Ermənistan sülh danışığında nə qədər səmimidir? – Paşinyan da fərqindədir ki…
“Ermənistanın Baş naziri Nikol Paşinyan çox gözəl anlayır ki, Azərbaycanın sülhün əsas prinsipləri ilə bağlı mövqeyi qəti və dəyişməzdir”.
Bunu Bakıvaxtı.az-a Azərnbaycan Milli İstiqlal Partiyasının sədri Arzuxan Əlizadə Nikol Paşinyanın “Ermənistanın təhlükəsizliyinə təminat yalnız sülh ola bilər” fikrinə münasibət bildirərkən deyib.
A.Əlizadə bildirib ki, beynəlxalq hüquqda qəbul edilmiş prinsiplərə görə, əgər müqavilə imzalanırsa, bütün əsas nüanslar nəzərə alınmalıdır:
“Əsas məqamlar razılaşdırılmadan sülh sazişininin imzalanması mümkün deyil. Hətta çərçivə sənədi belə yarımçıq formada imzalana bilməz. Rəsmi Bakının tələbləri aydın və tam hüquqidir. Azərbaycan tələb edir ki, Ermənistan konstitusiyasında sülhə mane olan ərazi iddiaları mütləq aradan qaldırılmalıdır. Həmçinin, qardaş Türkiyəyə qarşı ərazi iddiaları da qanunverici aktlardan çıxarılmalıdır. Çünki söhbət 30 ildən artıq davam etmiş işğalçılıq siyasətinə, daha uzun müddət mövcud olmuş separatizmə birdəfəlik son verilməsindən gedir”.
Müsahibimiz vurğulayıb ki, sülh sazişi bütün bu məsələləri sonlandırmalıdır. Əks halda Paşinyan da fərqindədir ki, Bakının konstitusiya, ərazi iddiaları ilə bağlı haqlı tələbləri yerinə yetirilmədən Azərbaycan tərəfi sənədə imza atmayacaq. Bunu fürsət kimi dəyərləndirən baş nazir özünü “sülhsevər” rəhbər kimi göstərmək məqsədi ilə mütəmadi sülhlə bağlı bəyanatlar səsləndirir.
A.Əlizadənin qənaətincə, Ermənistan tərəfinin ardıcıl olaraq “sülh sazişinin 80 faizi razılaşdırılıb, sənədi imzalamaq olar” açıqlamaları dünya ictimaiyyətini aldatmağa hesablanıb:
“Bu, İrəvanın piarıdır və beynəlxalq ictimaiyyəti aldatmaq cəhdləridir. Elə görüntü yaratmaq istəyirlər ki, guya işğalçı Ermənistan sülhdə maraqlıdır, amma Azərbaycan istəksizdir. Hətta Qərbdə müəyyən dairələri də bu yalana inandırırmağa nail olurlar. Məsələnin kökündə isə o dayanır ki, qalıcı sülh üçün Ermənistan Azərbaycana yönəlik ərazi iddialarından əl çəkməli, gələcəkdə hər hansı revanşa, təxribatlara meyl etməməlidir”.
Qeyd edək ki, Baş nazir Nikol Paşinyan bildirib ki, Ermənistanın təhlükəsizliyinə təminat yalnız sülh ola bilər. O vurğulayıb ki, dünyada Ermənistanın təhlükəsizliyini təmin etməyə qadir olan heç bir ölkə və ya hərbi blok yoxdur:
“Ermənistan regionda sülh təmin olunacağı halda özünün təhlükəsizliyini təmin edə bilər. Təhlükəsizlik təminatlarından danışırıqsa, yalnız bir təhlükəsizlik zəmanəti var – sülh. Azərbaycana deyirik ki, gəlin razılaşdırdığımız maddələri imzalayaq, razılaşdırılmamış məsələlərə keçək, amma onlarda belə bir fikir var ki, yox, bütün maddələr razılaşdırılmayana qədər sülh müqaviləsi imzalanmamalıdır”.
Paşinyan bildirib ki, həmin müqavilədə Azərbaycanın aylar əvvəl təklif etdiyi, razılaşdırılmayan bir maddə var:
“Deyək ki, hamısı razılaşdırılmış X sayda maddə var. Tərəflərdən biri deyə bilər ki, başqa bir maddə də var və bu barədə də razılaşmaq lazımdır. Bununla razılaşa bilərik, o zaman başqa bir maddə ortaya çıxa bilər. Heç yerdə yazılmayıb ki, sülh müqaviləsi 25 maddədən ibarət olmalıdır, 14 və ya 17 maddə ola bilməz. Həmişə başqa bir maddə ortaya çıxa bilər və tərəflərdən biri deyə bilər ki, bununla razılaşana qədər müqavilə imzalamağı mənasız hesab edirik. Fakt budur ki, bütün mümkün suallara cavab verən müqavilə yoxdur”.