Rəşad Bayramov: “Rusiyanın bu layihənin inkişaf etdirilməsi üçün ən böyük problemi maliyyə çatışmazlığıdır”
İran prezidenti Məsud Pezeşkian Rusiya baş naziri Vitali Savelyevlə görüşdə hökumətinin strateji beynəlxalq “Şimal-Cənub” dəhlizinin tikintisini tamamlamaq qətiyyətini təsdiq edib.
İRNA Agentliyinin məlumatında deyilir ki, Pezeşkian Rəşt-Astara dəmiryolu hissəsinin tikintisini prioritet adlandırıb. Onun sözlərinə görə, İran Rusiya ilə sazişdə nəzərdə tutulan bütün öhdəliklərini yerinə yetirməyə hazırdır: “İran sazişin şərtlərinə riayət edir və yaxın gələcəkdə Rusiya tərəfin marşrutu çəkməyə və layihənin həyata keçirilməsinə hazırlığa başlamasını gözləyir. Bundan başqa, Pezeşkian İranın yol üçün torpaq sahələri almaq və bütün zəruri sənədləri müəyyən edilmiş müddətdə təqdim etmək planlarını açıqlayıb”.
Savelyev isə, öz növbəsində qeyd edib ki, Rusiya zəruri kredit xəttini təmin edəcək və Azərbaycan hökuməti ilə bu sazişin həyata keçirilməsi üzərində işləyəcək.
Göründüyü kimi, İran prezidentinin açıqlamasından belə məlum olur ki, Rusiya bu istiqamətdə fəaliyyətə başlayacaq. Bu baxımdan belə qənaət yaranmırmı ki, Rusiya hələ o istiqamətdə işə başlamağa qəti qərarlı deyil? Maraqlıdır, dəmir yolunun tikintisinin gecikməsində siyasi motivlər var, yoxsa Rusiyanın maliyyə-iqtisadi vəziyyəti hələlik buna imkan vermir?
Sözügedən məsələyə aydınlıq gətirən AMİP Ali Məclisinin sədri Rəşad Bayramov “Bakı-Xəbər”ə açıqlamasında bununla bağlı bir sıra məqamlara toxundu: “Rusiyanın indiki vəziyyətini, sanksiyalar səbəbindən üzləşdiyi problemləri, Avropa İttifaqı ilə iqtisadi əlaqələrin minimum səviyyəyə enməsini nəzərə alaraq deyə bilərik ki, bu ölkə üçün “Şimal-Cənub” dəhlizi olduqca həyati əhəmiyyət daşıyır. Çünki sözügedən nəqliyyat dəhlizi Rusiyanı Qərbin nəzarətindən kənar yollarla Körfəz və Cənubi Asiya ölkələri ilə əlaqələndirəcək. Bundan başqa keçmiş SSRİ-dən keçən nəqliyyat dəhlizi Moskvanın hal hazırda rəqiblərlə üzləşdiyi Mərkəzi Asiya və Cənubi Qafqazda Rusiyanın varlığını gücləndirə bilər. O baxımdan bu, Rusiya üçün olduqca əhəmiyyətli bir nəqliyyat dəhlizidir. Layihənin icrasında müəyyən siyasi problemlərin olmasına baxmayaraq, bütün bunlar həll oluna biləsi problemlərdir. O baxımdan Rusiyanın bu nəhəng layihənin inkişaf etdirilməsi üçün ən böyük problemi maliyyə çatışmazlığıdır. Sanksiyalar səbəbindən Rusiyada geriləmənin olduğu bir faktdır. Söhbət hansısa kiçik layihədən getmir. Söhbət uzunluğu 7 min 200 kilometr olan bir nəqliyyat dəhlizindən gedir. Onu da qeyd edək ki, dəhlizin əhəmiyyətli hissəsi məhz Rusiyadan keçir. Rusiya maraqlıdır ki, bu layihə tez ərsəyə gəlsin, amma iqtisadi imkanların məhdud olması buna imkan vermir”.