AMİP-30

Arzuxan Əlizadə: “Bu deyilənlərin heç bir hüquqi əsası yoxdur”

Bu günlərdə Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev jurnalistlərə müsahibəsində Ermənistanın son zamanlar surətlə silahlanmasına münasibət bildirərək deyib ki, İraq-Küveyt müharibəsindən sonra İraq silahlı qüvvələrinin inkişafı ilə bağlı müəyyən məhdudiyyətlər oldu: 

“Hesab edirik ki, bu kimi proporsional məhdudiyyətlər Ermənistan silahlı qüvvələrinə də tətbiq olunmalıdır”.

Rusiyada hüquqşünas Aleksandr Tolmaçov öz bildiyi tərzdə Hikmət Hacıyevin fikirlərinə öz “arqumentləri” ilə cavab verib. Bildirib ki, Almaniya və Yaponiyaya qarşı belə məhdudiyyətlər tətbiq edilib, amma həmin dövlətlərə beynəlxalq koalisiya qalib gəlib: “Məsələn, onlar yapon ordusu ilə müqayisə etməyə çalışanda deyirlər ki, ordumuz yoxdur, çünki İkinci Dünya müharibəsindən sonra Almaniya kimi özünümüdafiə ilə məhdudlaşırlar, onda burada çaşqınlığa ehtiyac yoxdur. Çünki müttəfiqlərin beynəlxalq koalisiyası orada qalib gəldi, ona görə də onlar Yaponiya ilə sülh müqaviləsinin şərtlərini diqtə etdilər. Məsələ ondadır ki, Azərbaycan nədənsə qorxursa, o zaman suveren dövlət kimi onun silahlı qüvvələrini inkişaf etdirməyə, səfərbərlik və sair həyata keçirməyə tam haqqı var. Ermənistan da bunu edə bilər. İndi Ermənistan məğlub olmuş, sülhə məcbur olmuş və bunu sülh müqaviləsində qeyd etməyə məcbur olmuş işğalçı ölkə olsaydı, bu mümkün olardı. Amma bu gün Ermənistanın silahlı qüvvələrini ixtisar etməsi ilə bağlı istənilən cəhdlərin bununla heç bir əlaqəsi yoxdur. Ermənistan qanunları bu gün belə bir ordunun olmasına icazə verir, amma sabah başqa ordu da ola bilər. Çünki Ermənistan təcavüzkar dövlət deyil”.

A.Tolmaçov həyasızcasına deyir ki, Ermənistan təcavüzkar deyil. O zaman Azərbaycanın 20 faiz ərazisini kim işğal etmişdi? 10 noyabr 2020-də məğlub olan tərəf bəs kim idi?

Sözügedən məsələ ilə bağlı fikirlərini “Bakı-Xəbər”lə bölüşən AMİP sədri Arzuxan Əlizadə hesab edir ki, bu, tipik erməni həyasızlığının növbəti göstəricisidir: “Məsələ ondadır ki, işğal dövründə də ermənilər bənzər həyasız mövqe sərgiləyirdilər. Qarabağ və ətraf 7 rayonu işğal etmişdilər, amma həyasızcasına deyirdilər ki, bunu Ermənistan etməyib. Guya bunu Qarabağdakı etnik ermənilər edib. Halbuki, hamı bilirdi ki, bir ovuc erməni bunu edə bilməz. İşğalın arxasında dayanan, bunu həyata keçirən Ermənistan ordusu olub. Onlar o zaman həm də bunu onunla əsaslandırırdılar ki, BMT Təhlükəsizlik Şurasının məlum 4 qətnaməsində Ermənistan konkret təcavüzkar tərəf kimi göstərilməyib. Bəs qətnamələrdə Ermənistan yox, Qarabağ erməniləri yazılıb. İndi də erməni maraqlarından çıxış edən satılmış hüquqşünaslar buna bənzər mövqe sərgiləyirlər. Halbuki, bu deyilənlərin heç bir hüquqi əsası yoxdur. Ona görə ki, İkinci Qarabağ müharibəsində Azərbaycan Ermənistan ordusunu darmadağın edərək torpaqları azad edib. 10 noyabr razılaşmasını imzalayan 3 tərəfdən biri Ermənistan baş naziridir. Bunun özü tamamilə hüquqi əsas yaradır ki, Ermənistanın silahlanmasına məhdudiyyət qoyulsun”.