AMİP-30

Arzuxan Əlizadə: “2022-ci ildə bağlanmış bu müqavilə Azərbaycan Prezidentinin uzaqgörən siyasətinin nümunəsidir”

Prezident İlham Əliyev “Rossiya Seqodnya” Beynəlxalq İnformasiya Agentliyinin Baş direktoru Dmitri Kiselyova müsahibəsində deyib ki, Müttəfiqlik Qarşılıqlı Fəaliyyəti haqqında Bəyannamə 2022-ci il fevralın 22-də imzalanıb: 

“Siz düzgün qeyd etdiniz ki, regionumuzda və bütövlükdə dünyada vəziyyət əhəmiyyətli dərəcədə dəyişib, lakin bu, Rusiya ilə Azərbaycan arasında əməkdaşlığın xarakterinə və formasına təsir etməyib. Mən hesab edirəm ki, belə bir Bəyannamənin imzalanması bizim 30 ildən artıq bir müddətdə birlikdə keçdiyimiz, fəal işlədiyimiz, həm iqtisadi-ticari, həm də siyasi sahələrdə əməkdaşlıq potensialını artırdığımız və müxtəlif çətin vəziyyətlərdə bir-birimizi sınadığımız həmin böyük yolun nümayiş etdirilməsidir. Buna görə də hesab edirəm ki, belə bir Bəyannamənin imzalanması faktının özü həm Rusiya, həm də Azərbaycan tərəfindən ən mühüm siyasi addımdır. Bu, qarşılıqlı fəaliyyətin və əməkdaşlığın ən yüksək formasıdır, xüsusən nəzərə alsaq ki, biz həm Qafqazda, həm də Xəzər regionunda qonşu dövlətlərik, qonşuyuq və bir çox cəhətdən ölkələrimizin xarici siyasət prioritetləri üst-üstə düşür, o zaman, əlbəttə, deyərdim ki, belə bir sənəd tarixi hadisədir”.

Bu bəyannamənin imzalanması Rusiya-Azərbaycan munasibətlərini hansı risqlərdən qorudu? Bu sənəd imzalanmasaydı Ukraynada və digər bölgələrdə baş verən hadisələr bu iki ölkə arasındakı münasibətlərə hansı zərərləri verə bilərdi?

“Bakı-Xəbər” qəzetinin sualını cavablandıran AMİP sədri, millət vəkili Arzuxan Əlizadə bildirdi ki, Azərbaycanla Rusiya arasında müttəfiqlik haqqında Bəyannamə 22 fevral 2022-ci ildə Moskva şəhərində imzalandı: “Bu elə bir dönəm idi ki, artıq Rusiya-Ukrayna munasibətlərindəki gərginlik pik həddə çatmışdı. Ondan iki gün sonra bu gərginlik hərbi eskalasiya fazasına keçdi. Həmin vaxt Rusiya ilə imzalanan sənəd cəmiyyətdə heç də birmənalı qarşılanmadı. Amma biz o zaman da mövqeimizi bildirmişdik ki, Rusiya ilə münasibətlərin normallaşması əslində ən doğru-düzgün addımdır. Hadisələrin sonrakı gedişi də göstərdi ki, Azərbaycan Prezidenti, digər məsələlərdə olduğu kimi, xarici siyasətin bu istiqamətində də kifayət qədər uzaqgörənlik sərgiləyərək bu müqavilənin imzalanmasına qərar verib. Nəticə etibari ilə biz sonrakı proseslərdə, ən azı antiterror əməliyyatı ilə ərazi bütövlüyümüzü bərpa edən vaxt kənar müdaxilələrə məruz qalmadıq. Hesab edirəm ki, Rusiya ilə münasibətlərin bu səviyyəyə çatdırılması həmin məsələdə Azərbaycanın mövqeyini kifayət qədər cücləndirdi.

Əslində siyasətdə daha çox arxaya deyil, irəliyə baxmaq lazımdir. Təbii, biz onun fərqindəyik ki, Qarabağ probleminin yaranmasının, Azərbaycan ərazilərinin işğal altına düşməsinin kökündə çox ciddi şəkildə Rusiya faktoru olub. Amma bir daha vurğulamağa ehtiyac duyuram ki, irəli baxmaq lazımdır. Azərbaycan hər zaman qonşu dövlətlərlə normal – bərabərhüquqlu əməkdaşlıq formatında münasibətlərin qurulmasında maraqlı olduğunu bəyan edib. Biz bunu əməlimizlə, atdığımızı addımlarla da sübut etmişik.

Rusiya böyük dövlətdir, güclü dövlətdir, onunla münasibətlərin normallaşması regionda Azərbaycanın gücünun bir qədər də artmasına gətirib çıxarıb. Bu həm də Azərbaycanda stabilliyin qorunub saxlanmasına xidmət edən məsələdir.

Bir daha qeyd edim ki, 2022-ci ildə bağlanmış bu müqavilə Azərbaycan Prezidentinin uzaqgörən siyasətinin nümunəsidir. Hadisələrin sonrakı mərhələdə inkişafı bunu bir daha sübut etdi”.