AMİP-30
arzuxan

Rusiyanın Azərbaycana yönəlik siyasətində qeyri-səmimilik, dost olmayan münasibət – ŞƏRH

Milli Məclisin deputatı Arzuxan Əlizadə isə Trend-ə açıqlamasında Azərbaycanın tarixdə yaşadığı bəzi hadisələri Rusiya ilə əlaqələndirib:

“Azı 200 il ərzində Azərbaycanın başına gələn bəlaların kökündə Rusiya amili dayanır. Rus imperiyası dönəmində Azərbaycan işğalla ikiyə bölünüb, AXC süquta uğradılıb, 70 il ərzində sovet dönəmində Azərbaycan xalqının başına bəlalər gətirilib, 20 min kvadrat-kilometr ərazimiz ermənilərə peşkəş kimi verilib. Bugünkü Zəngəzur dəhlizi problemi də sovet vaxtı həmin ərazinin orada yaşayan xalqın rəyi nəzərə alınmadan ermənilərə verilməsi, azərbaycanlıların deportasiya olunması nəticəsində yaranıb. Hədəf Azərbaycanın əsas hissəsi ilə Naxçıvan arasında quru əlaqələrinin kəsilməsi olub. Qarabağ problemi, qondarma dövlətin bu ərazilərdə özünə yer etməsi, torpaqlarımızın 30 il işğalda qalmasının kökündə də Rusiya amili dayanır. Ermənistan tək başına işğal edib nəzarətdə saxlaya bilməzdi”.

Millət vəkilinin sözlərinə görə, müstəqilliyimizi əldə etdikdən sonra çox böyük problemlərlə üzləşməyimizə baxmayaraq, iqtisadiyyatımızı yenidən qurduq, qaçqın, məcburi köçkün problemini həll etdik:

“İkinci Qarabağ savaşının dayandırılmasında da Rusiyanın “xidmət”i olub. Sülhməramlı adı altında Rusiya hərbçilərinin Qarabağda həyata keçirdiyi qeyri-qanuni fəaliyyət, ermənilərə havadarlıq etmələri, silah-sursat daşınmasında dəstək, kolonların müşhadəsi unudulmamalıdır. Azərbaycan ərazisində səngərlər qazılanda rus hərbçiləri sipər olurdular. Antiterror əməliyyatları keçirilərkən rus hərbçilərinin təxribat xarakterli addımları nəticəsində onlar həlak oldular”.

Deputat əlavə edib ki, Azərbaycan region dövlətləri ilə əməkdaşlığa hazırdır:

“Keçmişi unutmadan Rusiya ilə də münasibətlərimizin normallaşmasında maraqlıyıq. 2022-ci il fevralın 22-də Rusiya və Azərbaycan arasında strateji müttəfiqlik bəyannaməsi imzalanıb. Bu müqavilənin də bəndlərinə sadiqik, bir halda ki, qarşı tərəf də eyni münasibət sərgiləsin. Təəssüf ki, zaman-zaman bunun əksini görürük.

AZAL-a məxsus sərnişin təyyarəsi birmənalı olaraq Rusiya tərəfindən vuruldu. Rusiya tərəfi bu cinayəti etiraf etməli, günahkarları cəzalandırmalı, beynəlxalq hüquq normalarına uyğun olaraq təzminat ödəməli, Azərbaycan xalqından və dövlətindən üzr istəməlidir. Bunlar edilməsə, Rusiyanın Azərbaycana yönəlik siyasətində qeyri-səmimilik, dost olmayan münasibətin şahidi olacağıq və bununla bağlı mövqeyimizi bildirəyəcəyik”.