AMİP-30

Azad söz tribunası, jurnalistika məktəbi: 35 İLLİK ŞƏRƏFLİ YOL – FOTO

Yeni Müsavat Media Qrupuna aid “Yeni Müsavat” qəzeti 35 illik yubileyini qeyd edir. Bu mətbu orqanın ilk sayı 10 noyabr 1989-cu ildə dərc olunub. Qəzetin qurucusu indiki baş redaktor və Yeni Müsavat Media Qrupunun sahibi Əməkdar jurnalist Rauf Arifoğludur.

“Yeni Müsavat” qəzeti ilk illər (1989-1991) gizli fəaliyyət göstərib, kommunist sovet rejiminə qarşı yaradılan Azərbaycan Milli Demokrat Yeni Müsavat Partiyasının mətbu orqanı olub. 1991-ci illin dekabrında, Azərbaycan müstəqilliyini qazanandan iki ay sonra gizli fəaliyyətə son verib və dövlət qeydiyyatına alınıb.

1993-cü ilin mart ayından qəzetin təsisçiliyini Müsavat Partiyasının başqanı İsa Qəmbər öz üzərinə götürüb. 16 il 8 aydan sonra – 2009-cu ilin noyabrında o, qəzetin 20 illik yubileyi münasibəti ilə təsisçiliyi Rauf Arifoğluna qaytarıb. Bütün formallıqlar həll edildikdən sonra, 26 noyabr 2009-cu ildən başlayaraq qəzet Rauf Arifoğlunun təsisçiliyi ilə işıq üzü görməyə başlayıb. Hazırda qəzetin 8500-dən yuxarı sayı işıq üzü görüb.

“Yeni Müsavat”, Azərbaycana həftədə 7 dəfə çap rejimini gətirən yeganə qəzetdir. Yeni Müsavat Media Qrupunda bu mətbu orqanla yanaşı musavat.com, minval.az (rus), http://minval.info/, tr.minval.az (anadolu türkcəsi) saytları, “TV Musavat” da fəaliyyət göstərir.

Dövriyyəsinə, tirajına və əhatəsinə görə Yeni Müsavat Media Qrupu Azərbaycanın əsas media təsisatlarındandır. 2001-ci ildən internetdə çıxan Musavat.com saytı ilk vaxtlar “Yeni Müsavat” qəzetinin elektron versiyası sayılıb. İndi o, öz tirajına görə qəzeti dəfələrlə üstələyib və artıq müstəqil, onlayn xəbər portalıdır.

Milli Məclisin İnsan hüquqları komitəsinin sədr müavini, Azərbaycan Milli İstiqalal Partiyasının (AMİP) sədri Arzuxan Əlizadə yubilyar mətbu orqanı təbrik etmək üçün Medianews.az-a açıqlamasında bildirib ki, “Yeni Müsavat” qəzeti Azərbaycanda müstəqillik uğrunda hərəkatın vüsət aldığı bir dönəmdə ərsəyə gəlib. Millət vəkilinin sözlərinə görə, elə ilk vaxtlardan oxunaqlı olması ilə fərqlənən bu mətbu orqan hadisələrə özünəməxsus yanaşma, operativlik, həqiqətlərin olduğu kimi çatdırılması istiqamətində əzmkar fəaliyyət ortaya qoyub: “1989-cu il noyabrın 10-da qəzetin ilk nüsxəsi buraxıldı və o zaman meydanlara axışan yüz minlərə çatdırıldı. Qəzet ilk vaxtlar on mindən bir az çox nüsxə ilə çap olunmuşdu. Elə ilk vaxtlardan oxunaqlı olması ilə fərqlənən bu mətbu orqan hadisələrə özünəməxsus yanaşma, operativlik, həqiqətlərin olduğu kimi çatdırılması istiqamətində əzmkar fəaliyyət ortaya qoydu. Məhz buna görə də oxucular arasında qısa müddətdə populyarlıq qazandı. Birmənalı olaraq qeyd edə bilərik ki, belə bir media orqanının təsis edilməsi, çap olunması, yayılması, ölkədə baş verən hadisələrə obyektiv münasibət sərgiləməsi Azərbaycanın müstəqilliyi uğrunda o zamankı hərəkat üçün də böyük töhfə hesab olunurdu. Sonrakı illərdə ölkəmizdə azad medianın inkişafına da bu qəzetin böyük təsiri oldu. Belə bir çətin yollardan keçən “Yeni Müsavat” bu gün də oxucuların etimad göstərdiyi, hər nömrəsini səbirsiliklə gözlədiyi mətbu orqandır. Həm bu qəzetin qorunub saxlanmasında və populyarlıq qazanmasında, həm də “Yeni Müsavat”la yanaşı, digər media qurumlarının təsis edilməsində və fəaliyyət göstərməsində Yeni Müsavat Media Qrupunun rəhbəri Rauf Arifoğlunun böyük əməyi var. Fürsətdən istifadə edərək, yubilyar qəzetin rəhbərini və kollektivini ürəkdən təbrik edir, gələcək fəaliyyətlərində uğurlar arzulayıram!”

