AMİP-30

AMİP-in seçkilərlə bağlı BƏYANATI

Ölkənin ərazi bütövlüyünün toxunulmazlığı hər bir müstəqil xalqın milli marağı və ülvi dəyəridir. Bu mənada tarixi torpaqlarımızın işğaldan azad olunması müasir Azərbaycanın yeni inkişaf mərhələsinin başlanğıcıdır. Öz Qələbəsi ilə bölgədə yeni reallıq yaratmış Azərbaycan bütün regionun inkişafında aparıcı qüvvəyə çevrilməkdədir. Formalaşan yeni geosiyasi mənzərə fonunda cərəyan edən proseslər ölkənin bütün siyasi potensialının səfərbər olmasını və yeni siyasi konfiqurasiya naminə aparılan islahatların dərinləşdirilməsini tələb edir.

Növbədənkənar parlament seçkilərinin təşkili də məhz yeni inkişaf dövrünü səciyyələndirən mühüm siyasi hadisələrdəndir. Ümumilikdə 8 namizədlə seçkilərə qatılmış Azərbaycan Milli İstiqlal Partiyasının (AMİP) sədrinin seçicilərin səsini qazanaraq Milli Məclisinin VII çağırışının deputatı seçilməsi Partiyanın həyatında böyük hadisə olmaqla yanaşı, demokratiya və ədalətli seçkilərin təntənəsidir.

  Avqustun 13-də AMİP Mərkəzi Qərərgahında ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosunun uzun müddətli müşahidə missiyasının nümayəndələri, ABŞ-dan olan Laura Villalba və Norveç təmsilçisi Tomas Hug ilə partiya rəhbərliyinin görüşündə də seçki prosesinin ilkin mərhələsində AMİP tərəfindən namizədliyi irəli sürülmüş şəxslərin namizədliklərinin qeydə alınmasında heç bir maneə ilə qarşılaşmadığı və bərabərhüquqlu rəqabət şəraitində təbliğat kampaniyasına başladıqları diqqətə çatdırılmışdı.

         AMİP dörd mindən artıq müşahidəçisi ilə təmsil olunduğu 50 dairədə səsvermə prosesinin yüksək səviyyədə təşkil olunduğunu və keçirilmiş seçkiləri ümumxalq iradəsinin təzahürü kimi dəyərləndirir. Legitimliyi heç bir şübhə doğurmayan növbədənkənar parlament seçkiləri açıq rəqabət şəraitində keçirilmişdir.  

Həmrəylik mühitini siyasi sabitliyin zəmanəti kimi tanıyan AMİP keçirilmiş parlament seçkiləri ətrafında destruktiv qüvvələrin təxribat cəhdlərini qınayır və ölkənin daxili siyasi məsələlərinə xaricdən müdaxilə edilməsini qəbulolunmaz hesab edir. Yeni reallıq və yeni dövrün əsas rəmzlərindən biri olacaq VII çağırış Milli Məclisdə AMİP-in təmsil olunması, eyni zamanda siyasi plüralizmin təzahürüdür. Məsuliyyət, peşəkarlıq və dövlətə sadiqlik prinsiplərini ictimai-siyasi fəaliyyətin mütləq meyarları kimi tanıyan AMİP sözü gedən dəyərlərə parlamentdə təmsil olunduğu dövrdə də sadiq qalacaqdır.