AMİP-30

YAP yanvar seçkisinə 8071 namizəd tapdı

Digər partiyaların namizədlərinin sayı bəllidirmi?

Bəlli olduğu kimi, gələn il yanvarın 29-da ölkədə bələdiyyə seçkiləri keçiriləcək. Hazırda bələdiyyələrə namizədlərin irəli sürülməsi və qeydə alınması prosesi davam edir. 

Mərkəzi Seçki Komissiyasının siyahısına uyğun olaraq, ölkədə 2025-ci il yanvarın 29-da 685 bələdiyyəyə seçkilər keçiriləcək. Həmin bələdiyyələr üzrə ümumilikdə 8 min 71 bələdiyyə üzvü seçiləcək. 

YAP seçkilərin keçiriləcəyi 685 bələdiyyənin hər biri üzrə ümumilikdə 8071 namizədin siyahısının təsdiqləyib. 

Bu arada, Azərbaycan Demokrat Partiyasının sədri Sərdar Cəlaloğlu Mərkəzi Seçki Komissiyasını ittiham edib. “Seçkilərin təbliğatı ilə rəsmi şəkildə Mərkəzi Seçki Komissiyası məşğul olmalıdır. Dövlət bunun üçün milyonlarla pul ayırır. MSK isə öz üzərinə düşən işi yerinə yetirmir. Çox güman ki, seçkiyə 2-3 gün qalmış 1-2 dənə plakat yapışdıracaqlar və bununla da öz vəzifələrini yerinə yetirmiş hesab edəcəklər”.

MSK-dan isə bildirildi ki, seçki kampaniyasının təbliğat-təşviqat mərhələsi hələ başlamayıb. MSK seçki təqviminə uyğun olaraq seçki prosesini həyata keçirir. Hazırda namizədlərin irəli sürülməsi mərhələsidir. Namizədlərin qeydiyyatı mərhələsi başa çatdıqdan sonra təbliğat-təşviqat kampaniyası start götürəcək. Müvafiq yazılı və videomateriallardan ibarət təşviqat materialları da bu mərhələdə qanunda nəzərdə tutulmuş şəkildə lazımi səviyyədə yayılacaq.  

Bəs digər partiyalar bələdiyyə seçkilərində namizədlərinin sayını müəyyən edibmi? Seçki kampaniyasının indiki mərhələsi necə gedir?

AMİP sədri, millət vəkili Arzuxan Əlizadə “Yeni Müsavat”a bildirdi ki, bələdiyyə seçkilərində iştirakla bağlı partiyanın qərarı var: “Namizədlərimizi müəyyənləşdiririk, proses demək olar ki, yekunlaşıb. Bütün bələdiyyələri əhatə etmirik. Bu da təbiidir. İnsanlarımızda təəssüf ki, bələdiyyələrdə təmsil olunmaq həvəsi lazımi səviyyədə deyil. Bu da bələdiyyələrin statusu və fəaliyyəti ilə bağlıdır”.