiqura ehtiyac var.
Keşiş Baqrat Srbazan heç bir halda liderlik funksiyasına və qabliyyətinə malik deyil. Ölkə qanunvericiliyi baxımından Baqrat Srbazanın baş nazir olmaq imkanı sıfıra bərabərdir.
Srbazan bütün etirazçıları birləşdirib ciddi siyasi lider fiquruna çevrilmək imkanından məhrumdur. Ona görə də etiraz aksiyaları səngiməyə doğru gedir”.
Onun sözlərinə görə, İrəvanda hazırkı etiraz aksiyaların arxasında görünməyən güclər dayanır:
“Köçəryan-Sarkisyan tərəfdarları İrəvandakı aksiyaların özəyini təşkil edir. Sözsüz ki, bu cütlük də şimal qonşumuz – Rusiya tərəfindən idarə olunur. Eyni zamanda Qərbdə bəzi dairələr də Ermənistanda daxil siyasi vəziyyətin gərginləşməsində maraqlıdırlar.
Çünki onlar Azərbaycan-Ermənistan münasibətlərinin normallaşmasını və regionda sülhün bərqərar olunmasını istəmirlər. İki ölkə arasında vəziyyətin gərgin olması onlara proseslərə müdaxilə etməyə imkan yaradır”.
A.Əlizadə hesab edib ki, İrəvanda etiraz aksiyaları nəticəsiz başa çatacaq.
“Nikol Paşinyan Ermənistan ictimaiyyətini çox ciddi silahla qorxudur. Paşinyan bəyan edir ki, sülhün alternativi müharibədir və Azərbaycanla növbəti hərbi qarşıdurma Ermənistanı çox ağır fəlakətə düçar edəcək. Bunu, erməni cəmiyyətində çox yaxşı anlayırlar.
İkinci Qarabağ müharibəsində, eləcə də keçən ilin sentyabrın 19-da birgünlük antiterror əməliyyatında ordusu darmadağın olan Ermənistan Azərbaycanla növbəti müharibə aparmaq iqtidarında deyil. Məhz bu səbəbdən Ermənistan ictimaiyyəti Paşinyanın yürütdüyü siyasətlə barışmaq məcburiyyətindədir”.