AMİP-30
Afsəddin Qinyaz oğlu Nəbiyev

Afsəddin Nəbiyev: “BRİCS bizim üçün yeni perspektivlər və imkanlar aça bilər”

Azərbaycan BRİCS-in tamhüquqlu üzvü olmaq istəyir. Bu barədə Milli Məclisin sədri Sahibə Qafarova BRİCS ölkələrinin iyulun 10-da X Parlament Forumunun Sankt Peterburqda keçirilən plenar iclasında çıxışı zamanı deyib. 

“Azərbaycan xarici siyasətində dialoqu, əməkdaşlığı və həmrəyliyi təşviq edir. Bu, ikitərəfli münasibətlərə və beynəlxalq platformalar çərçivəsində fəaliyyətə aiddir. Xüsusilə, bu, BRİCS ilə əməkdaşlığa aiddir. Azərbaycan artıq BRİCS-ə qoşulmaq arzusunu ifadə edib”- deyə Qafarova bildirib. 

Onun sözlərinə görə, parlamentlər səviyyəsində əməkdaşlığın inkişafı bu məqsədə nail olmağa kömək edəcək.

Məlum olur ki, Azərbaycan BRİKS üzvlüyünə rəsmi iradəsini ortaya qoydu. O baxımdan bunu ekspertlər necə dəyərləndirir?

Sözügedən məsələni “Bakı-Xəbər”ə şərh edən AMİP-in sədr müavini Afsəddin Nəbiyev buna bir neçə prizmadan yanaşdı: “Əvvəlcə onu qeyd edim ki, 2006-cı ildə yaradılan, Braziliya, Rusiya, Hindistan, Çin, Cənubi Afrika Respublikası, Misir, Efiopiya, İran və Birləşmiş Ərəb Əmirliklərini öz ətrafında birləşdirən hökumətlərarası təşkilat olan BRİCS tədricən öz nüfuzunu artıran beynəlxalq təşkilatlar sırasındadır. Azərbaycanın bu təşkilata üzv olmadan nəhəng təşkilatın əsas aparıcı üzvləri ilə qarşılıqlı iqtisadi əlaqələri mövcuddur. Azərbaycanın 2023-cü ildə xarici ticarət döviyyəsinin 20 faizi BRİCS üzvlərinin payına düşür. Rusiya və Çin bizim ən çox ticarət etdiyimiz 3-cü və 4-cü ölkədir. Azərbaycanın iqtisadi niyyəti BRICS-in nəqliyyat, kommunikasiya və ticarətlə bağlı fəaliyyətlərində aktiv şəkildə iştirak etməkdir. Bu, bizim üçün yeni perspektivlər və imkanlar aça bilər. Çinlə Avropa arasındakı ticarət dövriyyəsində Azərbaycan önəmli yer tuta bilər .Uzun illər böyük səylər əsasında yaradılan Şərq-Qərb, Şimal-Cənub koridorlarının intensivləşməsi iqtisadiyyatımıza böyük fayda verə bilər. Təbii ki, Azərbaycanın həm Avropa İttifaqı ilə tərəfdaşlıq münasibətləri, həm də BRİCS, Şanxay Əməkdaşlıq Təşkilatı ilə tərəfdaşlıq münasibətləri ölkəmizin iqtisadi siyasətinə və dünyada yaranan yeni siyasi reallıqlara uyğun olaraq atılan addımlardır. Əsas məqsəd iqtisadi inkişaf tempini artırmaqla, dövlətin iqtisadi cəhətdən güclənməsi, vətəndaşların sosial rifah halının daha da yaxşılaşmasıdır. Ona görə də bu təşkilatla əməkdaşlığımız  Azərbaycan dövlətinin güclənməsinə səbəb olacaq. Bu baxımdan dünyanın indiki mürəkkəb geosiyasi mənzərəsini də nəzərə alaraq onu da vurğulamaq istərdim ki, Azərbaycan dövləti konfrontasiya vəziyyətində olan dövlətlərin tərəfində durmaq deyil, barışdırıcı mövqeyi ilə nəhəng iqtisadi layihələr həyata keçirən dövlətlərlə uzlaşdırılmış siyasət aparmaqla ümumən daha da güclənəcək. Ona görə də hesab edirəm ki, Azərbaycanın bu təşkilata üzv olması hər birimiz tərəfindən yüksək qiymətləndirilməlidir”.