Xərçəngə mübtəla olan Libbi -Şuşaya gedən ilk ABŞ səfiri…
Birləşmiş Ştatların Bakıdakı 11-ci səfiri əvvəlkilərdən nə ilə fərqləndi
ABŞ-ın Azərbaycandakı səfiri Mark Libbi diplomatik xidmətindən istefa verib.
O qeyd edib ki, istefa səbəbi xəstəliyi ilə bağlıdır. Səfir vurğulayıb ki, 2024-cü təqvim ilini başa vurduqdan sonra istefaya çıxacaq: “Uğurlu 2025-ci ilə qədəm qoymaq və xərçəng barədə məlumatlandırmanı artırmaq məqsədilə yerdə qalan bir neçə həftəni Azərbaycanda keçirmək niyyətindəyəm”.
Mark Libbinin diplomatik fəaliyyəti ABŞ-Azərbaycan münasibətlərinin ən kritik dövrünə təsadüf edib. O, həm də Şuşa ilə bağlı qalmaqallı açıqlama verməsinə rəğmən Azərbaycanın mədəniyyət paytaxtına gedən ilk səfir kimi tarixdə qalır.
M.Libbi diqqətə çatdırıb ki, Azərbaycanla iqtisadi, xüsusilə ənənəvi enerjidən bərpa oluna bilən enerjiyə keçid sahəsində daha dərin əməkdaşlıq qurulub: “Bizim COP29-da uğurlu nəticə əldə etmək üçün sıx əməkdaşlığımız göstərib ki, diqqətimizi cəmləşdirdikdə Birləşmiş Ştatlar və Azərbaycan dünyanı daha yaxşıya doğru dəyişmək üçün birgə işləyə bilərlər”.
Qeyd edək ki, Libbinin ABŞ-ın Azərbaycandakı səfiri vəzifəsinə namizədliyi 2023-cü il noyabrın 8-də təsdiqlənib, 2024-cü il yanvarın 18-də etimadnaməsini Prezident İlham Əliyevə təqdim edərək rəsmən fəaliyyətə başlayıb.
Libbinin səfir dövrü ümumilikdə necə yadda qaldı? O, digərlərindən fərqləndi, yoxsa?
AMİP sədri, deputat Arzuxan Əlizadə “Yeni Müsavat”a bildirdi ki, Mark Libbi Azərbaycan ABŞ səfiri təyin olunnduğu dövr Azərbaycan-Amerika münasibətlərinin bir qədər gərgin dövrünə təsadüf edib: “Təbii ki, Azərbaycanın 44 günlük müharibədə qazandığı uğur, ondan sonrakı dövrlərdə ərazi bütövlüyünün və suverenliyinin bərpa olunması istiqamətində atılan addımlar bir sıra Qərb dairələrini narahat edirdi. Təəssüflər olsun ki, ABŞ və Fransa səfirləri Azərbaycanın işğaldan azad olunmuş ərazilərinə getməkdən faktiki olaraq imtina etmişdilər. Mark Libbi həmin dövrdə qalmaqallı açıqlama vermişdi. Amma dərhal bu yanlışlıq elə onun özü tərəfindən düzəldildi və səfir Libbi Şuşaya səfər elədi. Fransanın səfirindən fərqli olaraq Azərbaycanın işğaldan azad olunmuş ərazilərinə getməklə münasibətləri yumşaltmaq istiqamətində addım atmış oldu. Bu da diqqətdən qaçmamalıdır. Səfirliyi dönəmində məhz bu iki hadisə ilə daha çox yadda qalıb. Tədbirlərdə də xoş əhval-ruhiyyə ilə görsənməklə öz fəaliyyətini davam etdirirdi. Təəssüf ki, indi səhhətində müəyyən problemlər meydana gəlib. Bizə ancaq ona şəfa diləmək qalır”.