AMİP-30

Azərbaycana qarşı kampaniya: “Qarşısı alınacaq”

“Qələbəmizi həzm edə bilməyən xarici dairələr bizə qarşı yeni planlar hazırlayır”. 

Bu sözləri Prezident İlham Əliyev VII çağırış Milli Məclisin ilk iclasındakı çıxışı zamanı deyib. 

Dövlətimizin başçısı vurğulayıb ki, media kampaniyasının, qarayaxma, iftira, böhtan kampaniyalarının da məqsədi məhz budur:

“Bu mövzunu daim gündəlikdə saxlamaq və ümidlə yaşamaq ki, nə vaxtsa Azərbaycan büdrəsə, zəifləsə, yenidən bizə qarşı bu çirkin hərəkətlər başlasın. Yəni, biz bunu bilməliyik. Azərbaycan iqtidarı bunu bilir, ictimaiyyət də bunu bilməlidir. Ona görə arxayınlaşmağa bizim heç cür imkanımız yoxdur”. 

Qeyd edək ki, son zamanlar bəzi xarici qüvvələr tərəfindən ölkəmizə qarşı qarayaxma kampaniyası aparılır. Həmin qüvvələr əvvəllər Azərbaycanı sanksiyalarla hədələməyə çalışırdılar. Bunun effekt vermədiyini gördükdə isə yeni metoda əl atdılar. İndi də bəzi Qərb dairələri ölkəmizə qarşı çirkin şəkildə böhtan və qarayaxma kampaniyası aparırlar. Lakin bu addımların da heç bir nəticə verməyəcəyi bəllidir. 

Azərbaycan Milli İstiqlal Partiyasının (AMİP) sədri, deputat Arzuxan Əlizadə “Cebheinfo.az”-a açıqlamasında bildirib ki, Prezident İlham Əliyev VII çağırış Milli Məclisin açılışındakı çıxışı zamanı çox ciddi mesajlar verdi: 

“Bu mesajlardan biri torpaqlarımızı işğaldan azad etdikdən sonra da Azərbaycana qarşı qarayaxma kampaniyalarının artması ilə bağlıdır. Bir çox güc və beynəlxalq təşkilat Azərbaycanın suverenliyini və ərazi bütövlüyünü bərpasını həzm edə bilmir. 

Buna görə də ölkəmizin üzərinə hücumlar davam edir. Bu hücumların qarşısını almaq üçün bir sıra addımlar atılmalıdır. Prezident bununla bağlı Azərbaycan dövlətinin qarşısında duran vəzifələri də diqqətə çatdırıb. Dövlətimizin başçısı vurğulayıb ki, həmin vəzifələrdən birincisi Azərbaycan Ordusunun daha da gücləndirilməsi və yeni silah-sursatla təchiz edilməsidir. 

Həmçinin, ölkənin sərhəd infrastrukturunun yeni texniki vasitələrlə təchiz olunması da qarşıda duran əsas vəzifələrdən biridir”. 

Partiya sədri onu əlavə edib ki, Azərbaycan həqiqətləri beynəlxalq təşkilatların və ictimaiyyətin diqqətinə çatdırılmalıdır: 

“Azərbaycan ərazilərini işğaldan azad etməklə regionda sülhə və sabitliyə nail olunmasna böyük töhfə verib. Bundan sonrakı dönəmdə də bölgədə sülhün əsas təminatçısı Azərbaycan dövlətidir.

Biz də öz növbəmizdə Prezident İlham Əliyev tərəfindən sadalanan və qarşıda duran vəzifələrin lazımi səviyyədə həyata keçirilməsinə nail olmalıyıq”.

Arzuxan Əlizadə ölkəmizə qarşı aparılan qarayaxma kampaniyasının məqsədlərindən də danışıb: 

“Bəzi xarici qüvvələr guya ölkəmizdə bir sıra məsələlərlə bağlı problemlərin olduğunu iddia edirlər. Əslində, bu qarayaxma kampaniyalarının arxasında Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini bərpa etməsini həzm edə bilməyən qüvvələr dayanır.

Ona görə də müxtəlif bəhanələrlə ölkəmiz haqqında böhtan və qarayaxma kampaniyasını davam etdirirlər. Onlar Azərbaycanda guya insan hüquqları və sosial məsələlərlə bağlı hansısa problemlərin olduğunu iddia edirlər. Məsələnin kökündə qarayaxma kampaniyası ilə Azərbaycanı zəiflətmək, ölkəmizin nüfuzunu aşağı salmaq məqsədi dayanır. Xüsusilə də COP29 konfrasının Bakıda keçirilməsi ərəfəsində Azərbaycana qarşı haqsız hücumlar edilir. 

Bəlkə də bu tədbirin paytaxtımızda keçirilməsinin əhəmiyyətini azaltmaq istəyirlər. Amma bu da mümkün olmayacaq. Bu istiqamətdə hər birimizin üzərinə çox böyük vəzifələr düşür. Azərbaycan həqiqətlərinin həm beynəlxalq ictimiayyətin, həm də məlum təşkilatların diqqətinə çatdırmaqla qarayaxma kampaniyasının qarşısını almalıyıq və alacağıq”.