Rəşad Bayramov: “Simonyanın mötəbər tribunadan belə deməsi faktları saxtalaşdırmaq cəhdidir”
Ermənistan parlamentinin spikeri Alen Simonyan deyir ki, Bakı və İrəvan sülh sazişini əldə etməyin astanasındadır. Spiker Cenevrədə Parlamentlərarası İttifaqın 149-cu assambleyası çərçivəsində sözügedən məsələ ilə bağlı bunları qeyd edib:
“Bir neçə ay öncə sülh prosesi başlayanda Azərbaycan beynəlxalq səviyyədə qəbul olunmuş beş müddəa üzrə bizim razılığımızı istəyirdi. Biz bu gün artıq 16 müddəa üzrə tam razılıq əldə etmişik”.
O, Azərbaycanı siyasi iradə göstərərək fürsətdən yararlanmağa, mümkün olanı reallışdırmağa çağırıb: “Ermənistan elə bu gün sülh sazişini imzalamağa hazırdır”.
Simonyan 16 maddənin razılaşdırılmasından dəm vurur. Baş nazir Nikol Paşinyan təxminən bir ay öncə deyirdi ki, saziş layihəsinin 16 müddəasından 13-ü üzrə razılıq əldə olunub və gəlin buna uyğun sülh imzalayaq. Belə olan halda 16 hardan çıxdı? Bunların hərəsi bir söz danışır. Digər tərəfdən, Simonyan deyir çağırırıq ki, Azərbaycan siyasi iradə nümayiş etdirsin. Halbuki, sülh sazişi imzalamağa siyasi iradəsi olmayan Ermənistandır, Azərbaycan yox. O baxımdan dünya parlamentləri sədrlərinin gözü qarşısında Ermənistan spikeri tam yalan danışdı.
Sözügedən məsələ ilə bağlı fikirlərini “Bakı-Xəbər”lə bölüşən AMİP Ali Məclisinin sədri Rəşad Bayramov hesab edir ki, Simonyan razılaşdırılmış maddələrin sayını təhrif edir: “16 maddə razılaşdırılıb deyəndə nəyi nəzərdə tutduğunu, yəqin ki, Simonyanın özündən başqası bilmir. Çünki ortada real faktlar var. Fakt ondan ibarətdir ki, sülh sazişi mətnində razılaşdırılmayan məsələlər üzündən indiyə qədər sazişin imzalanması mümkünsüz olub. Razılaşdırılmayan məqamlarla bağlı nələrin nəzərdə tutulduğu məlumdur. Məlumdur ki, 3 məsələ ilə bağlı tərəflər arasında razılaşma əldə edilməyib. Bunlardan birincisi Ermənistanın Azərbaycana qarşı Konstitusiyasında öz əksini tapan ərazi iddialarıdır. İkincisi, delimitasiya və demarkasiya prosesinin hansı əsaslarla davam etdirilməsi ilə bağlı məsələ idi. Üçüncüsü də, Zəngəzur dəhlizi ilə bağlı məsələ idi. Bu məsələnin də hər iki tərəfin razılığı ilə ayrıca müzakirə edilməsi razılaşdırıldı. Yəni sülh sazişi mətnindən çıxarıldı. İndi Simonyanın mötəbər tribunadan “16 müddəa üzrə tam razılıq əldə etmişik” deməsi, təbii ki, faktları saxtalaşdırmaq cəhdidir. Çünki sözügedən məsələlərin razılaşdırılması üçün Azərbaycan tərəfinin konkret mövqeyi var. Simonyan belə deyirsə, o zaman Ermənistan Konstitusiya dəyişiklikləri ilə bağlı üzərinə real öhdəliklər götürür və digər delimitasiya prosesi Azərbaycanın şərtləri daxilində davam etdirilməsi ilə bağlı məsələyə də razılığını bildirir. Bu razılıqlar olubsa, o zaman elə bir tribunadan Azərbaycana çağırış etməyin nə mənası var? Çünki bu saziş Azərbaycan tərəfindən hazırlanıb və ilk gündən əsasən Bakı təkliflər ortaya qoyur. İndiyə qədər sazişin imzalanmaması Ermənistanın sadalanan konkret məsələlərə razılıq verməməsi ilə bağlıdır. Əgər bu razılıq verilibsə, o zaman Azərbaycana niyə çağırış olunur? Onsuz da biz sülh sazişinin məlum şərtlər daxilində imzalanmasının tərəfdarıyıq. Bütün bunlar onu deməyə əsas verir ki, Simonyan belə bir tribunadan istifadə edərək yalan məlumat verməklə ictimai rəyi çaşdırmaq məqsədi güdüb. İkinci bir tərəfdən də, dünya birliyinə guya Ermənistanın sülhpərvər obrazını təqdim etmək və əksinə, sülhə hazır olmayan tərəf kimi Azərbaycanı göstərməkdir. Ona görə də onun bu yalan bəyanatı ilə bağlı Azərbaycan tərəfinin konkret beynəlxalq təşkilatlara müraciəti olmalıdır”.