Azərbaycanla güc müstəvisində danışmaq mümkün deyil – DEPUTAT
“BMT-nin İqlim Dəyişiklikləri üzrə Tərəflər Konfransının (COP29) Azərbaycanda keçirilməsi onu deməyə əsas verir ki, ölkəmiz bu Konfransa qatılan ölkələr içərisində böyük nüfuz əldə etməklə bu tədbirə ev sahibliyi hüququ qazanıb”.
Bu sözləri İqtisadiyyat.az-a açıqlamasında Milli Məclisin İnsan hüquqları komitəsinin sədr müavini Arzuxan Əlizadə deyib.
Bundan öncə də Azərbaycanın bir çox beynəlxalq tədbirlərə uğurla ev sahibliyi etdiyini xatırladan sədr müavini söyləyib: “İştirakçıların və qonaqların təəssüratlarından belə qənaətə gəlmək olar ki, bu tədbir kifayət qədər yaxşı təşkil olunub: “Təbii ki, bu cür qlobal əhəmiyyətli tədbirlərin keçirildiyi ölkəyə beynəlxalq ictimaiyyətin diqqəti yönəlir. Artıq bununla ötən il verilən qərardan sonra Azərbaycana diqqət kifayət qədər yüksəlib”.
Azərbaycanın beynəlxalq nüfuzunun artmasından və regionun əsas dövlətinə çevrilməsindən narahat olan bəzi qüvvələrin mövcudluğunu vurğulayan A.Əlizadə diqqətə çatdırıb ki, onlar ölkəmizin ərazilərinin işğal altında qalmasına rəvac vermiş, işğala göz yummuş və bu müddət ərzində işğalçı tərəfə dəstək də vermişdilər:
“Azərbaycan bütövlükdə BMT-nin Təhlükəsizlik Şurasının 4 Qətnaməsini, Avropa Parlamentinin işğal aktı ilə bağlı qərar və qətnamələrini öz gücünə reallaşdırdı. Təkcə ərazilərini işğaldan azad etmədi, eyni zamanda ərazi bütövlüyünü, suverenliyini təmin etdi. Azərbaycan regionda qüvvələr nisbətini dəyişdi və regionda çox böyük qara niyyətləri olan, eyni zamanda siyasi, iqtisadi və hərbi maraqları olan bir çox qlobal və regional güclərin planlarının üzərindən qara xətt çəkmiş oldu. Bəzi qüvvələr bölgədə bu və ya digər formada öz nüfuzunu saxlamaq, bununla da regionumuzda olan dövlətləri nəzarət altında saxlamağı hədəfləyirdilər. Amma bunun qarşısı alındı. Azərbaycan bütövlükdə həmin güclərin planlarını pozmuş oldu”.
Milli Məclis üzvü hesab edir ki, Azərbaycanın bu möhtəşəm qələbəsindən narahatlıq keçirən güclər hər məqamda ölkəmizə qarşı qarayaxma, böhtan və dövlətimizin beynəlxalq imicinə zərbə vura biləcək kampaniyalar həyata keçirməyə cəhd göstərirlər: “Bu da mümkün olan məsələ deyil. Eyni zamanda COP29-un boykot edilməsi ilə bağlı çağırışlar da var idi. Hesab edirəm ki, COP29 ərəfəsində də onların atdığı addımlara layiqli cavablar verildi. Ölkəmiz də çox böyük uğurla bu beynəlxalq tədbirə ev sahibliyi edir. Bu tədbirin yüksək səviyyədə keçirilməsi və Azərbaycanın ona yönəlik böhtan kampaniyasına qarşı ciddi müqavimət göstərməsi və həmin kampaniyaları sıradan çıxarması onu göstərir ki, Azərbaycanla güc müstəvisində danışmaq mümkün deyil. Ölkəmiz regionun əsas ölkəsidir. Həmin güclər də qəbullanmalıdır ki, bu regionda mövcudluqlarını bərqərar etmək istəyirlərsə, bütün məsələlərdə Azərbaycanla razılaşmalı və onun mövqeyini nəzərə almalıdırlar”.