Fransanın müstəmləkəçilik siyasəti durdurulmalıdır
Bu gün Fransa dünya üzrə müstəmləkəçilik siyasətini bu və ya digər formada davam etdirən azsaylı dövlətlərdən biridir. Ölkəmiz haqlı olaraq Fransanın apardığı müstəmləkəçilik siyasətinə qarşı dünyanın dörd bir yanında haqq səsini qaldıran xalqların hüquqları ilə bağlı mövqe bildirərək, beynəlxalq tribunalardan rəsmi Parisin neokolonializm siyasətini tam çılpaqlığı ilə ifşa edir, Azərbaycan, eyni zamanda, Fransanın ağır şərtlər altında davam etdirdiyi müstəmləkəçilik siyasətinə qarşı azadlıq mübarizəsinə qalxan xalqlara güclü mənəvi-siyasi dəstək verir.
Ölkəmiz o mövqedən çıxış edir ki, XXI əsrdə keçmişin eybəcər qalığı olan müstəmləkəçiliyə yer olmamalıdır, Yelisey Sarayı xalqların azadlıq haqqını tanınmalıdır. Azərbaycanın prinsipial yanaşmasının ifadəsi olaraq Bakı Təşəbbüs Qrupu (BTQ) Fransa müstəmləkəçiliyinin ifşası istiqamətində daha bir cəsarətli addım atıb. Belə ki, yanvarın 21-də BTQ-nin təşkilatçılığı ilə Fransanın müstəmləkəçiliyi altında olan Reyunyon adasına həsr olunmuş beynəlxalq konfrans keçirilib.
Milli Məclisin deputatı Arzuxan Əlizadə mövzu ilə bağlı “İki sahil”ə açıqlamasında diqqətə çatdırdı ki, Makron dönəminə qədər Azərbaycan ilə Fransa arasındakı siyasi, iqtisadi, mədəni münasibətlər çox yaxşı olub: “Amma Makron hakimiyyətə gəldikdən sonra Azərbaycana qarşı düşmən mövqeyi ilə gündəmdə qalmaqdadır. Fransa Prezidenti Makron və onun komandasında olan ayrı-ayrı nazirlər, hökümət üzvləri Azərbaycana yönəlik ədalətsiz qərarlar, bir sıra qətnamələr, qəbul etməkdən, böhtan, qarayaxma dolu mövqe sərgiləməkdən usanmırlar. Təbii ki, bu kampaniyalar iflasa uğrayıb”.
Millət vəkili vurğuladı ki, Fransa Ermənistana siyasi, eyni zamanda, maddi dəstək göstərir. Ən təhlükəlisi də odur ki, Fransa Ermənistanı silahlandırmaqla faktiki olaraq regionda sülhə və sabitliyə çox ciddi təhdidlər yarada biləcək fəaliyyətlə məşğul olmaqdadır. Bu proses hələ də davam etməkdədir. Bununla da Ermənistanı növbəti revanşist addım atmağa təhrik edən Fransa hakimiyyəti əslində onu çox ciddi uçuruma yuvarlamaqdadır.
Arzuxan Əlizadə qeyd etdi ki, Fransa özü zaman-zaman müstəmləkəçilik siyasəti ilə gündəmə gəlibdir: “Şimali Afrika ölkələrini müstəmləkə, basqı altında saxlamaqla, eyni zamanda, onlara qarşı soyqırımlar həyata keçirməklə, tarixin qara səhifələrini yazıbdır. Bu proses hələ də davam etməkdədir. Belə ki, dənizaşırı ölkələrə müstəmləkə, onları basqı altında saxlamaq siyasəti yürüdülür. Məsələ burasındadır ki, artıq o, siyasətdə iflasa uğrayıb və bir çox ərazilərdən Fransanın dışlanması prosesinə şahidlik etməkdəyik. Amma rəsmi Paris Cənubi Qafqazda nökərçilik etməyə öyrəşmiş Ermənistan üzərindən bölgəyə hansısa formada yerləşmək, burada öz mövcudluğunu bərqərar etmək və region ölkələrinə təsir etmək siyasəti yürüdür ki, bu da qəbuledilməzdir. Azərbaycan müstəqil siyasət yürütməklə, öz mövqeyini dik duruşu ilə nümayiş etdirməklə Fransanın destruktiv siyasətinin qarşısında dayanıb. Bu da Fransanın siyasətinin heç bir uğurlu nəticə verməyəcəyini qabaqcadan deməyə əsas verir. Ümid edirəm ki, Makron hakimiyyətindən sonra Azərbaycan-Fransa münasibətləri yaxşılığa doğru gedəcək və nəhayət, əvvəlki müstəviyə gəlib çatmış olacaq“.