AMİP-30

İsrail yenidən İranı HƏDƏF ALDI – Tehran bu dəfə də SUSACAQ?

Xəbər verdiyimiz kimi, İsrail İranın Suriyadakı bazalarına aviazərbələr endirib. Aviazərbələr nəticəsində azı 5 nəfər ölüb, 19 nəfər yaralanıb.

Zərbələrin bazar günü axşam Həma əyalətinin Masyaf şəhəri yaxınlığında həyata keçirildiyi qeyd edilir. 

The Times of Israel” qəzeti yazır ki, İsrailin raket hücumu nəticəsində Suriyadakı İran obyektləri, o cümlədən Tehranın raket istehsalı bazası vurulub. Qeyd edək ki, Həmanın qərbində yerləşən Masyaf bölgəsi İran qüvvələri və iranpərəst silahlı qruplaşmalar tərəfindən baza kimi istifadə edilir.

Nəşr vurğulayıb ki, həmin ərazidə İran qüvvələrinin dəqiq idarə olunan yer-yer tipli raketlər istehsal edən Elmi Tədqiqat və İnkişaf Mərkəzi yerləşir.

Xatırladaq ki, bundan bir ay əvvəl İranda HƏMAS lideri İsmail Haniyə öldürülüb. Hadisədən dərhal sonra Tehran olayı İsrailin törətdiyini əsas gətirərək, cavab zərbəsi endirəcəkini bəyan edib. Lakin Amerika təyyarə daşıyan gəmilərinin bölgəyə gəlişindən sonra İranın qisas çağırışlarından əsər-əlamət də qalmayıb.

Görəsən, İran yenə də səsini çıxarmayacaq? 

Mövzu ilə bağlı Bizim.Media-ya açıqlama verən AMİP sədri Arzuxan Əlizadənin fikrincə, İran Təl-Əvivlə açıq döyüşdən çəkinir, ona görə də İsrailə cavab zərbələri endirməkdə maraqlı deyil:

“İran rəsmiləri hələ Qasım Süleymani olayında və nəhayət HƏMAS lideinin Tehranda vurulmasından sonra da ən üst səviyyədə qisas əməliyyatı həyata keçirəcəklərilə bağlı çağırışlar etdilər. Amma nəhayət etibarı ilə bu çağırışlar elə çağırış olaraq da qaldı. İran tərəfindən İsrail ərazisi raket atəşinə tutulduğu dönəmdə də sadəcə olaraq, qısa müddətli və uğursuz əməliyyat həyata keçirildi. Belə hesab edirəm ki, bu da razılaşdırılmış və ən azından əvvəlcədən xəbərdarlıq edilmiş hücum idi. Görünən odur ki, İran İsraillə açıq döyüşdən çəkinir. Ona görə də İsrailə cavab zərbələri endirməkdə maraqlı deyil”. 

Müsahibimizin fikrincə, mümkün hücumların nəticəsi də əvvəlcədən bəllidir:

“İran rəsmiləri son bir neçə il ərzində yürütdüyü siyasət nəticəsində sanksiyalara məruz qalıb. İranda yeni texnologiya faktiki olaraq yoxdur, silahlar müasir deyil. Belə arsenalla isə İsraillə açıq müharibəyə daxil olub, nəyəsə nail olmaq da mümkün görünmür. Ona görə də rəsmi Tehran sadəcə olaraq etiraz bəyanatları verməklə kifayətlənirlər. İran bundan sonrakı dönəmdə də İsraillə açıq qarşıdurmaya getməyəcək”.