Parlament seçkiləri: hansı siyasi partiyalar iştirak edəcək?
Azərbaycan Prezidenti İlham Əliyev Milli Məclisin buraxılması və sentyabrın 1-də erkən seçki keçirilməsi ilə bağlı iyunun 28-də sərəncam imzalayıb.
İyunun 27-də Konstitusiya Məhkəməsinin Plenumu erkən parlament seçkisi keçirilməsinin mümkünlüyü ilə bağlı Azərbaycan Prezidentinin sorğusuna müsbət cavab vermişdi.
İyunun 21-də Azərbaycan parlamenti özünün buraxılması və Milli Məclisə növbədənkənar seçkilərin təyin olunması üçün Prezident İlham Əliyevə müraciət etmişdi.
Parlamentin qənaətinə görə, COP29 zamanı Milli Məclisin Azərbaycanın ərazi bütövlüyünün bərpasından sonra yeni tərkibdə təmsil olunması, parlament diplomatiyasının verdiyi imkanlardan səmərəli istifadə edilməsi, habelə ölkə üçün bu əhəmiyyətli tədbir zamanı normayaratma fəaliyyətinin fasiləsiz həyata keçirilməsi üçün həmin vaxta qədər Milli Məclisin yeni çağırışının “tam formalaşdırılması zəruridir”.
Azərbaycanda sonuncu parlament seçkisi də növbədənkənar olub və 2020-ci ilin fevralında baş tutub.
Bəs hansı siyasi partiyalar seçkidə iştirak edəcək?
“Arqument.az” bu suala cavab tapmaq üçün siyasi partiyalarla əlaqə saxlayıb.
Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədr müavini Fuad Qəhrəmanlı partiyanın seçkiyə qatılıb-qatılmayacağı ilə bağlı suala belə cavab verib: “AXCP olaraq əvvəlcədən bəyan etmişik ki, əgər normal seçki mühiti olmayacaqsa, müxalifətin seçki komissiyalarında iştirakı, sərbəst toplaşmaq azadlığı kimi təməl azadlıqlar təmin olunmaycaqsa, AXCP bu seçki şousunda iştirak etməyəcək”.
“Ümumiyyətlə, COP-29 tədbirini bəhanə gətirib seçkini önə çəkmək özü hakimiyyətin niyyətindən xəbər verir. Seçkini MSK keçirir. MSK-nın COP-29 tədbirinə nə aidiyyatı var? Amma istənilən halda hələ partiyada yekun qərar yoxdur. Dediyimiz şərtlər yerinə yetirilərsə, biz də iştirak etmək və parlamentə düşmək istərdik”, – deyə o bildirib.
Azərbaycan Milli İstiqlal Partiyasının sədri Arzuxan Əlizadə isə açıqlamasında bunları deyib: “Biz artıq partiya olaraq həm parlament, həm də bələdiyyə seçkilərinə hazırlıqlara start vermişik. Əksər namizədlərimiz bəlli olsa da, hələ ki yekun qərarımız yoxdur. Qarşıdakı həftə Siyasi Şuranın iclasından sonra hər şeyi dəqiq biləcəyik və seçkidə neçə namizədlə iştirak etməyimiz dəqiqləşəcək”.
Respublikaçı Alternativ Partiyasının icra katibi Natiq Cəfərli isə partiyanın namizədlərinin az olması barədə danışıb: “REAL Partiyası olaraq ötən prezident seçkisindən başlayaraq seçki qərargahı yaratmışıq. Rəsul Cəfərov həmin qərargahın rəhbəridir. Hələ ki namizəd sayımız 13 olsa da, proses tam yekunlaşmadığı üçün namizədlərimiz arta bilər. Sayın az olmaısnın əsas səbəbi maddiyyatdır, çünki seçki böyük resurs tələb edən bir prosesdir. Mən özüm isə 33 saylı Xətai 1- ci seçki dairəsindən namizəd olacağam”.
Son prezident seçkilərində namizəd olmuş Böyük Azərbaycan Partiyasının sədri Elşad Musayev isə seçkilərə fəal hazırlaşdıqlarını deyib: “BAP prezident seçkilərində olduğu kimi parlament seçkilərində də iştirak edəcək. Hələlik namizədlərimizin sayı ilə bağlı qərarımız yoxdur,amma iş gedir, mən özüm də hələ dairəmi dəqiqləşdirməmişəm,amma bir neçə variant var, onları dəyərləndirəcəyəm”.
