AMİP-30

Rəşad Bayramov: “Gürcüstanda gərginlik birbaşa Qərbdən idarə olunur”

Məlum olduğu kimi, noyabrın 28-dən Gürcüstanda yenidən etiraz aksiyaları başlayıb. Etirazlara hakim “Gürcü Arzusu – Demokratik Gürcüstan” partiyasının 2028-ci ilin sonunadək Avropa İttifaqına üzvlüklə bağlı danışıqların aparılması məsələsinin gündəmə gətirilməməsi və birliyin büdcə qrantlarından imtina edilməsi qərarı səbəb olub. 

Bu arada Gürcüstana müxtəlif təzyiqlər artıb. Gürcüstanın bir sıra ölkələrdə səfirləri istefa verib. İkincisi, Estoniya, Latviya, Litva və Kanada Gürcüstanda etirazların dağıdılmasına qatılanlara qarşı sanksiyalar tətbiqinə razılaşıb. Sanksiyalar 11 gürcü rəsmisini, o sıradan ölkənin Daxili işlər naziri Vaxtanq Qomelauri və müavinlərini, eləcə də “Gürcü Arzusu”nun fəxri sədri Bidzina İvanişvilini əhatə edir. Üçüncüsü, ABŞ Gürcüstanla strateji tərəfdaşlığı dayandırıb. Dördüncüsü, Avropa Parlamenti Gürcüstanda keçirilən seçkiləri tanımayıb. 

Bütün bunların fonunda belə hesab etmək olarmı ki, Gürcüstana təzyiq xarakterli müxtəlif səpkili tədbirlər, diplomatik və siyasi müstəvidə olan addımlar vahid bir mərkəzdən idarə olunur? Belə hesab etmək olarmı?

Sözügedən məsələ ilə bağlı fikirlərini “Bakı-Xəbər”lə bölüşn AMİP Ali Məclisinin sədri Rəşad Bayramov prinsipcə bunu istisna etmədi: “Hazırda Gürcüstanda baş verənlər, təbii ki, ilk növbədə Qərbin siyasətinin tərkib hissəsidir. Regionda öz maraqlarını təmin edib Ermənistandan sonra Gürcüstanı da özlərindən asılı etmək istəyirlər. Qərb artıq uzun müddətdir proseslərə start verib. O baxımdan, proseslərin artıq vahid mərkəzdən idarə olunması heç kimdə şübhə doğurmur. Gürcüstanda belə vəziyyətin yaranacağını əvvəldən də proqnozlaşdırırdıq. Çünki Gürcüstan rəsmiləri dəfələrlə seçkiqabağı proqnozlarında bildirirdilər ki, müxalifət seçkidən sonrakı vəziyyətə hazırlaşır. Təsadüfi deyil ki, məhz seçkilərdən sonra müxalifət aksiyaları intensivləşdirdi. Ancaq həmin aksiyalar Qərbin istədiyi kütləvi formada olmadığı üçün indi iğtişaslar törədilir. Məqsəd Gürcüstanda xaos yaratmaqdır. Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Josep Borrel səlahiyyətlərinin bitməsinə iki gün qalmış verdiyi açıqlamada bildirdi ki, gürcü xalqına apardığı mübarizəyə görə 120 milyon avro ayrılacaq. Ondan sonra ayrı-ayrı ölkə səfirlərinin müxalifətlə birgə addımları. Onun ardınca ayrı-ayrı Qərb ölkələrində Gürcüstan diplomatik korpuslarına təzyiqlərin edilməsi, ordunun içində bölünmələr və s. Bütün bunlar onu deməyə əsas verir ki, Qərb bütün imkanları ilə Gürcüstanda öz maraqlarını təmin etməkdə israrlıdır. Bunun üçün qan tökməkdən belə çəkinməyəcəklər. Təsadüfi deyil ki, saxlanılan şəxslərin əksəriyyəti ayrı-ayrı ölkələrin vətəndaşlarıdır. Bu da deyilənləri sübut edir. Yəni Gürcüstanda gərginlik birbaşa Qərbdən idarə olunur. Ehtimal ki, Qərb Gürcüstana iqtisadi təzyiqləri də artıracaq”.