AMİP-30

Rəşad Bayramov: “Belə çağırışlar birbaşa Rusiyanın mövqelərinin güclənməməsinə xidmət edir”

İranın 200-dən çox ballistik və qanadlı raketlə İsrailə cavab hücumunun əks-sədası davam edir. ABŞ prezidenti Bayden İrana cavab verməyə qərar verən İsrailin İrandakı neft yataqlarını vura biləcəyi iddiaları ilə bağlı yeni açıqlama verib.

Bayden İrana necə cavab veriləcəyi ilə bağlı İsraillə daimi təmasda olduqlarını deyib. ABŞ prezidenti bildirib ki, İranın neft yataqlarına zərbə endirilməsinə alternativlər nəzərdən keçirilməlidir. “Mən İsrailin yerində olsaydım, İranın neft yataqlarını vurmazdım” – deyən Bayden qeyd edib ki, İsrail mümkün hücumla bağlı dərhal qərar verməyəcək. Bayden bundan əvvəl İsrailin İranın neft obyektlərinə hücum ehtimalını müzakirə etdiklərini demişdi.

Ümumən, biz İranın neft obyektlərinin vurulmasının tərəfdarı deyilik. Ancaq maraqlıdır, Bayden indiki şəraitdə İranın neft obyektlərinin vurulmasına niyə belə həssas yanaşır? Neft obyektlərinin vurulmasına qarşı olmaqda ABŞ-ın, Baydenin maraqları nədir? Məntiqlə İran düşməndirsə, əslində ABŞ heç bir güzəşt etməməlidir. Ucdantutma hər şeyin vurulmasına dəstək olmalıdılar. Ancaq buna rəğmən, Bayden neft obyektlərinin vurulmasına qarşıdır. Maraqlıdır, bunda ABŞ-ın güddüyü məqsəd və hədəflər nə ola bilər?

Sözügedən məsələ ilə bağlı fikirlərini “Bakı-Xəbər”lə bölüşən AMİP Ali Məclisinin sədri Rəşad Bayramov Baydenin belə mövqe sərgiləməsini bir sıra amillərlə əlaqələndirdi: “Birləşmiş Ştatların və ümumiyyətlə Qərbin İsrailin İranın neft obyektlərinə zərbə vurmaq istəyinə qarşı olacaqları əvvəlcədən bəlli idi. Çünki neft hasil edən sahələrə zərbələrin vurulması dünya bazarında neftin qiymətinin kəskin bahalaşmasına gətirib çıxaracaqdı. Bu da indiki mərhələdə birbaşa Rusiyanın maraqlarına xidmət edir. Sanksiyalar üzündən onsuz da ucuz qiymətə enerji məhsulları satan Rusiya dünya bazarında neftin qiymətinin qalxması ilə özünü bərpa edə və əlavə maliyyə vəsaitləri əldə edə bilər. Bu da nə ABŞ-ın, nə də Avropa İttifaqının marağındadır. Ona görə də Bayden qəti olaraq neft obyektlərinin vurulmasının tərəfdarı deyil. İsraillə aktiv danışıqlar aparır ki, neft obyektlərinə zərbə vurulmasın. Belə çağırışlar birbaşa Rusiyanın mövqelərinin güclənməməsinə xidmət edir. Ancaq məsələ ondadır ki, söhbət İsrail kimi bir dövlətdən gedir. Son müddət ərzində ayrı-ayrı ölkələrin, beynəlxalq qurumların etirazlarına baxmayaraq, İsrailin Qəzzada quru əməliyyatlarını davam etdirməsinə, Rəfah istiqamətində hərbi əməliyyatlar keçirməsinə, Livana hücumuna da şahidlik etmişik. Bütün bunlar azmış kimi, İranda HƏMAS-ın lideri İsmayıl Haniyəni öldürdülər. Ona görə də Benyamin Netanyahunun Baydenin məsləhətlərinə nə dərəcədə qulaq asacağı suallar doğurur. Ancaq fakt ondan ibarətdir ki, bu gün İranla İsrail arasında aktiv müharibənin gedişi indiki halda istənilən formada Rusiyanın maraqlarına xidmət edir. Birinci növbədə ona görə ki, yaranan gərginlik Qərbin silah tədarükünü tam İsrailə yönəltməsinə aparır. Belə olan halda, istər-istəməz, Ukrayna uzun müddət zəif durumda qalacaq. İkincisi isə, dünya bazarında neftin qiymətinin kəskin artmasına səbəb olacaq. Bundan da qazanan Rusiya olacaq. Onu da nəzərə almaq lazımdır ki, Qərb tərəfindən sanksiyalar səbəbindən Rusiya və İranın öz enerji məhsullarını satdıqları ölkələr demək olar eynidir. Hər iki ölkə bu məhsulları əsasən Çin və Hindistana satır. Belə bir mərhələdə İranın oyundankənar qalması həmin ölkələrin Rusiyadan asılılığını daha da artıracaq”.