AMİP-30
Afsəddin Qinyaz oğlu Nəbiyev

Afsəddin Nəbiyev: “Bəzi namizədlərin atdığı addımlar səmimi olmadığı üçün müəyyən şəxsi maraqlara hesablanıb” 

Sentyabrın 1-də keçiriləcək növbədənkənar parlament seçkilərinə qatılan bir sıra şəxslər namizədliklərini geri götürməyə başlayıblar. Belə ki, Demokrat və Vəhdət partiyalarının sədrləri Sərdar Cəlaloğlu, Tahir Kərimli, uzun müddət Milli Məclisin üzvü olan bəzi tanınmış şəxslər seçkilərə qatılsalar da, sonradan iştirak etməyəcəklərini bildiriblər. 

Həmçinin, Müsavat, Ümid, Vətəndaş Həmrəyliyi partiyalarının sədrləri də seçkiyə qatılacaqlarını açıqlasalar da, marafona az qalmış əks mövqe sərgiləyiblər.

Ümumən, bu nə siyasi texnologiyadır, nə kimi seçki texnologiyasıdır? Belə texnologiyanın hər hansı effekti varmı? Niyə bu üsuldan istifadə edirlər və bununla nə demək istəyirlər? Yəni namizədlərin imza toplayandan sonra seçkidə iştirakdan imtina etmələri seçicilərə hörmətsizlik deyilmi? Bu nə texnologiyadır?

Sözügedən məsələni “Bakı-Xəbər”ə şərh edən AMİP-in sədr müavini Afsəddin Nəbiyev hesab edir ki, bəzi namizədlərin belə addım atması seçicilərə hörmətsizlikdir: “Əvvəlcə onu qeyd edim ki, növbədənkənar parlament seçkilərinə qatılan namizədlərin namizədliklərini geri götürməyi seçki prosesində hər zaman baş verən hadisələrdəndir. Elə 4 il bundan öncə, 2020-ci ilin parlament seçkilərində də belə hallar müşahidə olunub. 2020-ci il seçkilərində iştirak etmək üçün rekord sayda – 2431 nəfər müraciət etmişdi və elə rekord sayda – 1637 nəfər namizəd qeydə alınmışdı, lakin yanvarın 31-dək olan dövrdə onlardan 312-si namizədliyini geri götürdü. Xüsusilə, namizədliyini geri götürənlərin bir çoxu hakim Yeni Azərbaycan Partiyasının üzvləri oldu. Belə ki, partiyanın qərarına tabe olmayan deputatlığa namizədləri təşkilatın dəstəkləməyəcəyi və partiya sıralarından xaric ediləcəyi ilə bağlı bəyanat verildikdən sonra namizədliyini geri götürənlərin sayı 95 nəfərdən 237-yə çatdı. Beləcə, namizədlərin sayı 1325-ə çatdı. Bunlardan, 360 namizəd 19 siyasi partiyanı təmsil edərək seçki prosesində iştirak etdi. İndi də belə bir  halın baş verməsi müəyyən qədər başadüşüləndir. Seçki, ümumiyyətlə, idman yarışını xatırladan geniş xalq kütlələrini əhatə edən rəngarəng bir prosesdir. Partiya sədrlərinin marafona qatılıb sonra əks mövqe sərgiləməsi, ola bilsin, seçkinin növbədənkənar olması, hazırlıqsız  olmaları ilə bağlıdır.Təbii ki bu mənim subyektiv fikirlərimdir. Seçkilərdə belə bir texnologiyanın effekti haqqında seçkidən sonra danışmaq mümkündür. İmza toplamaq seçkidə ikinci mərhələ sayılır, bu mərhələdə ən azından namizədlər seçicilərlə müəyyən təmasda olmaqla cəmiyyətin problemlərini öyrənməklə bərabər, parlamentin işgüzar fəaliyyətini qiymətləndirə bilirlər. Bunları etmədən seçki prosesindən çəkilmək seçicilərə hörmətsizlikdir. Bütün bunlar onu deməyə əsas verir ki,  seçkinin əsas özəlliyindən biri də budur ki, hər seçki cəmiyyətə yeni nəfəs vermək baxımından çox faydalıdır. Bu baxımdan yeni simaların olması insanlarda gələcəyə ümüdlər yaradır. Bəlkə bir çox tanınmışlar bu baxımdan vəziyyəti görərək geri çəkilir. Ancaq görünən odur ki, bəzi namizədlərin atdığı addımlar səmimi olmadığı üçün müəyyən şəxsi maraqlara hesablanıb”.