Azərbaycanın siyasi və diplomatik uğuru: COP29-dan dünyaya verilən mesajlar…
Məlum olduğu kimi, BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransı dünyanın 197 ölkəsini birləşdirir və BMT-yə üzv olan ölkələr hər biri bu Konfransın üzvüdür. 1995-ci ildən etibarən hər il Tərəflər Konfransının növbəti sessiyası keçirilir. Bu il 29-cu sessiyadır və COP29 adlanan bu tədbirin Azərbaycana həvalə edilməsi ilə bağlı ötən il 28-ci sessiyada yekdil qərar qəbul edildi və hazırda ölkəmizdə bu tədbir yüksək səviyyədə həyata keçirilir.
Dünyanın müxtəlif ölkələrinin liderlərinin iştirakı ilə belə bir mötəbər tədbirin təşkili ölkəmizə nə verəcək? Azərbaycanın bu mötəbər tədbirə ev sahibliyi etməsinin onun qlobal siyasi arenada nüfuzuna necə təsir edəcək?
Bu sualları Sitat.info-ya açıqlamasında millət vəkili Arzuxan Əlizadə cavablandırıb. O bildirib ki, COP29 adlanan bu tədbirin Azərbaycana həvalə edilməsi Azərbaycanın diplomatik və siyasi uğuru kimi qəbul edilməlidir. Çünki hər il bir nüfuzlu dövlət bu tədbirə ev sahibliyi edir və ev sahibliyi edən dövlətə bu tədbirin həvalə edilməsi həmin dövlətin, indiki halda Azərbaycanın beynəlxalq nüfuzunun təsdiqidir”.
Deputat qeyd edib ki, bu tədbir Azərbaycanın öz həqiqətlərini beynəlxalq ictimaiyyətə çatdırmasında xüsui rol oynayacaq: “Azərbaycan həqiqətlərinin Tərəfdaşlar Konfransının sessiyasında iştirak edən dövlətlərin rəsmiləri vasitəsilə beynəlxalq aləmə çatdırılması da Azərbaycanın siyasi cəhətdən uğur əldə etməsi deməkdir. Həmçinin bu tədbirdə müxtəlif ölkələrdən 80 mindən artıq nümayəndənin iştirakı Azərbaycanın həm qlobal, həm regional cəhətdən beynəlxalq nüfuzundan xəbər verir. Eyni zamanda Azərbaycanın iqlim dəyişiklikləri üzrə proseslərdə yaxından iştirakı ilə beynəlxalq ictimaiyyətə ciddi mesajlar verir ki, Azərbaycan nüfuzlu dövlətdir”.
Bunlarla yanaşı Tərəflər Konfransı Azərbaycanın çoxtərəfli münasibətlərinin də yaxşılaşması və inkişaf etməsində xüsusi əhəmiyyət kəsb edir: “Təbii ki,eyni zamanda tədbirdə iştirak edən tərəflərlə, dövlət başçıları ilə ikitərəfli münasibətlərin bir qədər də yaxşılaşması və çoxtərəfli münasibətlərin formalaşması yolunda atdığı addımlara da dəstək kimi qəbul edilməlidir. Azərbaycan bu tədbirə ev sahibliyi etməklə iqtisadi sahədə və iqlim dəyişiliklərinə verdiyi töhfələrdən başqa, siyasi spektrda da geniş imkanlar əldə etmiş olur. Bu Azərbaycanın yürütdüyü siyasətə iştirak edən dövlətlər tərəfindən dəstək verilməsi ehtimallarını kifayət qədər artırır”.