AMİP-30

Rəşad Bayramov: “Azərbaycan olaraq bizim artıq güzəşt limitimiz yoxdur”

Avropa İttifaqı Bakı və İrəvan arasında normallaşma prosesinə hərtərəfli dəstək verməyə davam edir. Bunu Avropa Parlamentinin iclasında Avropanın məşğulluq və sosial hüquqlar üzrə komissarı Nikolas Şmit deyib.

O qeyd edib ki, COP29 da sülh üçün tarixi bir fürsətdir: “Azərbaycan və Ermənistan onilliklər boyu davam edən münaqişəni geridə qoymağa heç vaxt bu qədər yaxın olmayıblar. Konfrans Azərbaycan və Ermənistan üçün sülhə sadiqliklərini və sülh sazişinin imzalanması üçün siyasi iradə nümayiş etdirmək baxımından tarixi şans olacaq. Avropa İttifaqı olaraq, normallaşma prosesinə tam dəstəyimizi verməyə davam edirik və bütün tərəflərin davamlı sülhdən bəhrələnməsi üçün lazımi resursları səfərbər etməyə hazırıq”.

Ümumən, Avrokomissarın, ABŞ prezidenti Cozef Baydenin müraciətində ümumi məzmun belədir ki, sülh üçün indiyə qədər belə şans olmayıb. Maraqlıdır, nədir o şans? Əgər belə bir şans yaranıbsa, o zaman bunun əvvəlki şanslardan nə kimi fərqi var? Qərb rəsmiləri tez-tez bu ifadəni işlədirlər. Doğrudanmı sülh üçün belə bir şans var? Halbuki, reallıqda bu heç də belə deyil.

Sözügedən məsələ ilə bağlı fikirlərini “Bakı-Xəbər”lə bölüşən AMİP Ali Məclisinin sədri Rəşad Bayramov buna birmənalı yanaşmadı: “Bütövlükdə, Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşması, sülh sazişinin imzalanması üçün real imkanlar var. Ən azından nəzərə almaq lazımdır ki, sülh sazişi layihəsinin 80 faizi razılaşdırılıb. Halbuki, indiyə qədər belə imkan olmayıb. Xüsusən də 2023-cü ilin sentyabrında keçirilən antiterror əməliyyatlarından sonra sülhün əldə edilməsi üçün daha effektli imkanlar yaranıb. 44 günlük Vətən müharibəsindən sonra sülh istiqamətində ən böyük maneə dünyanın və Ermənistan tərəfinin hər hansı bir formada Qarabağ ermənilərinin hüquq və təhlükəsizlik adı altında manipulyasiya cəhdləri idi. Antiterror əməliyyatlarından sonra faktiki olaraq bu maneə ortadan qaldırılıb. Bu gün sülh sazişi ilə bağlı yeganə maneə ondan ibarətdir ki, Ermənistan Konstitusiyasında Azərbaycana qarşı ərazi iddiasını özündə əks etdirən müddüa var. Ermənistan hələ ki, bunu oradan çıxarmaqda qərarlı görünmür. Hazırda ABŞ prezidenti və Avropa İttifaqı rəsmiləri tərəfindən davamlı olaraq sülhlə bağlı çağırışların edilməsi, məktubların ünvanlanması onu deməyə əsas verir ki, düyməyə basılıb. ABŞ nəyin bahasına olursa-olsun, 5 noyabr seçkilərinə qədər sülh sazişinin imzalanmasına can atır. Baydenin bunda məqsədi bunu xarici siyasətdə uğur kimi ictimaiyyətə göstərməkdir. Ukrayna-Rusiya cəbhəsində, Yaxın Şərqdə buna nail ola bilmədi. Bütün bunlar seçki öncəsi Bayden administrasiyasının imicinə mənfi təsir göstərir. Ona görə də hər hansı bir formada uğur kimi təqdim edə biləcəyi ən azından bir münaqişənin tamamilə tarixin arxivinə göndərilməsini istəyir. Ancaq problem ondadır ki, ABŞ-la Aİ bu cür çağırışlar edəndə hər iki tərəfi müvafiq güzəştlərə səsləyirlər. Halbuki, Azərbaycan olaraq bizim artıq güzəşt limitimiz yoxdur. Çünki ortada güzəşt ediləcək bir şey də yoxdur. Biz necə Ermənistan Konstitusiyasında əksini tapan ərazi iddialarını görməzdən gələ bilərik? Ermənistan Azərbaycana qarşı ərazi iddiası ilə çıxış edirsə, bu fonda sürətli şəkildə silahlanırsa və bu, ermənilərdə revanşizmi gücləndirirsə, deməli, hər hansı güzəştdən, sülh sazişinin imzalanması ilə bağlı böyük şansdan söhbət gedə bilməz. Nəzərə almaq lazımdır ki, biz sülh sazişini Paşinyanla yox, Ermənistanla imzalamağa hazırlaşırıq. Lakin bu ölkənin Konstitusiyasında ərazi iddiaları qaldıqca, belə bir sülh mümkünsüzdür. O üzdən, Vaşinqton sülh sazişi istəyirsə, qarşılıqlı güzəştlər yox, Ermənistanı bununla bağlı yola gətirsin”.