AMİP-30

Arzuxan Əlizadə: “Moskva Köçəryan vasitəsilə yumruğunu Nikola göstərir ki, burdayam” 

Bir neçə gün əvvəl Ermənistanın ikinci prezidenti Robert Köçəryanla Rusiya prezidenti Vladimir Putin arasında telefon danışığı olub. Bu barədə erməni mediası məlumat yayıb.

Bildirilir ki, Rusiya rəhbəri Ermənistanın keçmiş prezidentini 70 illik yubileyi münasibətilə təbrik edib. Telefon danışığının detalları barədə məlumat verilmir.

Erməni mediasının məlumatına görə, xüsusilə hazırkı gərgin zamanda bu zəng diqqət çəkir. Bu, Rusiyanın Ermənistana diqqəti yenidən artırdığı deməkdir. Bir tərəfdən Rusiya rəsmiləri İrəvana səfər edir, hökumət nümayəndələri ilə görüşür, digər tərəfdən isə Ermənistan müxalifətinin üzvləri ilə əlaqə saxlanılır. Moskva hazırkı erməni hökuməti ilə əlaqə saxlasa da, ona güvənmir. Lakin İrəvandakı köhnə tərəfdaşlarına inanır. Bu səbəbdən onlarla təmasları artırır. 

Maraqlıdır, Ermənistanın aparıcı revanşist liderlərinin Rusiya və onun prezidenti tərəfindən belə dəstəklənməsi hazırda Ermənistan-Azərbaycan sülh tənzimlənmə prosesinə hansısa formada maneçilik törədirmi? Putinlə Köçəryan arasında şəxsi dostluq varsa, bu qəbahət sayılmır. 

O da məlumdur ki, hər iki lider təxminən eyni vaxtda hakimiyyətə gəlib. 1997-ci ildə Ermənistanın baş naziri olan Köçəryan 1998-ci ilin fevralında Levon Ter-Petrosyanı istefaya məcbur etdi. Ondan sonra prezident oldu. O zaman Putin Rusiya Federal Təhlükəsizlik Xidmətinin sədri idi. 9 avqust 1999-cu ildə Rusiya prezidenti Boris Yeltsin Putuni baş nazir təyin etdi. Nə sirdirsə, məhz ondan sonra həm Rusiyada, həm də Ermənistanda böyük terror hadisələri baş verdi. 1999-cu ilin 27 oktyabrında Ermənistan parlamenti gülləbaran edildi. Baş nazir Vazgen Sarkisyan, parlament sədri Karen Dəmirçiyan daxil 8 əsas fiqur öldürüldü. Məhz ondan sonra “Qarabağ klanı” Ermənistanda hakimiyyəti tam qamarladı. Dəfn mərasimində Putin iştirak edib öldürülənlərin Rusiyanın dostu olduğunu desə də, bunun arxasında Moskvanın durduğu barədə versiyalar bu gün də səslənir. Yeri gəlmişkən, o zaman danışıqlarda Mehri dəhlizi söhbəti var idi. Yəni Naxçıvana quru yolunun açılması. İndinin özündə də bir sıra erməni ekspertləri əminliklə bəyan edirlər ki, Sarkisyanla Dəmirçiyan bu variantın əleyhinə getdiklərinə görə öldürülüblər. Hətta Dəmirçyanın həyat yoldaşı Rima Dəmirçyanın xatirələrində bununla bağlı bəzi qeydlər öz əksini tapıb. Ümumilikdə, Köçəryanla Putin arasında çox yaxın münasibətlər var. Hətta illər əvvəl Putin Almaniya kansleri Herhard Şröderin, Silvio Berluskoninin və Köçəryanın onun yaxın dostları olduğunu bəyan edib. 2021-ci ildə Rusiya Köçəryanı yenidən hakimiyyətə gətirmək istəsə də, bu alınmadı. 

Bütövlükdə, Putinlə Köçəryanın arasında telefon söhbəti şəxsi dostluqla bağlı olsaydı, bunu ictimailəşdirməmək də olardı. Belə şəraitdə Putinin zənginin ictimailəşdirilməsi istər-istəməz Ermənistanda revanşist qüvvələri ruhlandırır. O baxımdan Rusiya hakimiyyəti tərəfindən bu cür himayə olunmalar hazırkı Azərbaycan-Ermənistan sülh normallaşma prosesinə təsir göstərirmi? Göstərirsə hansı formada?

Sözügedən məsələni “Bakı-Xəbər”ə şərh edən AMİP sədri, millət vəkili Arzuxan Əlizadə hesab edir ki, belə diqqət və bunun ictimailəşdirilməsi istər-istəməz danışıqlara təsir edir: “Bununla, Rusiya Paşinyana mesaj verir ki, onların iştirakı olmadan danışıqları dəstəkləməyəcəklər. Məgər son vaxtlar Ermənistan daxilində müxalifətin fəallaşması, Rusiya rəsmilərinin İrəvana intensiv səfərləri, verilən sərt tonda açıqlamalar təsadüfdür? Rusiya xüsusi olaraq 10 noyabr 2020-ci il üçtərəfli razılaşmasının 9-cu bəndini qabardır. Məgər erməni əsilli Lavrov bizə ürəyi yandığından bunu xüsusi vurğulayır? Əlbəttə ki, yox. Məsələ ondadır ki, Rusiya Zəngəzur dəhlizinə nəzarət etmək istəyir. Bu isə nəticə etibarı ilə Orta Dəhlizə nəzarət deməkdir. Qərb isə bunu istəmir. O səbəbdən Paşinyan 9-cu bəndi yerinə yetirməkdən yayınır. Köçəryan zatən Paşinyanın qanına susayıb. Sadəcə, sosial dayaqları zəif olduğu üçün revanşistlər hakimiyyətə gələ bilmir. Revanşist qanad belə bir təbliğat üzərində dayanır ki, guya Paşinyan Azərbaycanla danışıqlarda birtərəfli güzəştlər edir. Keşiş Baqratın rəhbərliyi ilə etiraz aksiyaları bunun üzərində qurulmuşdu. Ehtimallara görə, Paşinyanın Ermənistan Konstitusiyasından Azərbaycana yönəlik ərazi iddialarını çıxarmaması bununla əlaqədardır. Bu səbəbdən referendum 2027-ci ildə keçiriləcək. Bir sözlə, Moskva Köçəryan vasitəsilə yumruğunu Nikola göstərir ki, burdayam”.