AMİP-30
Afsəddin Qinyaz oğlu Nəbiyev

Afsəddin Nəbiyev: “Əminliklə deyirəm ki, bütün bunlar razılaşdırılmış bir oyundur”

Ermənistandan növbəti anti-Rusiya demarşı. Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan Rusiyaya qarşı Qərb sanksiyalarını pisləyən bəyanatı imzalamayıb. Belə ki, Mirzoyan Rusiya və keçmiş sovet respublikaları xarici işlər nazirlərinin Qərbin Moskvaya qarşı birtərəfli sanksiyalarını pisləyən və çoxqütblü beynəlxalq təhlükəsizlik nizamına çağıran birgə bəyanatları imzalamaqdan imtina edib.

Burada paradoksal məqam odur ki, ilin sonuna Ermənistanla Rusiya arasında ticarət dövriyyəsinin 16 milyard dollar olacağı gözlənilir. Bunun nəyin hesabına olacağı bəllidir. Söhbət ondan gedir ki, Ermənistan qadağan olunan məhsulları təkrar Rusiyaya ixrac edir. O baxımdan bir belə ticarət dövriyyəsi hara, Rusiyaya qarşı Qərb sanksiyalarını pisləyən bəyanatı imzalamamaq hara? Deməli, bu iki ölkə arasında qabaqcadan razılaşdırılmış bir oyun var. Yəni Moskva ilə İrəvan arasında razılaşdırılmış bir oyun gedir.

Sözügedən məsələ ilə bağlı fikirlərini “Bakı-Xəbər”lə bölüşən AMİP-in sədr müavini Afsəddin Nəbiyev hesab edir ki, dəyişən dünyamızda gərgin vəziyyətdə olan dövlətlərin birxətli siyasəti mümkünsüz görsənir: “Düşdüyü ağır durumu fürsətə çevirmək bax buna deyərlər. Ernənistanın hazırkı siyasi rəhbərliyi siyasətdə mümkün olan nəticəni əldə etmək üçün hər bir dövlətlə  münasibətlərdə özünəməxsus “rəng” seçərək, buqələmun olmağı fürsət kimi dəyərləndirir. Əslində erməni hiyləgərliyi bu vəziyyətdə də Avropa və Rusiyanın ərköyün “övladı” olaraq Ermənistanı vəziyyətdən çıxarmağa çalışır. Burada bir məqam xristian təəssübkeşliyidirsə, digər ciddi bir məqam Ermənistanın Cənubi Qafqazda alət kimi istifadə olunmasıdır. Daha dəqiqi, Ermənistan bu bölgədə Avropa dövlətləri və Rusiya üçün gərəkli “oyuncaq” vasitəsidir. Məntiqlə yanaşsaq, Ermənistan işğalçı olanda da, separatçıların arxasında dayananda da, hətta məğlub olanda da bu dövlətlər üçün Ermənistan sanki yağlı toxunulmaz bir tikədir. Məhz bu amillərə görə Paşinyan hakimiyyətə gəldikdən sonra heç bir ideologiyanın daşıyıcısı olmayacağını bəyan edib. Avropa və Rusiyaya belə bir Ermənistan lazım olduğu üçün onlar da bu dövləti bu bölgədə maşa kimi istifadə edirlər. Rusiyanın əksinə getmək hara, bu dövlətin hesabına böyük ticarət tərəfdaşlığı hara? Elə bu günlərdə Vladimir Putin Kremldə Ermənistanın baş naziri Nikol Paşinyanla görüşündə ilin sonuna gözlənilən ticarət dövriyyəsinin həcmini açıqladı.“Bu ilin sonunda Rusiya ilə Ermənistan arasında ticarət dövriyyəsi rekord həddə – 14-16 milyard dollara çata bilər”, – bu sözləri guya Ermənistanla münasibətləri olmayan dövlətin başçısı, Rusiya prezidenti Vladimir Putin dedi. Ermənistanı bir dövlət olaraq ermənilər satışa çıxarsalar, heç 14 milyarda sata bilməzlər. Əminliklə söyləyə bilərik ki, bu addımlar Ermənistan və Rusiya arasında olan ictimaiyyətə görsənən münasibətləri həqiqi şəkildə ifadə etmir. Əminliklə deyirəm ki, bütün bunlar razılaşdırılmış bir oyundur. Həm Avropa dövlətləri, həm də Rusiya qarmaqarışıq mürəkkəb tarixi bir prosesdə Cənubi Qafqazda sözəbaxan Ermənistan vasitəsilə təzyiq aləti yaradırlar. Ona görə Azərbaycan dövləti sayıqlığı bir an itirmədən ordumuzun güclənməsinə daha çox diqqət ayırmalıdır. Necə ki, bu prosesi layiqincə edə bilir”.