AMİP-30

32 il sonra Milli Qəhrəman adına qovuşan Natiq Qasımov…

Müharibənin yazılmamış qanunları var.Bəzən elə hallar olur , həqiqət qaranlıqda qalaraq  işıq  üzü görə bilmir.Ancaq bu mümkündürmü?Əsla mümkün deyil. Həqiqətin üzə çıxması zamanla bağlıdır.Müharibə zamanı  adı itkin düşənlər  siyahısında olan Natiq  Qasımov haqqında həqiqətin ortaya çıxmasından sonra xalqımızın yaddaşında əbədi yaşayacaq Qəhrəmana çevrildi.Natiq Qasımov 1971-ci il yanvarın 2-də Gədəbəy rayonunun Kiçik Qaramurad kəndində anadan olub. 1975-ci ildə ailəsi Mingəçevirə köçüb və o, orta məktəbi burada tamamlayıb.Rusiyanın Krasnoyarsk vilayətində Daxili Qoşun hissələrində xidmətini başa vurduqdan sonra Natiq 1991-ci ildə Vətənə qayıdıb, elə həmin il də könüllü olaraq cəbhəyə yollanıb.Ağdamda Yaqub Rzayevin (Qatır Məmməd) başçılığı altında “Qarabağ şahinləri” dəstəsində ermənilərə qarşı döyüşüb. Onun xüsusi qəhrəmanlığı ilə bağlı tarixçə isə belədir:1992-ci ildə Xocalının Pirlər kəndi yaxınlığında yeddi əsgərimiz Alban kilsəsinin yerləşdiyi yüksəklik uğrunda ölüm-dirim savaşına qalxırlar. Döyüşdə altı yoldaşı həlak olan Natiq son dərəcə əlverişli mövqedə yerləşən Alban məbədində mübarizəni davam etdirir. Təkbaşına 5 gün gecə-gündüz vuruşaraq düşmənləri bu posta yaxın buraxmır. Onun təslim olmayacağını anlayan ermənilər Natiqi azərbaycanlı əsirlərlə şantaj etməyə başlayırlar. 22 nəfər Xocalı sakininin güllələnməsinə razı olmayan Natiq kilsənin üzərindəki Azərbaycan bayrağını özü ilə götürərək təslim olmaq üçün ermənilərə tərəf gedir. Həmin vaxtdan sonra Natiq Qasımov barəsində heç bir məlumat verilməyib.

Natiq Qasımovun hazırda yayılan fotosu əsir düşərkən çəkilib və “Oqonyok” jurnalında o vaxt dərc edilib.Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının məlumatına əsasən, ermənilər tərəfindən əsir və girov götürülmə faktı danılan şəxslərin siyahısında Natiq Qasımovun da adı vardır. Dövlət Komissiyasının dəfələrlə etdiyi müraciətlərə baxmayaraq, erməni tərəfi indiyədək Natiqin sonrakı taleyini Azərbaycandan və beynəlxalq təşkilatlardan gizlədir.Natiq haqda çəkilən filmdə isə onun qəddar Xocalı qatili Vitali Balasanyanın iştirakı ilə dindirilməsindən sonra “doğranıldığı” – yəni işgəncə ilə öldürüldüyü haqda şahid ifadəsi var. Bu şahidlər ermənilərdir və onlar bunu hələ illər öncə filmdə etiraf etmişdilər. Azərbaycan əsgərinin qəhrəmanlığı və şücaəti düşmən hərbçiləri arasında vahimə və psixoloji gərginlik yaratdığı üçün səhra komandiri Vitali Balasanyan Natiq Qasımova erməni əsgərlərin qarşısında müharibə qanunlarına zidd olaraq dəfələrlə ağır və dəhşətli işgəncələr verərək onu qətlə yetirilib. Sənədli film işıq üzü gördükdən sonra Natiq Qasımovla bağlı həqiqət ortaya çıxdı.

 Prezident İlham Əliyevə müxtəlif formalarda müraciətlər olunurdu.AMİP məxsusi olaraq Natiq Qasımovla bağlı müvafiq komissiyanın yaradılması ilə bağlı ölkə rəhbərinə müraciət ünvanladı. 2023-cü  il oktyabrın 10-da Azərbaycan Milli İstiqlal Partiyasının rəhbərliyi  iclas keçirərək  Azərbaycan Respublikasının Prezidentinə müraciət ünvanladıq.Müraciətdə deyilirdi;

Britaniyalı rejissor Karan Sinqin Şəhid Natiq Qasımov haqqında çəkdiyi “Oğul” sənədli filmi bir çox həqiqətlərin ortaya çıxmasına işıq saldı. Natiq Qasımov ermənilərin içərisində əsir olmasına baxmayaraq, Azərbaycan bayrağını qorxmadan, çəkinmədən düşmən içərisində qaldırıb və nəyə qadir olduğunu sübut edib. Onun etdiyi hərəkət,  Azərbaycan əsgərinə yaraşan məğrur davranışları gələcək gənc nəsillərimizə əsl nümunədir. Sizdən  qəhrəman əsgərlərimiz Natiq Qasımovun fəxri ada layiq görülməsi üçün müvafiq komissiyanın yaradılmasını rica edirik. Şəhidimizin  öz layiq olduğu haqq etdiyi fəxri adına, tezliklə qovuşmasına  inanırıq.

Gözlədiyimiz sərəncam 25 iyunda verildi.Bəli Prezident İlham Əliyev Silahlı Qüvvələrimizin yaranması  günündə belə bir sərəncamı verməsi cəsur döyüşçü Natiq Qasımovun layiq olduğu ada qovuşması hər bir Azərbaycan vətəndaşı kimi bizləri də qürurlandırdı. Bu tarixi sərəncamın verilməsi ilə bağlı Prezident İlham Əliyevə öz təşəkkürümüzü bildiririk . Natiq Qasımov layiq olduğu ada qovuşdu.Gələcək nəsilərimiz belə qəhrəman övladımızdan hər zaman nümunə götürəcək. Qarabağ savaşında Azərbaycanın ərazi bütövlüyü uğrunda şəhadətə qovuşan Natiq  Qasımovla  birlikdə bütün Şəhidlərimizə uca Allahdan Rəhmət dinləyirik.

Afsəddin Nəbiyev, AMİP-in sədr müavini