Azərbaycan Mətbuat Şurasının sədri, “525-ci qəzet”in baş redaktoru Rəşad Məcid də Medianews.az-a açıqlamasında bildirib ki, “Yeni Müsavat” qəzeti mürəkkəb şəraitdə formalaşıb və ötən müddətdə əzmkar fəaliyyət göstərərək ayaqda qalmağı, eyni zamanda, inkişaf edərək media brendinə çevrilməyi bacarıb. Onun sözlərinə görə, bu günün “Yeni Müsavat”ı cəmiyyətin etimad göstərdiyi, inam bəslədiyi mətbuat orqanı kimi oturuşmuş struktura malikdir və belə bir statusun qazanılmasında Yeni Müsavat Media Qrupunun rəhbəri, Mətbuat Şurası İdarə Heyətinin üzvü Rauf Arifoğlunun müstəsna əməyi var. R.Məcid deyib ki, “Yeni Müsavat” qəzeti 35 il əvvəl müstəqillik amalı uğrunda mücadiləni öz səhifələrinə daşımaqla böyük tarixi yola qədəm qoyub, azad söz tribunasına çevrilib. Şura sədrinin qənaətincə, “Yeni Müsavat” peşə prinsiplərinə sadiqlik, hadisə və proseslərə yanaşma tərzi baxımından özünəməxsus dəst-xəttə, oturuşmuş struktura malikdir. Bu günün “Yeni Müsavat”ı, həmçinin, müasir media standartlarına cavab verən, təkcə ölkəmizdə deyil, dünyanın bir çox yerlərində geniş oxucu auditoriyasına malik informasiya yayıcısı, plüralist fikrin dolğun ifadə platforması kimi tanınmaqdadır və 35 ilin ən böyük mükafatı da elə budur: “Yeni Müsavat” ötən 35 ildə jurnalistika məktəbi olaraq da özünü təsdiqləməyi bacarıb. Bu məktəbin müdavimləri ölkəmizin tanınmış imzalarına, söz, fikir adamlarına çevrildilər. Bütün bunlara görə də yubilyar media orqanının hazırkı yüksək statusu gələcək üçün etibarlı bazadır”.

Azərbaycanın müstəqillik tarixində özünəməxsus yer tutan, mətbuatda peşəkarlıq və fədakarlıq örnəyi sayılan “Şərq” qəzetinin baş redaktoru, Əməkdar jurnalist Akif Aşırlı Medianews.az-a bildirib ki, 35 illik keşməkeşli yol keçən “Yeni Müsavat” müasir Azərbaycan jurnalistikasında peşə dəyərlərini formalaşdıran, yön verən mətbuat orqanıdır: “Azərbaycanın müstəqilliyinin bərpası və Milli Azadlıq Hərəkatı tarixinin öyrənilməsində “Yeni Müsavat” qəzeti əsas tarixi mənbəələrdən biri olacağı şübhəsizdir. 35 yaşını qeyd edən qəzetin səhifələrində həmin dövrün gərginlikləri, azadlıq istəkləri, xalqın mübariz ruhu yaşayır. Müstəqillik tariximizi yazacaq tədqiqatçılar ücün bu qəzetdə yetərli qədər təhlil faktları, sənədləri əksini tapır. “Yeni Müsavat” təkcə ideoloji bir qəzet olmayıb. Bu qəzet müasir Azərbaycan jurnalistikasında peşə dəyərlərini formalaşdıran, yön verən mətbu numunəmizdir. Əziz dostum Rauf Arifoğlunu, qəzetin kollektivini ürəkdən təbrik edirəm”.

Ərtürk İSMAYIL

https://www.facebook.com/plugins/video.php?height=314&href=https%3A%2F%2Fwww.facebook.com%2Falesgers%2Fvideos%2F1248775596433217%2F&show_text=false&width=560&t=0