AMİP-30
Afsəddin Qinyaz oğlu Nəbiyev

Afsəddin Nəbiyev: “Konqres tərəfindən belə çağırışlar ədalətsizliyin ən bariz sübutudur”

Amerikalı konqresmendən Azərbaycana qarşı növbəti hücum. ABŞ konqresmeni Adam Şiff Azərbaycan aktivlərinin müsadirə edilməsi ilə bağlı qanun layihəsi hazırlayıb.

İkipartiyalı qanun layihəsində deyilir: 

1.Azərbaycanın suveren aktivlərinə sahib olan bütün ABŞ maliyyə institutlarından bu aktivlər barədə ABŞ Maliyyə Nazirliyinin Xarici Aktivlərə Nəzarət Ofisinə məlumat vermələrii tələb edilsin. Prezident, qanunun qəbul edildiyi gündən 60 gün müddətində bu aktivlərlə bağlı əməliyyatları bloklamalı, bloklandığı gündən 90 gün ərzində isə onları müsadirə etməlidir. 

2.Müsadirə edilmiş Azərbaycan aktivlərini alacaq “Artsax gəlirlərinin bərpası Fondu” yaradılsın və sonra bu vəsait Azərbaycanın “hərbi hücumu nəticəsində Artsaxdan didərgin düşmüş, əmlaklarından, bizneslərindən və iş yerlərindən əldə etdikləri gəlirlərə görə kompensasiya almaq hüququ olanlar” üçün istifadə edilsin. 

3.“Artsaxa” hərbi hücumda iştirak edən və ya dəstəkləyən yüksək rütbəli Azərbaycan məmurlarına və onların yaxın ailə üzvlərinə viza məhdudiyyətləri tətbiq edilsin və onların ABŞ-dakı şəxsi aktivləri müsadirə edilsin. 4.Köçkün ermənilərə Fonddan kompensasiya almaq üçün müraciət etməkdən ötrü sadələşdirilmiş prosedur yaradılsın.

Sözügedən məsələ ilə bağlı fikirlərini “Bakı-Xəbər”lə bölüşən AMİP-in sədr müavini Afsəddin Nəbiyevin fikrincə, Azərbaycanın dövlət suverenliyini həzm edə bilməyən ABŞ Konqresi tərəfindən belə çağırışlar ədalətsizliyin ən bariz sübutudur: “Belə bir nəticəyə gələ bilərik ki, Konqres, ümumiyyətlə, Ermənistanı izləmir və bu ölkə haqqında heç bir həqiqəti ortaya çıxarmaq istəmir. Sadəcə bəhanələr axtarırlar. Belə çıxır ki, Ermənistan Azərbaycanın 20 faiz torpaqlarını 30 il ərzində işğal etməklə, yüz milyardlarla dollarla ölçülən ziyanı vurmaqla, azərbaycanlıları etnik və dini nifrət zəminində tamamilə qovmaqla soyqırımına məruz qoymaqda haqlı imiş? Bu ölkədə vaxtilə qeydiyyatdan keçmiş 300-ə yaxın məscidi və bizə məxsus bütün digər dini, mədəni irsi dağıdanların məsuliyyətini kim daşıyır? Amerikanın ədaləti budurmu? Buradan aydın olur ki, Birləşmiş Ştatların Azərbaycana qarşı nifrət dolu fəaliyyəti islamofob, türkəfobiya  xarakteri daşıyır və müsəlmanlara qarşı ədalətsizliyi təşviq edir. Təbii ki, biz Azərbaycan Milli İstiqlal Partiyası olaraq həmin çağırışları qətiyyətlə rədd edir və ABŞ Konqresini mənasız vasitələrlə Azərbaycana təzyiq göstərmək niyyətindən əl çəkməyə çağırırıq. Yaxşı olardı ki, uzun illər ərzində Azərbaycanın dövlət suverenliyinə qəsd edən ermənilərə deyil, yuxarıda sadaladığım faktlara görə Azərbaycana dürüst davranış sərgiləsinlər. Görünən odur ki, ABŞ Konqresi bir ovuc erməninin əlində yenidən alətə çevrilməklə, 1992 -ci ildə mənfur 907-ci düzəlişə bənzər ədalətsiz qərarlar qəbul etməklə Azərbaycana təzyiq etməyə çalışır. Ancaq Azərbaycan 1992-ci  illərin Azərbaycanı deyil. Biz indi dəqiqliklə bilirik ki, xristian təəssübkeşliyi demokratik dəyərləri, ədalətliliyi arxa plana keçirib. Nədən ABŞ Konqresi bir dəfə də olsun Ermənistanın,  eyni zamanda qondarma “artsaxın” Azərbaycanın dövlət təhlükəsizliyini təhdid etdiyi illərdə bir dəfə də olsun belə təşəbbüsləri irəli sürmədi. Görünən odur ki, belə təxribat xarakterli addımların qarşısını almaq üçün hər bir vətəndaşımızın, eyni zamanda Azərbaycan diplomatik korpusunun üzərinə böyük məsuliyyət düşür. Biz bu həqiqətləri bütün dünyada yaşayan xalqların diqqətinə çatdırmalıyıq. İnanıram ki, bu işlərin də öhdəsindən layiqincə gələcəyik”.