AMİP-30

“Fransa təxribatçı fəaliyyətini dayandırmır” – DEPUTAT

“Fransanın Ermənistandakı səfiri Olivye Dekotini Fransa dövlətinin siyasətinin daşıyıcısıdır”.

Bunu TNS-ə Azərbaycan Milli İstiqlal Partiyasının sədri, deputat Arzuxan Əlizadə Olivye Dekotininin Ermənistan-Azərbaycan şərti sərhədinə getməsinəmünasibət bildirərkən deyib.

Deputat qeyd edib ki, Fransanın hazırkı hakimiyyətinin ermənipərəst mövqedə olması, Azərbaycanın əleyhinə fəaliyyət göstərməsi sirr deyil. Məsələyə bu kontekstdən baxmaq lazımdır: “Fransa səfirinin sərhədə gələrək müşahidə missiyası nümayəndələri ilə görüşməsi “binokl diplomatiyası”ndan istifadə etməsi əslində təxribat xarakterli növbəti bir addımdır.

Yeri gəlmişkən, qeyd edim ki, müşahidə missiyasının özünün fəaliyyəti də təxribat xarakterlidir. Bu missiya Azərbaycanın razılığı olmadan formalaşıb. Avropa İttifaqının müşahidə missiyası Fransa və Almaniyanın keçmiş xüsusi xidmət orqanlarının zabitlərindən ibarətdir. Onlar müşahidə missiyası yerinə yetirmək əvəzinə, əslində kəşfiyyatla məşğuldurlar. Fransanın, ermənilərə havadarlıq edən digər güclərin diplomatik nümayəndələri, hətta Polşanın Prezidenti şərti sərhədə gələrək bu “binokl diplomatiyası”na qoşulub.

Azərbaycanın Xarici İşlər Nazirliyi şərti sərhəddə gedən proseslərlə bağlı mövqeyini dəfələrlə ifadə edib. Amma görünən bundan ibarətdir ki, Fransa təxribatçı fəaliyyətini dayandırmır, erməniləri revanşist addımlar atmağa təhrik edir. Eyni zamanda, Ermənistanı silahlandırmaqla, bölgədə sülhə və sabitliyə ciddi təhdid mühiti yaratmaqdadır. Bundan sonra da belə addımlar atılacaqsa, təbii ki, ölkəmizin adekvat addımları olacaq”.