Deputat seçilən partiya sədrləri seçkidən danışdılar
Növbədənkənar parlament seçkilərindən sonra Milli Məclisdə təmsil olunacaq partiyaların sayı da məlum olub.
Belə ki, 11 siyasi partiya parlamentdə təmsil olunmaq hüququ qazanıb.
Bunun özü də seçkilərin necə demokratik və azad şəraitdə keçirilməsindən xəbər verir. Həmçinin, seçkilərin şəffaf keçirildiyini həm yerli, həm də xarici müşahidəçilər təsdiqləyib. Budəfəki seçkidən sonra Azərbaycan Milli İstiqlal Partiyası (AMİP) və Böyük Azərbaycan Partiyası (BAP) da parlament partiyası statusu qazandı.
AMİP sədri Arzuxan Əlizadə və BAP sədri Elşad Musayev deputat seçildi.
“Cebheinfo.az” parlamentə yeni seçilən deputatların təəssüratlarını öyrənib. Azərbaycan Milli İstiqlal Partiyasının sədri Arzuxan Əlizadə seçkilərə qatılarkən özünə inamının olduğunu deyib:
“Mən doğulub, boya-başa çatdığım və bu illər ərzində yaşadığım ərazidən namizədliyimi irəli sürdüm. Həmin ərazidə çox sayda tərəfdarlarımız, dostlarımız, qohumlarımız, yaxınlarımız, məktəb, tələbə və əsgərlik yoldaşlarımız var.
Ona görə də əvvəlcədən nəticənin uğurlu olacağına inanırdım. Hesab edirəm ki, çox uğurlu təşviqat-təbliğat kampaniyası apardıq. Demək olar ki, hər gün seçicilərlə həm geniş tərkibli, həm də məhəllədaxili görüşlərimiz oldu. Lakin bir dəfə də olsun hər hansısa narahatlıq doğura biləcək hadisə ilə qarşılaşmadıq. Bizə qarşı heç bir problem və ya əngəl olmadı. Seçki günü də çox böyük qələbəlik var idi.
Seçicilər çox aktiv şəkildə iştirak etdilər. Mənim namizədliyimi irəli sürdüyüm dairənin məntəqələrində də gün ərzində heç bir qanun pozuntusu qeydə alınmadı. Şükürlər olsun ki, nəticə uğurludur”.
Böyük Azərbaycan Partiyasının sədri Elşad Musayev isə deyib ki, seçkilər tam demokratik şəkildə keçirildi:
“Seçki zamanı hansısa ciddi qanun pozuntusu olmadı. Böyük Azərbaycan Partiyasının əvvəl 25 namizədi var idi. Sonra isə reallıqlar və partiyanın gücü nəzərə alınaraq 6 namizədlə seçkidə mübarizə apardıq.
Əsas güc verdiyimiz dairə isə mənim namizədliyimi irəli sürdüyüm 10 saylı Binəqədi üçüncü seçki dairəsi idi. Orada çox yüksək səviyyədə seçki keçirildi və deputat seçildim. Tam məsuliyyətlə deyirəm ki, Azərbaycanda ən güclü və ən mütəşəkkil seçki kampaniyasını biz keçirdik.
Nəticədə 12 minə yaxın (57 faizə yaxın) səs toplayaraq seçkinin qalibi oldum. Bu, müxalifət partiyası üçün böyük uğurdur. Bizimlə olan, bizə dəstək verən tərəfdarlarımıza, dostlarımıza, eləcə də media nümayəndələrinə təşəkkür edirəm”.