AMİP-30

2024-də nələr oldu? – Azərbaycan tarixində qalacaq il

2024-cü il Azərbaycan üçün bir sıra hadisələrlə əlamətdar oldu. Bu il Rusiya və Azərbaycan ali rəhbərlərinin razılaşması əsasında sülhməramlı hərbi kontingent Qarabağı vaxtından tez tərk etdi. Bu, diplomatiyamızın növbəti uğurlu gedişlərindən biri idi.

Digər hadisə Ermənistanla ilk dəfə sərhədin Qazax istiqamətində delimitasiya və demarkasiya aparılması, həmçinin işğalda olan 4 kəndin qaytarılması oldu. Bu ilin digər ən yaddaqalan hadisələrindən biri, sözsüz ki, Bakıda BMT-nin İqlim Dəyişikliyi konfransı – COP29 oldu. Azərbaycan özünün beynəlxalq imicinə növbəti mühüm xallar əlavə etdi.  

2024 Azərbaycan üçün həm də seçkilər təqvimi idi. Bu il növbədənkənar prezident və növbədənkənar parlament seçkiləri keçirildi. İlin sonuna sayılı günlər qalmış isə Azərbaycan xalqını sarsıdan təyyarə qəzası baş verdi.

Ümumilikdə ölkəmiz üçün taleyüklü bir dövr oldu və Azərbaycan dövləti, xalqı bu sınaqlardan, mürəkkəb siyasi şəraitlərdən başıuca çıxmağı bacardı.

Deputat, AMİP sədri Arzuxan Əlizadə isə bildirdi ki, 2024-cü il Azərbaycan üçün bir sıra məsələlərlə xüsusi diqqətdə qalan il oldu: “Bütövlükdə 2024-cü ili Azərbaycan üçün uğurlu il hesab edrəm. Bu il fevralın 7-də ilk dəfə idi ki, Azərbaycanın bütün suveren ərazilərində Prezident seçkiləri keçirildi. 2024 bu hadisə ilə tarixdə qalan əlamətdar il oldu. Eyni zamanda 1 sentyabrda müstəqillik tariximizdə ilk dəfə bütün ölkəmizin ərazisində parlament seçkiləri keçirildi. Həmçinin bu il COP29 kimi nüfuzlu beynəlxalq tədbirə hazırlıq və tədbirin keçirildiyi il kimi də Azərbaycanın tarixində yer alacaq. Azərbaycan məhz bu il D-8 Təşkilatına üzv oldu. Bu da qürurverici hadisədir. Təəssüflər olsun ki, 2024-cü il dekabrın 25-də Azərbaycanın mülki təyyarəsinin Rusiya havası məkanında vurulması və çoxlu sayda insanın həyatını itirməsi kimi hadisə ilə də tarixdə qalacaq”.  “Yeni Müsavat”