Əli Orucov: “Makron Fransada xaosu aradan qaldıra bilməyəcək”
Fransada parlament seçkilərinin ikinci turu ölkə daxilində iğtişaşlara və xaricdə ciddi marağa səbəb olub. Ölkə prezidenti Emmanuel Makronun isə partiyasının qüvvələrini solçu təşkilatlarla birləşdirərək siyasi vəziyyəti sabitləşdirmək cəhdləri daha böyük qeyri-müəyyənliyə gətirib çıxardı.
Hazırda Fransada parlamentdəki yerlərin sayına görə solçu “Yeni Xalq Cəbhəsi” alyansı liderlik edir, prezident Makronun “Respublika uğrunda birlikdə” koalisiyası ikinci, birinci turun qalibi olan ultrasağçı “Milli Birlik” partiyası isə üçüncü yerə enib. E.Makronun solçu partiyalarla birləşmək qərarı müxtəlif reaksiyalara səbəb olub. Məsələn, Marin Le Penin varisi, “Milli Birlik” partiyasının lideri Jordan Bardella Makronun solçularla razılaşmalarını əvvəllər bir-birilə düşmən olan, lakin “Milli Birlik” partiyasının müvəffəqiyyətinin qarşısını almaq üçün birləşən partiyaların “utancverici ittifaqı” adlandırıb. Digər tərəfdən, “Bloomberg” agentliyi yazır ki, solçuların qələbəsindən sonra Fransa siyasi dalana dirənəcək. Agentlik yazır ki, kiçik partiyalar və ya deputatlar daha böyük qruplarla güclərini birləşdirsələr belə, mütləq çoxluq hələ də olmayacaq, ona görə də ölkənin “qanunlar qəbul etməyə qadir hökuməti” necə formalaşdıracağı bəlli deyil. “Reuters” isə yazır ki, onlar da Fransanı gözləyən çətinlikləri dərk edirlər, lakin eyni zamanda, Le Penin deyil, solun qələbəsini “böyük rahatlıqla” dərk edirlər.
Sözügedən məsələni “Bakı-Xəbər”ə şərh edən AMİP funksioneri Əli Orucov da hesab edir ki, Makronun məlum qərarları və siyasi gedişləri ölkəyə sabitlik vəd etmir: “Əvvəla, heç bir blok hökuməti təkbaşına qurmağa yetərincə səs almayıb. Bu partiyaların heç biri ümumi çoxluq üçün tələb olunan 289 yerə malik deyil. Makronun partiyasının solçularla birlik quracağı dayanıqlı çıxış yolu deyil. Niyə? Ona görə ki, solçu “Yeni Xalq Cəbhəsi” alyansı bu məsələdə vahid mövqedən çıxış etmir. Ordakı qüvvələrin bir qismi bunun qəti əleyhinədir. Məsələ ondadır ki, təklif olunan koalisiya tərəfdaşları arasında ideoloji ziddiyət var. Bu isə o deməkdir ki, ardıcıl hökumət proqramı olmayacaq. Bununla yanaşı, hər iki partiya arasında böyük fərq var. “Milli Birlik” tərkibinə görə eynidir və eyni partiyanın üzvlərindən ibarətdir. Ancaq “Yeni Xalq Cəbhəsi” barədə bunu demək olmaz. Çünki orada ifrat solçulardan tutmuş “yaşıllaradək” fərqli ideoloji baxışlara malik qüvvələr var. İlk baxışdan bu, ifrat sağçıların daha güclü olduğu və birləşdiyi anlamına gələ bilər. Belə görünə bilər ki, müxtəlif siyasi qüvvələrin birləşdiyi “Yeni Xalq Cəbhəsi” səsvermə zamanı daha asan şəkildə müttəfiqlər və tərəfdarlar tapa biləcək. Ancaq solçuların koalisiyasında daha aydın və proqressiv proqramlara malik qüvvələr də var. Ona görə də belə müxtəlif baxışlar indiki solçu müttəfiqlər arasında kəskin rəqabətə səbəb ola bilər. Bu baxımdan, qurulacaq koalisiyanın tezliklə dağılacağı ehtimalı böyükdür. Eyni zamanda, hökumətin yenidən formalaşması, eləcə də nazir portfelləri ilə bağlı mübahisələr olacaq. Üstəlik, koalisiya qurulsa belə, Marin Le Penin qaldırdığı problemlər yerindədir. Söhbət miqrant problemi, infilyasiya, iqtisadi çətinliklər və digər məsələlərdən gedir. Halbuki, bütün bu problemlər ilbəil ifrat sağ millətçi qüvvələrin mövqelərinin güclənməsinə səbəb oldu. Bir sözlə, Makron Fransada xaosu aradan qaldıra bilməyəcək”.