AMİP-30
Afsəddin Qinyaz oğlu Nəbiyev

Afsəddin Nəbiyev: “Azərbaycanın TDT-də sülhpərvər davranışı onu bu təşkilata daha cəlbedici edir”

Məlum olduğu kimi, Qazaxıstanın paytaxtı Astana şəhərində “ŞƏT plyus” formatında görüş keçirilib.  Prezident İlham Əliyev də həmin tədbirdə iştirak edərək çıxış edib. 

Azərbaycan üçün ŞƏT platforması Asiyanın böyük güclərini birləşdirən nüfuzlu qurum olaraq böyük əhəmiyyətə malikdir. Yeri gəlmişkən onu da qeyd edək ki, Prezident İlham Əliyev ilk dəfə 2022-ci ildə ŞƏT-in Səmərqənd Sammitində fəxri qonaq qismində iştirak edib və son iki ildə Azərbaycan–ŞƏT əməkdaşlığı yüksələn xətt dinamikasına malikdir. ŞƏT həm də Azərbaycanın öz səsini və mövqeyini dünyaya çatdırması üçün vacib platformaya çevrilib. Marşrutları Azərbaycan ərazisindən keçən “Şimal–Cənub” və “Şərq–Qərb” nəhəng nəqliyyat layihələrinin reallaşmasına gözləntilərin artması ilə ölkəmizin ŞƏT dövlətləri üçün əhəmiyyəti də ikiqat çoxalıb. 

Maraqlıdır, sammitdən sonra Azərbaycanın ŞƏT-ə üzv qəbulu məsələsi- perspektiv necədir? Ümumən bu, Azərbaycana lazımdırmı?

Sözügedən məsələ ilə bağlı fikirlərini “Bakı-Xəbər”lə bölüşən AMİP-in sədr müavini Afsəddin Nəbiyev bütün bunlara bir neçə aspektdən yanaşdı: “İlk öncə bu təşkilatın əsas məqsədləri nədən ibarətdir sualına cavab axtarsaq, bizə aydın olur ki, Şanxay Əməkdaşlıq Təşkilatı  sıradan bir təşkilat deyil. Dünya neft hasilatı və istifadəsi bazarının yarıdan çoxuna nəzarət edən və Hindistan, İran, Monqolustan, Pakistan və digər dövlətlərin də müşahidəçi kimi iştirak etdiyi təşkilat dünya iqtisadiyyatında önəmli yeri tutan dövlətlərdən ibarətdir. Hələ illər əvvəl – 2007-ci ilin avqustunda Vladimir Putin Şanxay Əməkdaşlıq Təşkilatının Bişkek Sammitində “Birqütblü dünya qəbuledilməzdir” məşhur çıxışıyla bu təşkilatın   əsas mahiyyətini ortaya qoymuş oldu. Azərbaycan hazırda ŞƏT-də dialoq tərəfdaşı statusuna sahibdir. 2016-cı ildə Azərbaycan ilə ŞƏT arasında əməkdaşlıq sahələrini əks etdirən memorandumu imzaladı. Bu təşkilatla əməkdaşlıq, tərəfdaşlıq münasibətləri bu gün də inkişaf etməkdədir. ŞƏT ilə əməkdaşlıq istiqamətləri arasında təşkilatın ənənəvi prioritet sahələri olan və Azərbaycan üçün xüsusi əhəmiyyət kəsb edən terrorizm, ekstremizm və separatizm ilə mübarizə, regional təhlükəsizliyin və sabitliyin təminatı müəyyənləşdirilib. Həmçinin ölkəmizin beynəlxalq müstəvidə mühüm rol oynadığı sivilizasiyalararası dialoq, multikulturalizm və tolerantlığın təşviqi sahələri də diqqət mərkəzində olan məsələlərdəndir. Göründüyü kimi, Azərbaycan bu təşkilatda müşahidəçi olmağı hədəfləyir. Bu təşkilat Azərbaycana lazımdırmı sualına gəlincə, bu suala indiki vaxtda birmənalı cavab verərək bildirdirəm ki, Azərbaycan dövləti indiki məqamda bu təşkilatla daha çox iqtisadi və mədəni əlaqələrin qurulması təşəbbüsünə  diqqət yetirməlidir. Təbii ki, Azərbaycanın bu platformada sülhpərvər davranışı onu bu təşkilata daha cəlbedici edir. 3 il bundan öncə Azərbaycanın humanitar, mədəni əlaqələrinin qurulması bu sahədə qazandığı hörmətin göstəricisidir. Bunun nəticəsidir ki, 2021-ci ildə ŞƏT-in Pekindəki mənzil-qərargahında Azərbaycanın dünya şöhrətli şairi və mütəfəkkiri Nizami Gəncəvinin 880 illik yubileyi qeyd edilib. Qərargahın binasında dahi şairin büstü ucaldılıb. Qürurverici məqam ondan ibarətdir ki, dahi Nizami Gəncəvi Çin filosofu Konfutsidən sonra ŞƏT-in qərargahında büstü qoyulmuş ikinci tarixi şəxsiyyətdir. Göründüyü kimi, Azərbaycanın dünyada artan nüfuzu, beynəlxalq hüququn bütün norma və prinsiplərinə sadiqliyi ölkəmizi ŞƏT-də daha çox cəlb edir. Dünyanın bütün nəzər-diqqətinin Avrasiyaya yönəlməsi fonunda Azərbaycan bu təşkilatla əməkdaşlığının dərinləşdirilməsi ölkəmizin iqtisadiyyatına böyük təsir göstərəcək”.