Deputat, Böyük Quruluş Partiyasının (BQP) sədri Fazil Mustafa seçkidə iştirak edəcəyini vurğulayıb: “Əlbəttə, Böyük Quruluş Partiyası həmişə olduğu kimi, bu dəfə də aktiv şəkildə seçkilərdə iştirak edəcək. Hazırda partiyada namizədlərin və müşahidəçilərin müəyyən olunması və təşkilatlandırılması işi gedir. Mən əvvəlki kimi 26 saylı dairədən namizəd olacağam”.
Müsavat Partiyasının sədr müavini Gülağa Aslanlı isə partiyanın seçkidə maraqlı olduğunu qeyd edib: “Hələ ki bir qərarımız yoxdur. Bütün bu məsələlər məclis və divan iclaslarından sonra məlum olacaq. Amma, təbii ki, iştirak etmək istərdik”.
Parlamentdə təmsil olunan Demokratik İslahatlar Partiyasının sədr müavini İlkin Həsənov partiyanın bu məsələdə hələ tələsmədiyini deyib: “Açığı, hələ siyasi şurasının iclası olmayıb deyə bir şey demək tezdir, amma, əlbəttə, seçkidə iştirakdan yanayıq”.
Ümid Partiyasının sədr müavini Taleh Əliyev partiyanın seçki hazırlığının çoxdan başladığını qeyd edib: “Partiyamız 75 namizədlə iştirak etmək niyyətindədir. Bu namizədlərdən artıq 60 nəfərin dairəsi müəyyən olunub, qalan 15 nəfərində dairəsinin müəyyən olunması işləri aparılır. Ola bilər ki, seçkidə dəstəkləyəcəyimiz müstəqil namizədlər olsun, amma heç bir partiya ilə ittifaq məsələsi yoxdur. Sədrimiz İqbal Ağazadə 36 saylı Xətai-Suraxanı seçki dairəsindən namizəd olacaq”.
YAP-dan sonra parlamentdə ən çox deputatla təmsil olunan VHP-nin sədr müavini Samir Əsədli işlərin sona çatmaq üzrə olduğunu deyib: “Vətəndaş Həmrəyliyi Partiyası həmişəki kimi bu dəfə də seçkilərdə iştirak edəcək. Hələ ki 50 dairədə namizədlərimiz dəqiqləşib, amma ümumən 80 namizədlə iştirak etməyi düşünürük. Siyasi şuranın iclasından sonra hər şey məlum olacaq”.
Ölkənin ən gənc partiyası olan Azad Vətən Partiyasının sədri Akif Nağı seçkilərin önəmini vurğulayıb: “Bu seçkinin xüsusi önəmi var. Ona görə də seçkidə iştirakda istəkliyik. Namizədlərimiz gələn həftə keçiriləcək partiya yığıncağında müəyyən olunacaq”.
Azərbaycan Demokrat Partiyasının sədri Sərdar Cəlaloğlu isə tərəddüd etdiyini deyib: “Ötən həftə elan etdiyimiz kimi biz seçkidə maksimum namizədlə iştirak etmək istəyirik. Amma mən özüm haqda bir qədər qərarsızam, çünki neçə dəfə namizəd olub qələbə qazanmışam, amma hər dəfə nəticələr saxtalaşdırılıb. Ona görə əgər bir dəyişiklik olduğunu hiss etməsəm, özüm namizəd olmayacağam. Əgər mediada kimlərin seçilməyəcəyi haqda informasiyalara dolaşırsa, deməli, söhbət seçkidən yox təyinatdan gedir”.
Azərbaycan Xalq Partiyasının sədr müavini Qiyas Sadıqov bildirib ki, təşkilat seçkidə iştirak edəcək: “AXP-nin seçkilərdə təxminən 20 nəfər namizədi olacağını planlaşdırırıq. Pənah Hüseyn ola bilər ki, Hacıqabul-Şirvan və ya Sabirabad seçki dairəsindən namizəd olsun”.
Yeni Zaman Partiyasının sədri Musa Ağayev seçkilərə yaxşı hazırlaşdıqlarını deyib: “Partiyamız ən azı 50 dairədən namizədlə iştirak etməyi düşünür. Gələn ayın ikisi siyasi şuranın iclasından sonra dəqiq say deyə biləcəyik. Mən 3 dəfə Ağdamdan namizəd olmuşam və hər üçündə qalib gəlmişəm, amma hər dəfə məlum məsələlərdən dolayı mandat başqasına verilib”.
