AMİP-30
Afsəddin Qinyaz oğlu Nəbiyev

Afsəddin Nəbiyev: “Azərbaycan bu ölkələri Türkiyəyə, Avropaya bağlayan körpüdür”

Bu gün Azərbaycanla əməkdaşlıq etmək istəyən ölkələrin, beynəlxalq təşkilatların sayı durmadan artır. Bu konteksdə Azərbaycanın Mərkəzi Asiya ilə əlaqələri sürətlə inkişaf edir. Təsadüfi deyil ki, son 3 ildə Orta Asiya ölkələrinin keçirdiyi bütün tədbirlərə Prezident İlham Əliyev dəvət edilir. Azərbaycanın üzv olmadığı regional təşkilatlara ölkə başçısı dəvət edilir. 

Belə ki, ölkə başçısı Mərkəzi Asiya ölkələrində keçirilən Şanxay Əməkdaşlıq Təşkilatına üzv ölkələrin sammitlərində, Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) 7-cı Zirvə toplantısında, Mərkəzi Asiya Dövlət Başçılarının Məşvərət görüşlərində və digər tədbirlərdə iştirak edib və edir. BMT-nin Mərkəzi Asiya Ölkələrinin İqtisadiyyatları üçün Xüsusi Proqramının – SPECA-nın Zirvə görüşünün Azərbaycanda keçirilməsi ölkəmizə olan marağın göstəricisidir. Son 3 il ərzində Prezident Əliyev mütəmadi olaraq Mərkəzi Asiya dövlətlərinə, o regionda yerləşən ölkələrin başçıları isə Azərbaycana səfərlər edir. Həmin səfərlər zamanı imzalanan sənədlər ölkələr arasında əməkdaşlığın genişləndirilməsi üçün möhkəm baza rolunu oynayır. 2022-ci il noyabrın 11-də Səmərqənddə Türk Dövlətləri Təşkilatının IX Zirvə görüşündə Prezident Əliyev iştirak edib. Ondan sonra ölkə başçısı Astanada, Düşənbədə, Daşkəndddə keçirilən görüşlərdə iştirak edib. Bu arada Prezident Əliyev Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevin dəvəti ilə Mərkəzi Asiya və Azərbaycan Respublikasının Dövlət Başçılarının görüşündə iştirak etmək üçün Astanaya səfər edib. 

Ümumilikdə, Azərbaycanın Mərkəzi Asiya dövlət başçılarının zirvə sammitlərində təmsilçiliyi nədən irəli gəlir? Region ölkələri buna niyə ehtiyac duyurlar? Azərbaycanın bu prosesə töhfələri nədən ibarətdir?

Sözügedən məsələ ilə bağlı fikirlərini “Bakı-Xəbər”lə bölüşən AMİP-in sədr müavini Afsəddin Nəbiyev “Bakı-Xəbər”ə açıqlamasında Azərbaycana verilən önəmi bir sıra amillərlə əlaqələndirdi: “Azərbaycanın dünyada nüfuzu artdıqca, dünya dövlətləri tərəfindən dövlətimizə olan marağı daha da yüksəlir. Beynəlxalq təşkilatlarla yanaşı Türk Dövlətləri Təşkilatında təmsil olan dövlətlərlə sıx əməkdaşlıq, tərəfdaşlıq münasibətlərinin dərinləşdirilməsi böyük ölçüdə siyasi uzaqgörənliyin məntiqi   nəticəsidir. Mərkəzi Asiyada yerləşən türkdilli dövlətlər dost, qardaş ölkə olan Azərbaycanla əlaqələrə böyük önəm verirlər. Təsadüfi deyil ki, 44 günlük Vətən müharibəsi dövründə və ondan sonrakı dövrlərdə bu regionun dövlətləri Azərbaycanın haqq işinə hər zaman mənəvi dəstək veriblər.  Region ölkələri, xüsusilə TDT-da təmsil olunan dost ölkələr işğaldan azad olunmuş ərazilərimizdə aparılan bərpa-yenidənqurma işlərinə töhfələrini davam etdirirlər. Bu baxımdan Özbəkistan Prezidenti Şavkat Mirziyoyev tərəfindən özbək xalqı adından hədiyyə olaraq Füzulidə inşa edilən Mirzə Uluqbəy adına 1 nömrəli tam orta məktəb xüsusi olaraq qeyd olunmalıdır. Eyni münasibəti sərgiləyən Qazaxıstanı, Qırğızıstanı, Türkmənistanı və digər dövlətləri bu siyahıya daxil etsək bu mənzərəni daha da aydın görə bilərik. Məhz bu baxımdan Prezident Əliyevin Astanaya səfəri ümumilikdə bölgədə sülhün və təhlükəsizliyin təmin olunmasında böyük əhəmiyyətə malikdir. Bu münasibətilər təkcə mədəni iqtisadi əlaqələri deyil, bütövlükdə dövlətlər arasında dərin inteqrasiyanı özündə ehtiva edir. Bütün bunları ümumləşdirsək deyə bilərəm ki, bu münasbətlər həm də böyük bir coğrafi bölgənin çiçəklənməsinə səbəb olacaq. Çünki Orta Asiya ölkələri Azərbaycanın önəmini dərk edir. Azərbaycan bu ölkələri Türkiyəyə, Avropaya bağlayan körpüdür. Bu region uğrunda geosiyasi mübarizə güclənir, Orta Asiya dövlətləri ölkəmizin təcrübəsindən yararlanmaq istəyir. Azərbaycan amili bu ölkələrin manevr imkanlarını artırır. Bütün bu və digər faktorlar Azərbaycanın önəmini birə on artırır”.