AMİP-30

Azərbaycanın artan nüfuzu – D8 təşkilatına üzvlük nə verəcək?

Misirin paytaxtı Qahirədə keçirilən D-8 İqtisadi Əməkdaşlıq Təşkilatının XI Zirvə Sammitində Azərbaycan yekdilliklə təşkilatın yeni üzvü seçilib. Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi məlumat yayıb.

Bu qərar D-8 təşkilatının tarixi ərzində ilk genişlənmə olaraq qeyd olunur. Nazirliyin bəyanatına görə, Azərbaycanın bu təşkilata üzv olması Prezident İlham Əliyevin uğurlu xarici siyasət strategiyasının məntiqi nəticəsidir. Azərbaycanın təşkilata üzvlüyü beynəlxalq arenada ölkəmizə olan etimadın və nüfuzun göstəricisi kimi qiymətləndirilir.

Milli Məclisin deputatı Arzuxan Əlizadə Azərbaycanın bu uğurunu yüksək qiymətləndirərək bildirib: “Məlum olduğu kimi, D-8 təşkilatı 1997-ci ildə Türkiyə, Pakistan, İran, Misir, Nigeriya, Banqladeş, Malayziya və İndoneziya tərəfindən yaradılmışdır. Təşkilatın əsas məqsədi üzv ölkələr arasında iqtisadi əməkdaşlığı genişləndirmək, birgə inkişafı təşviq etmək və beynəlxalq arenada müsəlman dünyasının gücünü birləşdirməkdir. Bu təşkilat dünyanın müsəlman əhalisinin təxminən 60%-ni təmsil edir və üzv ölkələr arasındakı illik ticarət dövriyyəsi 150 milyard dollardan çoxdur. Azərbaycanın D-8-ə üzvlüyü həm iqtisadi, həm də geosiyasi baxımdan mühüm əhəmiyyət kəsb edir.”

Azərbaycan D-8-də ilk dəfə 2017-ci ildə, Prezident İlham Əliyevin İstanbulda keçirilən IX Zirvə Sammitində xüsusi qonaq kimi iştirakı zamanı təmsil olunub. Bu dəfə isə Qahirədə keçirilən XI Sammitdə Azərbaycan nümayəndə heyətinə Baş nazir Əli Əsədov rəhbərlik edib.

Azərbaycanın D-8-ə üzvlüyü ölkəmizə iqtisadi, ticarət, nəqliyyat və kommunikasiya sahələrində əməkdaşlığı genişləndirmək üçün yeni imkanlar açır. Bununla yanaşı, üzvlük Azərbaycanın beynəlxalq hüquq prinsiplərinin qorunmasında və regionda sabitliyin təmin edilməsində daha mühüm rol oynayacağını nümayiş etdirir.

Deputat Arzuxan Əlizadə Azərbaycanın bu üzvlüyünü xüsusi vurğulayaraq əlavə edib: “Bu, Azərbaycanın beynəlxalq nüfuzunun artmasını, iqtisadiyyatımızın inkişafını və regiondakı geosiyasi mövqeyimizin möhkəmlənməsini təmin edəcək tarixi bir hadisədir.”

Qardaş Türkiyənin təşkilatda dominant mövqeyə malik olması, Azərbaycanla strateji tərəfdaşlıq əlaqələrini daha da möhkəmləndirəcəkdir. Eyni zamanda, Pakistan, İran, Malayziya kimi digər üzv ölkələrlə də əməkdaşlıq yeni mərhələyə keçəcəkdir.

Qeyd edək ki, D-8 təşkilatının Katibliyi İstanbulda yerləşir və təşkilata üzv olan ölkələr dünya iqtisadiyyatında mühüm rol oynayan müsəlman dövlətləridir. Azərbaycanın təşkilata qoşulması ölkəmizin xarici siyasətində yeni perspektivlər açacaq və beynəlxalq əməkdaşlığını daha da gücləndirəcəkdir. crossmedia.az