Prezident seçkilərindən sonra adını dəyişən ƏHD Partiyasının sədr müavini Niyaməddin Orduxanlıda seçkilərdə iştirakı dəstəkləyənlər sırasındadır: “Ədalət, Hüquq, Demokratiya Partiyası seçkilərədə aktiv şəkildə iştirak edəcək. Bu yaxınlarda keçirməyi planlaşdırdığımız Ali Məclisinin sessiyasında bu məsələni müzakirə edəcəyik və bundan sonra namizədlərimiz bəlli olacaq. Mən istərdim ki, 50 saylı dairədən namizəd olum, amma yekun qərarı partiya verəcək”.
Ağ Partiyanən başqanı Tural Abbaslı seçkini maksimum hədəflədiklərini deyib: “Seçki qərargahımız aktiv şəkildə fəaliyyətdədir. Bacardığımız qədər çox dairədən namizəd çıxarmağa çalışacağıq. Özüm isə 25 saylı dairədən namizəd olacağam”.
Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev deyib ki, parlament, nəhayət, işğaldan azad olunmalıdır: “Partiyamızda təlabat genişdir, xeyli müraciətlər var. Elə seçki elan olunan vaxt bizim qərargahımızda iclasdaydıq. Əlbəttə, istərdik ki, normal seçki mühiti olsun, eyni ilə Qarabağın azad olunduğu kimi parlament də, nəhayət, boş-bikar adamlardan azad olunsun”.
Vəhdət Partiyasının sədri Tahir Kərimli isə hədəflərindən danışıb: “Şübhəsiz hamı kimi biz də seçkiyə hazırlaşırıq. Əbdülvahab Manafovun sədrliyi ilə seçki qərargahı yaratmışıq. Bizim hədəfimiz yenidən parlamentə düşməkdir. Belə olacağı halda partiyamızın maliyyələşməsi də dövlət tərəfindən davam edəcək”.
6 dəfə deputat seçilmiş Ana Vətən Partiyasının sədri Fəzail Ağamalı ilə isə hələ tələsmədiklərini qeyd edib: “Partiyamız bütün seçkilərdə olduğu kimi bu dəfə də seçkilərdə iştirak edəcək. Mənim namizədliyim haqda AVP-nin qərarı yoxdur. Yəqin ki, yaxın günlərdə bununla bağlı məsələlərə aydınlıq gətiriləcək”.
Milli Cəbhə Partiyasının sədri Razi Nurullayev isə bunları deyib: “MCP təxminən 35-40 nəfərlə bu seçkilərdə iştirak edəcək. Mən ötən dəfəki kimi İmişli rayonundan namizəd olacağam”.
“Arqument.az” bəzi qeydiyyatı olmayan siyasi partiyaların da seçki ilə bağlı mövqeyini öyrənib.
Ədliyyə Nazirliyi tərəfindən qeydiyyata alınsa da, qurultay və nizamnamədə yaranan problemlərə görə qeydiyyatı ləğv olunan Azadlıq Partiyasının sədri Əhməd Oruc müxalifətin birliyinə diqqət çəkib: “Əgər ölkənin demokratik qüvvələri bir araya gələrsə, hansısa seçkidən danışa bilərik. Əks halda, belə bir mühitdə heç bir iştirakdan söhbət belə gedə bilməz. Üstəlik, partiyamıza qarşı belə bir basqı olduğu bir dövrdə ümumiyyətlə bu haqda düşünmürük”.
Ötən aylarda partiya kimi fəaliyyətini dayandırdığını açıqlayan Azərbaycan Demokratiya və Rifah Partiyasının sədr müavini Ədalət Yusub isə bunları deyib: “Dövlət qeydiyyatına alınmadığımıza görə seçkidə iştirak hüququmuz yoxdur. Amma üzvlər iştirakda sərbəstdilər”.
Ötən il özünü buraxan, lakin bu il yenidən fəaliyyətini bərpa edən Azərbaycan Milliyətçi Demokrat Partiyasının sədr müavini İlyas Abdullayev isə bunları qeyd edib: “Qeydiyyatımız olmadığı üçün partiya kimi seçkilərdə iştirak edə bilmərik. Amma fərdi qaydada iştiraklar olacaq, əlbəttə. Zatən, hakimiyyət seçkini ən qeyri-aktiv bir dönəmə salaraq niyyətini ortaya qoydu”.